Media uşaq problemlərindən kənarda deyil

Aynur Camalqızı: “Uşaqlarla bağlı cəmiyyəti narahat edən problemlərin mətbuatda işıqlandırılaraq aidiyyəti qurumların diqqətinə çatdırılması hər zaman effekt verib”
Aydın Quliyev: “Uşaq mövzularının yalnız əlamətdar günlərdə qabardılması ilə razılaşmıram”


Yadigar Məmmədli: "Bu gün mətbuatda və televiziyada uşaqlarla bağlı layihələrdə bəzən uşaqların hüquqları pozulur”

(əvvəli ötən sayımızda)

Uşaqlarla bağlı problem hər zaman cəmiyyətin aktual problemlərindən olub və xüsusi diqqət tələb edib. Ancaq bəzi ekspertlər hesab edir ki, son zamanlar mətbuat uşaqların tərbiyəsi, asudə vaxtlarının təşkili ilə bağlı mövzulara toxunmur. Sanki uşaqlar ümumilikdə cəmiyyətin diqqətindən kənarda qalıb. Bu baxımdan ekspertlər mətbuatda uşaq problemlərinin işıqlandırılmasına xüsusi diqqət ayrılmasının vacibliyini vurğulayır.

Onlar hesab edir ki, uşaqların hüquqlarından yalnız hansısa əlamətdar günlərdə və ya layihələrin təqdimatı zamanı danışılmamalıdır, bu hüquqlar hər gün qorunmalıdır. Çünki uşaqlar bizim gələcəyimizdir. Biz də bu sahədə hansısa çatışmazlıqlar olub-olmadığını araşdırmaq üçün bir sıra media nümayəndələri ilə əlaqə yaradaraq uşaqlarla bağlı problemlərin mediada işıqlandırılmasının hansı səviyyədə olduğunu araşdırmağa çalışdıq.

"Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı ekspertlərin iddiasını nə təsdiq, nə də təkzib edə biləcəyini deyib: "Bildiyim bir şey var ki, Azərbaycan mediası bilərəkdən uşaqlarla bağlı problemləri diqqətdən kənarda saxlamırlar”.

A.Camalqızının sözlərinə görə, istənilən halda ekspertlərin bu narahatlığı ciddiyə alınmalı və bundan sonra media nümayəndələri uşaqların hüquqi-sosial problemləri ilə bağlı mövzulara daha çox diqqət ayırmalı və onların maarifləndirilməsi istiqamətində atılan addımlara öz töhfəsini verməlidir: "Uşaqlar bizim gələcəyimizdir. Biz öz cəmiyyətimizi qorumaq üçün hərtərəfli sağlam gənclik yetişdirməliyik. Media olaraq biz hər zaman uşaq problemlərinin həlli ilə məşğul olan, bu sahədə müəyyən layihələr həyata keçirən dövlət orqanları, vətəndaş cəmiyyətlərinin iştirakı ilə bu mövzunu diqqətdə saxlamağa hazırıq”.

Aynur xanım deyib ki, uşaqlarla bağlı cəmiyyəti narahat edən problemlərin mətbuatda işıqlandırılaraq aidiyyəti qurumların diqqətinə çatdırılması hər zaman effekt verib və bundan sonrakı mərhələdə belə olacaq: "Ümumilikdə, cəmiyyəti narahat edən sosial problemlərin mətbuatda müzakirəyə çıxarılması və işıqlandırılması həmin məsələyə aidiyyəti orqanların diqqətini yönəltmək üçün mühüm faktordur. İstənilən halda mətbuatın toxunduğu mövzu rezonans doğurur və dövlət orqanlarında, ictimai təşkilatlarda müzakirə obyektinə çevrilir. Həmin problemin həlli yolları axtarılır. Xüsusən də, müvafiq dövlət strukturları həmin problemi aradan qaldırmağa çalışırlar və bir çox hallarda da buna nail olunur. Bu baxımdan deyə bilərəm ki, medianın uşaqlar və ya cəmiyyətin digər təbəqələri ilə narahatlıq doğuran hansısa problemə toxunmasını effektiv bir hal kimi dəyərləndirirəm. Uşaqların problemləri ilə məşğul olmaq gələcəyin təməlini qoymaq deməkdir. Gələcək məfhumu isə mücərrəd bir anlayış deyil. Gələcək bugünkü uşaqlardır və biz onların problemlərinin həlli ilə nə dərəcədə məhəbbətlə, qayğı ilə məşğul olacağıqsa, gələcəyin təməli də o dərəcədə möhkəm və sağlam olacaq”.

"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə ekspertlərdən fərqli olaraq uşaq problemlərinin mətbuatda və televiziyalarda kifayət qədər işıqlandırıldığını vurğulayıb və cəmiyyətin diqqətinin bu problemlərə yönəldilməsində mətbuatın rolunu təqdirəlayiq hesab edib: "Uşaqlarla bağlı problemlərin Azərbaycan mediasının diqqətindən kənarda qalması ilə bağlı qaldırılan iddialarla qəti şəkildə razı deyiləm. Müəyyən siyasi kampaniyalar dövrü istisna olmaqla əksər dövrlərdə mətbuatda cəmiyyəti narahat edən sosial, mədəni, iqtisadi problemlərə daha çox yer ayrılır. Siyasi məsələlər isə dediyim fəal siyasi kampaniyalar nəzərə alınmasa, nisbətən arxa sıralardadır. Hansısa ekspert mətbuatı siyasi mövzulara laqeydlikdə ittiham etsəydi, müəyyən mənada onunla razılaşmaq olardı. Amma müşahidələrimə əsasən deyə bilərəm ki, uşaqlarla bağlı problemlərin həlli, onların hüquqlarının qorunması, maarifləndirilməsi ilə bağlı yazılara mütəmadi olaraq, mətbuatda rast gəlmək olur. Heç bir halda uşaq mövzularının yalnız əlamətdar günlərdə qabardılması ilə razılaşmıram”.

A.Quliyevin sözlərinə görə, Azərbaycanda gedən inkişafın əsas göstəricilərindən biri də cəmiyyətin strateji maraqları çərçivəsində öz həllini tapan məsələlərə qabaqcıl, maarifləndirici münasibətdir. Bu da özünü uşaqların problemləri ilə bağlı məsələlərin həllində daha çox göstərir: "Uşaqlar arasında narkomaniyanın yayılması, onlar arasında mövsümi xəstəliklərin yayılmasına qarşı mübarizə mətbuatın daimi mövzuları arasındadır. Həmçinin uşaqların yaşam şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən infrastruktur tədbirləri, uşaq bağçalarının, onlar üçün əyləncə mərkəzlərinin tikilməsi hər zaman medianın diqqətində olan məsələlərdəndir. Bu kontekstdə mediamızın dövlətin strateji maraqlarına cavab verən mövqedə olduğunun tərəfdarıyam”.

Baş redaktorun sözlərinə görə, bu gün uşaqların mütəmadi olaraq peyvəndlənməsi və bu prosesdə bizi narahat edən xəstəliklərin aşkar olunaraq onlara qarşı mübarizə tədbirlərinin görülməsi vaxtı ilə mətbuatın bu sahəyə diqqət ayırmasının göstəricisidir: "Məhz mətbuatın yol-hərəkəti qaydaları barəsində apardığı maarifləndirmənin nəticəsidir ki, bu gün uşaqların iştirakı ilə baş verən qəzaların sayı məhdud saydadır. Son illərdə uşaqların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı ötən illərlə müqayisədə azalıb. Hesab edirəm ki, bu, medianın sözügedən sahədə apardığı təbliğatın, toxunduğu problemlərin nəticəsidir. Çünki Azərbaycan mətbuatı zaman-zaman bu məsələni ağrılı problem olaraq qaldırıb və aidiyyəti qurumların diqqətini bu məsələyə yönəldib”.

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli isə hesab edir ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi üçün görüləsi işlər çoxdur. Bu gün mətbuatda və televiziyada uşaqlarla bağlı layihələrdə bəzən uşaqların hüquqları pozulur. Yəni uşağın başına nə gəlirsə açıq-aşkar efirdə göstərilir və bununla da həmin uşaq ağır zərbələr alır. Bu problemlərin aradan qaldırılması üçün də lazımi işlər görülməlidir: "Əslində uşaq problemləri çox geniş anlayışdır və bunu konkretləşdirmək lazımdır. Amma məsələyə ümumi yanaşsaq deyə bilərəm ki, uşaqlar sözün həqiqi mənasında xüsusi statusa malik zümrədir. Uşaqlar bizim gələcəyimiz olduğu üçün hər zaman böyük diqqət və qayğı ilə əhatə olunmalıdır. Uşaqlarla bağlı olan məsələlər bütün dünyada hökumət qarşısında prioritet məsələ kimi qoyulur. Uşaqlar cəmiyyətin xüsusi zümrəsi olduğu üçün onlar üçün ayrıca konvensiyalar da qəbul olunub. Amma təəssüflə vurğulamalıyam ki, bir sıra hallarda Azərbaycanda uşaqlarla bağlı qəbul olunmuş beynəlxalq standartlara əməl olunmur. Bizim media Uşaq Konvensiyasından irəli gələn tələblərə riayət etmir, həmçinin uşaqlar üçün izləməsi qadağan olan proqramların, yazıların yayımlanmasına da diqqət yönəldilmir”.

Y.Məmmədlinin sözlərinə görə, uşaqlarla bağlı problemlərin həllinə, onların hüquqlarının qorunması prosesində media ilə cəmiyyət birlikdə çalışmalıdır: "Cəmiyyət, məktəb, ictimai təşkilatlar, aidiyyəti qurumlar tərəfindən uşaqların hüquqlarının qorunması ilə bağlı xüsusi layihələr həyata keçirilməli və media da öz missiyasından çıxış edərək həmin tədbirləri işıqlandırmalıdır. Amma bütövlükdə götürdükdə deməzdim ki, uşaqlar mətbuatın diqqətindən kənarda qalıb. Amma bu sahədə müəyyən boşluqların olduğunu da inkar etmirəm. Bu bir reallıqdır”.

"Gündəlik teleqraf” qəzetinin əməkdaşı, jurnalist Naibə Qurbanova isə deyib ki, uşaq mövzusuna cəmiyyət olaraq münasibətimiz məqbul deyil: "Müqayisə etmək istəməzdim, amma Rusiyada uşağa məhəbbət daha yüksəkdir. Cəmiyyətdən, uşaq bağçasından tutmuş, səhiyyə müəssisələrinədək bunu görmək olar. Yəni dövlət özü sağlam gələcəyinin olmasında maraqlıdır. Adi bir misal deyim: Dubayda hətta autizm xəstəliyinin növündən asılı olaraq uşaqlar ayrı-ayrılıqda müalicə olunur. Bizdə isə gündən-günə çoxalan uşaq mərkəzlərinin, tibb müəssisələrinin fonunda bu və digər oxşar problemlər havada qalıb. Bu qədər uşaq psixologiya mərkəzləri açılmasına rəğmən uşaqlarla bağlı problemlər çoxdur. Səbəb isə qurumların sırf biznes maraqlarından irəli gələrək yaradılması, kadr potensialının isə minimum olmasıdır. Son illər uşaqlarla bağlı əsas problemlərdən biri də doğulan uşaqların əksəriyyətinin nevroloji olmasıdır. Təkcə ötən il 0-13 yaşlı uşaqlar sinir sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayı 36 min 249 nəfər olub. Qeyri-rəsmi hesablamalara görə isə onların sayı bundan çoxdur, media isə ancaq bu statistikanı açıqlamaqla kifayətlənir. Yuxarıda sadaladığımız səbəblərə isə vaxt ayıran yoxdur. Uşaqlar ancaq 1 İyun Müdafiə günündə yada düşür. Uşağa və uşaq problemlərinə o zaman mediada geniş yer veriləcək ki, cəmiyyətin uşağa münasibəti dəyişəcək. Yəni dövlət özü sağlam gələcəyinin olmasında maraqlı olacaq. Bizdə də dövlətin balansında olan uşaq poliklinikaları, uşaq bağçaları var, amma ödənişsiz kimsə o xidmətlərdən yararlana bilərmi? Media bunu nə qədər qabartsa belə, vəziyyət dəyişmir”. N.Qurbanovanın sözlərinə görə, son zamanlar uşaq mövzusu ancaq faciədən-faciəyə yada düşür: "Mövzunu gündəmə gətirmək aidiyyəti qurumların işidir. Yəni istəməsək belə, adətən müsabiqələr yoluyla hər hansı mövzu aktual olur. Ona görə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, qeyri-hökumət təşkilatlarının və digər aidiyyəti qurumların bu mövzuda heç olmasa, ildə bir dəfə müsabiqə keçirməyi məqsədəuyğun olardı. Bu, jurnalistlərin əlavə qazancı üçün deyil, həm də uşaqların problemlərinə vaxt ayırmaq məqsədilə edilməlidir. Arxivə baxsanız görərsiz ki, 2009-cu il "Uşaq ili” olduğu üçün həmin il sosial sahədə bu mövzu aktual idi. Yenidən oxşar addım atmaqla mövzunu gündəmə gətirmək olar. Çünki həqiqətən də uşaq mövzusu mediada ögey mövzular sırasındadır”.

Şəymən