Ağ maşınlar Qarabağda: Həmsədrlərin məqsədi müharibənin qarşısını almaqdır

Mnitorinqlər yalnız erməniləri qorumağa yönəlik bir addımdır



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq növbəti dəfə noyabrın 5-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Piter Svedberq keçirəcəklər.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri vaxtaşırı olaraq təmas xəttində monitorinqlər keçirirlər. Hətta həmsədrlərin sözügedən ərazidə keçirdikləri monitorinqin üstündən heç bir həftə də keçməyib. Ümumilikdə isə indiyədək keçirilən monitorinqlərin heç bir nəticəsi yoxdur. Ermənilər atəşkəsi pozmaqda, Azərbaycan tərəfi düşmənə cavab verməkdədir. Belə olan halda bu monitorinqlərin keçirilməsinin hansı əhəmiyyəti var?

ATƏT-in təmas xəttində keçirilən monitorinqlərini dəyərləndirən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ATƏT-in Minsk qrupunun baş aldatmaq üçün oyuncaq olduğunu və növbəti monitorinqin də digərlərindən heç nə ilə fərqlənməyəcəyini deyib. Millət vəkilinin sözlərinə görə, cəbhə xəttində monitorinq keçirmək Minsk Qrupu həmsədrlərinin proqram üzrə işlərinin bir hissəsidir ki, onu icra edib öz ağalarına hesabat verirlər ki, "getdik, baxdıq, gəldik”: "Mən bu monitorinqləri ciddi qəbul etmir, nəticəsiz və mənasız bir iş hesab edirəm”.

Keçirilən monitorinqlərin heç bir halda Azərbaycanın maraqlarına xidmət etmədiyini önə çəkən N.Miriyə görə, bu proses yalnız erməniləri qorumağa yönəlik bir addımdır. Yəni monitorinqlər danışıqlar prosesinin aktiv hərbi fazaya keçməsinin qarşısını almaq üçün düşünülüb: "Bu, bir növ status-kvonu qorumağa xidmət edir. Avropada konkret adamlar on illər boyu yüksək maaşlar, gözəl otellər və xoş münasibətlə əhatə olunublar. Nəyə görə bunun bitməsini istəsinlər ki?”.

Politoloqun qənaətincə, prosesin BMT-nin mandatı ilə ATƏT-in Minsk Qrupuna həvalə olunması çözümsüzlük üçün düşünülüb: "İki biri-birinə zidd olan prinsipi uyğunlaşdırmaq yalnız sehrbazların işidir. Bu gün isə dünya gücləri güc tətbiq olunmadan bu prinsiplər əsasında problemin çözülməsini tələb edirlər. Bu, gedər-gəlməz labirintdir. Məqsəd Azərbaycanı yorub, faktla, hazırkı status-kvo ilə razılaşmasına təhrik etməkdir.

Çünki ortada bir işğal faktı var və beynəlxalq hüquq da sözünü deməlidir. Ermənistana işğal etdiyi ərazidən çəkilməsi üçün təzyiq etməlidirlər. ATƏT-də isə bu cür mexanizmlər yoxdur və hər şey konsensusla qəbul olunur. Yəni, hər hansı bir ölkənin, eyni zamanda işğalçı Ermənistanın qəbul etmədiyi bir qərarın qəbul olunma imkanı yoxdur. Bu isə o deməkdir ki, ATƏT-in Minsk Qrupu baş aldatmaq üçün oyuncaqdır. Əks təqdirdə, nədən BMT TŞ-nin 4 qətnaməsi icra olunmamış vəziyyətdə qala-qala, problemi heç bir təzyiq mexanizmi olmayan bir quruma həvalə edirlər.

Başqa tərəfdən, problemin regional səviyyədən çıxıb, qlobal səviyyəyə çıxmasıdır. Burada isə qlobal güclərin regionda maraqları uzlaşmalıdır. Belə bir uzlaşma da ortada yoxdur. Ona görə hesab edirəm ki, gec-tez söz əsgərlərimizindir. Başqa cür prosesə dinamika gəlməyəcək”.

Sabiq MTN zabiti, politoloq Arzu Nağıyev də deyib ki, mütəmadi olaraq, ATƏT-in missiyasının qoşunların təmas xəttində və Azərbaycanın Ermənistanla həmsərhəd ərazilərində monitorinqlər keçirməsinə rəğmən ümumi vəziyyət dəyişmir: "Demək olar ki, hər gün mülki əhali arasında da hər iki tərəfdən itkilərlə müşahidə olunan atəşkəs pozuntusu baş verir. Belə bir vəziyyətdə sual yaranır ki, təmas xəttində əgər bu qədər hadisələr baş verirsə, monitorinq niyə planlaşdırılır və bunun xeyri nədir? Təbii ki, ümumi vəziyyəti bilmək üçün monitorinq lazımdır. Amma hər monitorinqdən sonra itkilər haqqında məlumatlar verilirsə, bunun doğrudan da bir xeyri yoxdur. Təsəvvür edin, bir tərəfdə monitorinq keçirilir, digər tərəfdə atəşkəs pozulur, hətta monitorinq gedə-gedə həmsədrlərin özləri də ermənilər tərəfindən atəşə tutulur. Bir vaxtlar snayperlərin geri çəkilməsi ilə bağlı ATƏT-in Minsk Qrupu qərarla çıxış etdi və buna görə monitorinq apardı, lakin hər zamankı kimi bu missiya da baş tutmadı. Hesab edirəm ki, monitorinq konkret bir məsələnin həlli üçün keçirilsə, daha məqsədəuyğun olardı. Baş verən hər bir atəşkəs pozuntusu və ya canlı itkinin beynəlxalq istintaqına və ya araşdırmasına nəzarət etmək missiyasını yerinə yetirə bilər və cavabdehi beynəlxalq normalarla cəzalandıra bilərdi. Yəni hər bir konkret hadisə üçün cavabdeh olanı tapmaq və hadisələrin araşdırılması mexanizmləri işlənərdi. Ancaq təəssüflər olsun ki, hazırda bunların heç biri baş vermir...”

Şəymən