2015-ci il parlament seçkilərində ilk dəfə mandat qazanaraq, Milli Məclis üzvü olmağa nail olan millət vəkillərindən biri "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğludur. Ölkəmizdə keçirilən seçki prosesini yüksək dəyərləndirən millət vəkili təəssüratlarını "Şərq”lə bölüşüb:
- Milli Məclis hüquqi bazanı yazan orqan olduğu üçün parlament seçkilərinin keçirilməsi, parlamentin tərkibinin formalaşması hər bir cəmiyyətdə əlahiddə hadisə hesab olunur. Milli Məclisə keçirilən beşinci çağırış seçkiləri Azərbaycan demokratiyasının yeni inkişaf mərhələsi kimi tarixə düşdü. Seçkilərdə Azərbaycan seçicisi bir daha demokratiyaya sadiq olduğunu göstərməklə, həm də çox böyük siyasi mədəniyyət nümayiş etdirmiş oldu. Seçicilərin fəal iştirakı ilə baş tutan bu seçkilər kifayət qədər cəlbedici və şəffaf idi. Seçkidə Azərbaycan xalqı bir daha öz milli demokratiyasını, öz siyasi mədəniyyətini dünyaya nümayiş etdirmək üçün fürsət qazanmışdı və o sübut etdi ki, bu ölkədə seçicilər siyasi cəhətdən kifayət qədər aktivdirlər, onlar öz səslərini kimə verəcəklərini bilirlər və qurduqları dövlətə sahib çıxmağı bacarırlar. Hər bir seçici siyasi yetkinlik nümayiş etdirməyi bacardı və bir daha öz iradəsi ilə yeni parlament formalaşdıra bilmək potensialını ortaya qoymuş oldu. Hesab edirəm ki, bu, milli demokratiyamızın inkişafı, seçicilərimizin siyasi mədəniyyətinin səviyyəsi və keyfiyyəti baxımından olduqca vacib bir addım idi. Yeni formalaşan tərkib parlamentdə Azərbaycanın milli və dövlət maraqlarının müdafiəsi istiqamətində effektiv fəaliyyət göstərəcək keyfiyyətlərə sahibdir. Seçkilərdə iştirak edən milli və beynəlxalq müşahidəçilər də məhz seçkilərin şəffaf keçirildiyini etiraf edib, təsdiqlədilər. Bu nöqteyi-nəzərdən parlament seçkilərinin milli demokratiyanın təntənəsi kimi yadda qaldığını düşünürəm.
- Seçki prosesinin şəffaf keçirildiyini etiraf edən beynəlxalq müşahidəçilərdən bəzisi Azərbaycanda keçirilən seçkilərin onlar üçün örnək olduğunu bəyan etdilər. Sizcə, burada hansı nüanslardan söhbət gedir?
- Seçki özlüyündə daim təkmilləşən bir prosesdir. Burada başlıca faktor siyasi mədəniyyət və vətəndaş aktivliyidir. Elə xarici ekspertlərin də müşahidə zamanı nəzər-diqqətini cəlb edən bu məsələ olub. Azərbaycan cəmiyyəti kifayət qədər savadlıdır və çağdaş dövlətimizin hüquq sistemini tam şəkildə mənimsəmiş bir cəmiyyətdir. Azərbaycanda mövcud olan intellektual cəmiyyət dərk edir ki, onun səsi millətin siyasi iradəsi olaraq ölkə qanunvericiliyinin formalaşmasında mühüm rol oynayır. Seçmək və seçilmək demokratiyanın da ən ümdə göstəricilərindən biridir. Xarici müşahidəçilər də məhz bu nöqteyi-nəzərdən Azərbaycanda keçirilən parlament seçkilərinin bir çox ölkələr üçün örnək olduğu qənaətinə gəliblər.
- Bəs, ATƏT-in Demokratik Təsisatlar və İnsan hüquqları Bürosunun ölkəmizdə keçirilən seçkiləri izləmək üçün müşahidəçi göndərməməsi prosesin legitimliyinə mənfi təsir göstərəcəkmi?
- ATƏT-in Demokratik Təsisatlar və İnsan hüquqları Bürosunun Azərbaycanda keçirilən parlament seçkilərində müşahidəçi qismində iştirak etməməsi Azərbaycan demokratiyasından heç nə azaltmır. O cümlədən də Azərbaycan xalqının siyasi iradəsinin realizə olunmasına mənfi təsir göstərir. Əksinə, Azərbaycan dövləti ilə əməkdaşlıqda üzərinə öhdəlik götürən ATƏT-in özünü nüfuzdan salır. Biz bilirik ki, bir sıra beynəlxalq təşkilatlar əsas missiyalarını həyata keçirməkdən daha çox ayrı-ayrı imperialist qüvvələrin maraqlarına xidmət edirlər. Bu zaman da qlobal dəyərlər gözdən düşür. Faktiki olaraq ATƏT-in müvafiq Bürosu bu addımı atmaqla özünün elan etdiyi prinsiplərdən geri çəkilmiş oldu. Qlobal dəyərlər kimi bütün dünyaya təbliğ etdiyi demokratiyadan, insan haqlarından imtina etmiş oldu. Amma biz bundan heç nə itirmədik. Seçkiyə ümumi yanaşma pozitiv oldu. Azərbaycanın xoşbəxtliyi ondadır ki, cəmiyyətimiz artıq belə qurumların nə istədiyini, nəyə xidmət etdiyini bilir. Azərbaycan cəmiyyəti başa düşür ki, belə təşkilatların istəyi heç də demokratiyanın inkişafı, seçicinin qayğısına qalmaq deyil. O təşkilatlar demokratiya, insan hüquqları, söz, seçki azadlığı ilə manipulyasiya edən imperialist mərkəzlərin tör-töküntüləridirlər. Ona görə də bu gün onların neqativliyə söykənən rəyləri Azərbaycan seçicisini maraqlandırmır. Əsas odur ki, Azərbaycan bu illər ərzində öz milli demokratiyasını formalaşdıra bilib və bu, kifayət qədər nümunəvi bir demokratiyadır.
- Milli Məclisin tərkibini necə dəyərləndirirsiniz? Parlamentdə ilk dəfə mandat qazanan deputatlarla münasibətiniz varmı?
- Hesab edirəm ki, çox optimal və təcrübəli üzvlər seçildi. Yeni tərkib qanunvericiliyin daha da təkmilləşdirilməsində öz sözünü deyəcək. Çünki əgər seçilən parlament üzvlərinin təcrümeyi-hallarına nəzər yetirsək, orada kifayət qədər təcrübəli, savadlı, intellektual, Azərbaycan cəmiyyətinin ictimai-siyasi tərəqqisini çiyinlərində daşıya biləcək şəxsləri görəcəyik. Hesab edirəm ki, bu seçkilərdə çox uğurlu bir parlamenti formalaşdırdıq. Bu günə qədər daimi olaraq, parlamentin fəaliyyətini izləmişik və yaxşı bilirik ki, cəmiyyətimizin inkişafını, demokratiyanın, söz və mətbuat azadlığının, insan hüquqlarının bərqərar olmasında parlamentarilərimizin müstəsna xidmətləri olub.
- Milli Məclisə keçirilən seçkilərdə ilk dəfə iştirak edən və qalib olan bir siyasətçi olaraq seçkilərdə iştirak qərarınız bizim üçün maraqlıdır. Öz təşəbbüsünüzlə namizədliyinizi verdiniz, yoxsa...
- Yeni Azərbaycan Partiyasının üzvüyəm və namizədliyim də partiyamız tərəfindən irəli sürülüb. Mənə göstərilən bu etimada görə bir daha partiya rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Məhz partiyamızın göstərmiş olduğu böyük dəstək sayəsində mən Milli Məclisə üzv seçildim. Mən də bundan sonrakı fəaliyyətimdə partiyanın və seçicilərin mənə göstərdiyi etimada layiq olmağa çalışacam.
- Millət vəkili kimi növbəti 5 il üçün planlarınız necədir? Müzakirələr zamanı hansı problemlərin həlli sizin üçün prioritet olacaq?
- İndiki şəraitdə milli dövlətlərin öz müstəqilliyini qoruması müşkül bir məsələyə çevrilib. Çünki beynəlxalq münasibətlərdə diktə edən bir tərəf formalaşıb. Həmin güclər qlobal dəyərlərlə manipulyasiya etməklə milli dövlətlərə təzyiq edir, onların resurslarını mənimsəyirlər. Buna qarşı duruş gətirmək və milli maraqları qorumaq isə çox çətin məsələdir. Mən də bundan sonrakı fəaliyyətimdə bir parlament üzvü olaraq, ilk növbədə öz fəaliyyətimi milli və dövlət maraqlarını önə çəkmək və onu qorumaq istiqamətində quracam. Eyni zamanda, ölkəmizin sosial dövlət fəlsəfəsindən irəli gələn və xalqımızın rifahına xidmət edəcək qanunların qəbuluna çalışacağam.
- Seçki prosesində rəqiblərinizlə aranızda hansısa narazılıq yaşandımı?
- Hər hansı bir məntəqədə və dairədə müxtəlif narazılıqların olması normal haldır. Çünki insanlar fərqli düşünə, proseslərə fərqli yanaşa bilirlər. Amma əsas məsələ odur ki, ölkəmizdə keçirilən parlament seçkilərində ciddi qanun pozuntusuna yol verilməyib və heç bir dairədə ciddi qarşıdurma müşahidə olunmayıb. Konkret olaraq, seçildiyim dairədən namizədliyini irəli sürən insanlarla münasibətimə gəldikdə isə bizim aramızda heç bir konflikt olmayıb. Hər bir namizəd öz imkanları daxilində təbliğat-təşviqat kampaniyasını apardı.
- Rəqibləriniz arasında sizi təbrik edən oldumu?
- Prosesin əvvəlində rəqiblərim arasında mənim xeyrimə namizədliyini geri götürənlər də, təbliğat-təşviqat kampaniyası dövründə mənimlə xoş münasibət quranlar və nəhayət, seçkidən sonra məni təbrik edənlər oldu. Bu isə birmənalı olaraq siyasi mədəniyyətin bir göstəricisidir.
Şəymən