Bağlanan bankların sayı artır. Mərkəzi Bankın III rübün nəticələrinə həsr olunan statistik göstəricilər bülleteninə görə, hesabat dövründə ləğvetmə prosesində olan bankların sayı 7-yə çatıb. Halbuki, II rübdə bu say 5 idi.
Təbii ki, burada vətəndaşları maraqlandıran kredit borcları və banklardakı pullarının - depozitlərinin taleyidir. Manatın məlum devalvasiyasından sonra kredit verənlə kredit götürən arasında yaşanan gərginlik hələ də həllini tapmayıb. Hazırda banklar riskə getmir və vətəndaşlara böyük həcmli kreditlər verməkdən imtina edir. Kreditin həcmi faktiki 1000 manatdan yuxarı olmur. Banklar sığortalanmağı üstün tutur və yüksək məbləğli kredit verməkdən çəkinir. Bəs, bağlanan banklarla bu vaxtadək kredit sövdələşməsi mövcud olan vətəndaşların problemi necə həll ediləcək?
İqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında bank sektorunda böhranın davam etdiyini dedi:
- Bankların bağlanmasının əsas səbəbi məlum devalvasiyadan sonra bankların hələ də özlərinə gələ bilməməsidir. Buna qədər, banklar xarici bazarlardan ucuz valyuta ehtiyatları - dollar, avro əldə edir və onu yüksək faizlə vətəndaşlara kredit olaraq verirdilər. Hətta kredit faizləri 30-a çatmışdı. Getdikcə kreditlərin qiyməti də artdı və faizlər yüksəlib 35-ə çatdı. Həmin problem bu gün də davam edir. Qaydalara əsasən kredit borcu olan və depoziti olan vətəndaşların işləri ilə ləğvetmə komissiyası məşğul olacaq. Depozitlər sığortalıdırsa, Dövlət Sığorta Fondu tərəfindən vətəndaşa qaytarılmalıdır. Hazırda DSF-də təxminən 110 milyard manat toplanıb. Yəni, DSF depozitləri qaytara bilər. Təbii ki, devalvasiya prosesi davamlı olmamalıdır. Əks halda, depozitlərin qaytarılmasında da ciddi problemlər yarana bilər. Kredit borcu olanlarla isə kreditlərin geri dönüşü ilə bağlı yeni müqavilələr bağlanacaq və bununla da kreditlərin geri dönüşü təmin ediləcək. Depozitlərlə bağlı problem, böyük ehtimalla yaşanmayacaq. Problem kredit borcu olanlarla bağlı yarana bilər. Burada qarmaqarışıq vəziyyət yaranacağı ehtimalı var. Çünki bankla vətəndaş arasında imzalanan müqavilələrdə adətən vətəndaşların üzərinə öhdəlik qoyulur. Banklar demək olar ki, heç bir öhdəlik daşımırlar. Qanunda da belədir ki, iki tərəfin razılığı ilə tərtib edilmiş müqavilə imzalandığı gündən qüvvəyə minir. Vətəndaşlarımız da hüquqi savada malik olmadıqlarından adətən bu səpkili müqavilələri "gözübağlı” imzalayırlar. Bəlkə müqavilə şərtlərini öyrənməyə cəhd edənlər olur, lakin banklar müqavilə mətnini elə uzun-uzadı, anlaşılmaz cümlələrlə "bəzəyirlər” ki, vətəndaş oxusa da, heç nə başa düşmür və kredit əldə etmək naminə müqaviləni imzalayır. Amma sonra məlum olur ki, bu müqavilədə yalnız vətəndaş öhdəlik götürüb və müqavilə şərtlərinə əməl etməyə məsuliyyət daşıyır, bank isə heç nədə məsul deyil. Vətəndaşların əksəriyyəti məhz belə vəziyyətdə külli miqdarda borclu halına düşür və kredit borclarını da ödəyib qurtara bilmirlər. Amma bir hal da müşahidə olundu ki, devalvasiya hadisəsindən sonra vətəndaşların iqtisadi maariflənməyə meyilləri artdı. Bəzi məsələlərdə məlumatlarını genişləndirdilər. Məsələn, artıq əhali əmanətlərini xarici valyuta ilə saxlamağa üstünlük verir. Əmanətlərin 74 faizi xarici valyuta ilədir. Əhali özünü sığortalayır, artıq. Bununla belə, yenə də mən məsləhət görürəm ki, vətəndaşlarımız banklarla iş birliyinə getdikdə, mütləq hüquqşünas yardımından istifadə etsinlər. Hüquqşünasın rəyini soruşsunlar, məsləhət alsınlar ki, çarəsiz duruma düşməsinlər.
N.Cəfərli bildirdi ki, hazırda 2 milyon 400 min vətəndaşımızın banklara kredit borcu var. Kreditlərin məbləği isə hardasa 9 milyarddır.
Məlahət Rzayeva