Natiq Kərimov: “Nardaran kəndində dini bayraqları kimsə yığışdıra bilməz”
Sərdar Cəlaloğlu: “İslam dininin xüsusi qəbul edilmiş bir bayrağı yoxdur. Ayrı-ayrı xilafət dövlətləri vaxtında müxtəlif rəngli bayraqlar meydana çıxıb”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə və yürüşlərdə hər hansı dini bayraqlardan istifadə olunmasını tənqid edib və bunun qarşısının alınacağını söyləyib. Komitə sədri mətbuata müsahibəsində deyib ki, Aşura günlərində bəzi qüvvələr insanların dini inancından sui-istifadə etməyə, din adı altında pərdələnərək, öz məqsədlərini həyata keçirməyə cəhd edirlər:
"Məscidlərdə hər hansı dini bayraqlardan istifadəni məqbul saymırıq. Bunlarla bağlı müəyyən profilaktik tədbirlər görülüb və görüləcək”. Dini komitə sədrinin iradları bəzi dini kəsimlər tərəfindən birmənalı qarşılanmayıb. Məsələn, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib ki, Dini Komitənin yaranma səbəbi dindarlarla hökumət arasında əlaqə yaratmaqdır. Lakin həmin qurum bu missiyanı uğurla yerinə yetirmir və səlahiyyətində olmayan məsələlərə qarışır: "Nardaran kəndində dini bayraqları kimsə yığışdıra bilməz. Məscidlərin damından, evlərin qarşısından, hətta küçələrdən də bu bayraqlar götürülməyəcək. Biz İmam Hüseynin bayrağı ilə yanaşı, Azərbaycanın dövlət bayrağını da vurmuşuq. Belə yürüşlərin qarşısını bir neçə il öncə almaq istəsələr də, baş tutmadı. Ona görə də vaxt itirməsinlər”. Ekspertlərin məsələyə münasibəti də fərqli olub.
Tanınmış siyasətçi olmaqla yanaşı, son dövrlər dini araşdırmaları ilə də gündəmə gələn ADP sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, islamın müqəddəs kitabı olan Quranda dini bayraqla bağlı heç bir aydın və ya üstüörtülü ifadə yoxdur: "Əgər olsaydı, biz də hər dinin öz bayrağı olduğunu qəbul edərdik. Digər dini kitablarda, "Tövrat”da, "İncil”də və "Zəbur”da da dini bayraq anlayışına rast gəlinmir. Yəni islam dininin xüsusi qəbul edilmiş bir bayrağı yoxdur. Ayrı-ayrı xilafət dövlətləri vaxtında müxtəlif rəngli bayraqlar meydana çıxıb. Məsələn, Əməvilər xilafəti zamanı dövlətin bayrağı yaşıl rəngdə, Abbasilər dövründə isə qara rəngdə olub. Ona görə indiki müsəlmanlar yaşıl və qara bayraqlardan istifadə edirlər. Xilafətin mərkəzi türk dövlətinə, yəni Osmanlıya daşındıqdan sonra isə bayraq qırmızı rəngdə olub. Çünki türk dövlətinin özünün əvvəlki bayrağı qırmızı idi. Yenə deyirəm, bunların hamısı dinin yox, dövlətlərin bayraqları sayılır. Dinin bayrağı olmur. Məhərrəmlikdə qara bayraqlardan istifadə daha çox matəm əlaməti sayılır. Yaşıl bayraq isə Peyğəmbərə istinadən daşınır. Amma hədislərdən də görürük ki, o vaxt Peyğəmbərimizin bayrağı, atributları və geyimləri fərqli rənglərdə olub”.
S.Cəlaloğlu deyib ki, indi yürüşlərdə istifadə olunan, məscidlərdə asılan bayraqlar islam bayrağı yox, hansısa islam dövlətinin simgələri, nişanələridir: "Azərbaycan müstəqil dövlətdir, hansısa xilafətin tərkibində deyil. Ona görə də ölkəmizdə bu cür bayraqların dalğalanması məntiqsizdir və düzgün deyil. Mübariz Qurbanlı da məsələyə bu baxımdan iradını bildirir və haqlı olaraq siyasi cəhətdən düzgün olmadığını söyləyir. Həmin bayraqları İranda qaldıra bilərlər, çünki İran islam dövlətidir. Amma buna baxmayaraq, İran da özünə üç rəngli dünyəvi bayraq təsis edib”.
İlahiyyatçı-alim Hacı Atif İsmayılov isə deyib ki, Məhərrəm ayı İmam Hüseyn əleyhissəlama məxsus bir ay olduğu üçün həmin mərasimlər zamanı üzərinə "Ya Hüseyn, Ya Əbəlfəzl, Ya Şəhid” ifadələri yazılmış qara bayraqlardan istifadə olunur: "Bütün bunlar sırf matəmə aid şüarlardır. Məsələn, həmin bayraqların üzərində əhli beyti, imamları, Peyğəmbəri xatırladan dini ifadələr, nişanlar varsa, deməli, bayraqlar matəm xarakterlidir və uyğunsuz deyil. Dünyanın hər yerində belə şeylər istifadə edilir və heç vaxt da qadağan olunmur. Allah və Peyğəmbərin, imamların adını daşıyan bayraqlara qadağa qoymaq heç də münasib deyil. Amma təəssüflər olsun ki, bir qrup insanlar bu həddən, çərçivədən kənara çıxırlar. Hətta bəzən özlərindən fərqli şüarlar qondarır, parçalar üzərində matəmdən kənar yazılar, şüarlar həkk edirlər. Lakin bunlar mərasimə aid atributlar sayılmır. Ona görə də yolverilməzdir”. İlahiyyatçı bildirib ki, həmin bayraqlar təkcə Məhərrəmlikdə deyil, bir çox hallarda istifadə olunur: "Əgər İmam Hüseynin şəhadət günü qara bayraqlar daşınırsa, imamın doğum günü fərəhli qırmızı bayraqlar asılır”.
İsmayıl