Hacı Atif İsmayılov: “Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcümə etdiyi “Quran”da lüğət baxımından problem yoxdur, amma məna baxımından müəyyən qüsurlar ola bilər”
"Akademiklər Vasim Məmmədəliyev və Ziya Bünyadovun "Quran” tərcüməsində xətalar var”. Bunu ilahiyyatçı-alim Elşad Miri iddia edib. E.Miri bildirib ki, alimlər "Bəqərə” surəsini şərh edərkən göstəriblər ki, macar islamşünası Qoldsenin mülahizələrinə görə, bu surədə Darvinizmin əlamətləri var:
"İndi buna düz demək olarmı?! Halbuki, "Qurani-Kərim”də Darvinizm məsələsi yoxdur. Məgər VII əsrdə Darvinizm var idi?!”. İlahiyyatçı deyib ki, tərcümədə başqa yerlərdə də ciddi səhvlər var: "Məsələn, ayələrin biri belə tərcümə olunur ki, Allah istədiyini doğru yola yönəldər, istədiyini isə azdırar. Mən bu ayəni, ümumiyyətlə, "Quran”ı bu cür tərcümələrdə oxuyub ateist olan insanlar tanıyıram. İnsanlar deyir ki, Allah istədiyini yolundan döndərəcəksə, mən niyə ibadət etməliyəm?! Deyir, mən illərlə namaz qılacam, ibadət edəcəm və sonda Allah məni yolumdan döndərəcək? Əslində isə "Allah istədiyini” yox, "Allah istəyəni” tərcümə olunmalıdır. Ərəb dilində bu belədir. Mən araşdırıram, lüğətlərə baxıram və görürəm ki, "Quran” düzgün tərcümə olunmayıb. Bəs niyə düzgün tərcümə olunmur? Çünki tərcümə edənlərin əksəriyyətinin işi özlərindən əvvəlki tərcümələrə baxmaq və onun əsasında nəsə yazmaqdır”. E.Mirinin sözlərinə görə, Vasim Məmmədəliyev ərəb dilçisidir, ilahiyyatçı, din elmləri üzrə mütəxəssis deyil: "Mən Vasim Məmmədəliyevin yanına getdim. Mənə dedi ki, "sən heç yaxşı oxuyan tələbə olmamısan”. Mənim isə cavabım belə oldu: "Əksinə, birinci yerə çıxdığıma görə, mənimlə şəkil də çəkdirmisiniz”.
Elşad Mirinin iddiasını dəyərləndirən digər ilahiyyatçı-alim Hacı Atif İsmayılov deyib ki, Ziya Bünyadov və Vasim Məmmədəliyevin ərəb dilindən Azərbaycan dilinə çevirdiyi "Quran” lüğət baxımından, yəni hərfi mənada çox gözəl tərcümə olunub. Ancaq bildirilən irad tərcümə ilə yox, sırf təfsirlə bağlı məsələdir: "Təfsir izah, şərh deməkdir. Bir çox alimlərin "Qurani-Kərim” tərcüməsindən başqa ilahi kitabın təfsiri ilə bağlı 20-30 cildlik əsərləri də mövcuddur. Tərcümələr sadə insanlar üçün aydın olmadığına görə, alimlər təfsirlər yazaraq Quranı insanların anlaya bildiyi şəkildə izah etməyə çalışıblar. Məlumdur ki, "Qurani-Kərim” indiyə kimi bir çox dillərə tərcümə edilib. Amma söhbət ondan gedir ki, heç bir tərcümə ilahi kəlamları tam anlamı ilə aça, izah edə bilmir. Ona görə də məna etibarı ilə həmin tərcümələrin əlavə izahına ehtiyac duyulur. Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcümə etdiyi "Quran”da lüğət baxımından problem yoxdur, amma məna baxımından müəyyən qüsurlar ola bilər. Təfsir məsələsi isə adi insanlar üçün deyil. Bu işlə alimlər məşğul olmalıdır”. H.A.İsmayılov məsləkdaşının yanaşmasını doğru qəbul etməyib: "İlahiyyatçı qardaş (Elşad Mirini nəzərdə tutur) öz biliyinə əsasən təfsirdəki mənanı bildiyinə görə, tərcüməyə irad tutur. Amma bu, düzgün yanaşma deyil. Tərcümələri şübhə altına almaq doğru olmaz. Qoy, insanlar ən azından həmin tərcüməni oxusunlar. Amma tərcüməni oxuyandan sonra "mən Quranı bilirəm” iddiasında olmasınlar”.
İsmayıl