Əhməd Qəşəmoğlu: “Bu məsələ böyük bir “xəstə”liyin əlamətidir”Ərşad Hüseynov: “18 yaşı tamam olan yeniyetmələrin hərəkətinə valideyn məsuliyyət daşımamalıdır”
Son günlərdə yol qəzalarının baş verməsi və piyadaların vurulması halları gündəmin aktual mövzularındandır. Məsələnin sonunda isə sürücünün vəsiqəsi olmadan sükan arxasına oturduğu bəlli olur. Bu olduqca ciddi fəsadlara yol açan nüans hesab edilə bilər.
Hətta bəzilərinin ənənəvi işlətdiyi bir ifadə var: "Pravası yoxdu, amma əla maşın sürür”. Nə gözəl... Həqiqətən də belə məqam ola bilər. Amma sürücülük vəsiqəsi olmayan, necə gəldi maşın idarə edib öz həyatları bir yana başqalarının həyatını ciddi təhlükəyə atanlara nə deməli?
Srağagün Sabunçu rayonunda da oxşar hadisə qeydə alınıb. Bir müddət öncə avtomobil alan 22 yaşlı gənc qəza törədib və nəticədə digər sürücünün maşınını yararsız hala salıb. Sonda isə qəza törədən gəncin sürücülük vəsiqəsinin olmadığı bəlli olub. Əsas məsələ isə valideynlər övladlarının vəsiqəsiz maşın idarə etdiyindən xəbərdardırlar. Düzdür, 18 yaşına çatan gənclərin artıq müstəqil və azad düşüncəyə sahib olduğunu hər zaman deyirik. Amma bu anlayış Şərq mədəniyyətində, xüsusilə ölkəmizdə nə qədər keçərlidir?
Müasir dövrdə mədəniyyətin ən mühüm komponentlərindən birinin təhlükəsizlik olduğunu deyən sosioloq Əhməd Qəşəmoğlu ölkəmizdə bununla bağlı müəyyən problemlər olduğunu söyləyib. Sosioloqun sözlərinə görə, cəmiyyətimizdəki avtomobil təhlükəsizliyi problemini aradan qaldırmaq lazımdır: "Bu məsələ böyük bir "xəstə”liyin əlamətidir. Çünki Azərbaycanda valideynlərin təhlükəsizlik məsələsinə münasibəti elə də qənaətbəxş deyil. Bu istər ailədə, istər məişətdə, istərsə də avtomobildə belədir. Bu məsələlərə o qədər də diqqət yetirmirlər. Yəni, uşaq maşını bir az yaxşı sürürsə, "Ay maşallah əla sürür” kimi ifadələr səsləndirirlər. Təhlükəsizlik məsələsi Qərb mədəniyyətində ciddi diqqət yetirilən bir məsələdir. Bizim regionlarımıza isə belə mədəniyyət hələ keçməyib. Cəmiyyət günü-gündən mürəkkəbləşirsə, cəmiyyətimizə texnika daha çox daxil olursa və texnikalı bir cəmiyyət yaranırsa avtomobildən tutmuş evdəki adi elektrik əşyalarına qədər hər bir anlayışlar mədəniyyətimizə daxil olmalıdır.
Bir neçə il əvvəl qonşumuz evin damına çıxıb və ağlına da gəlməyib ki, ordan elektrik kabelləri keçir. Beləliklə, xaricdə təhsil alan gənc oğlan bir anın içində dünyasını dəyişdi. Çalışmalıyıq ki, təhlükəsizlik məsələləri mədəniyyətimizin mühüm komponentlərindən birinə çevrilsin”.

"
Digesta” hüquq firmasının direktoru, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə düşünür ki, 22 yaşında olan gənc yetkin şəxsdir və onun yol qaydalarını pozmasında valideyn hansısa məsuliyyət daşımır: "Bu, tam normal bir yanaşmadır. Valideyn müəyyən hallarda məsuliyyət daşıya bilər. Bu məsuliyyət də 18 yaşına çatmayan uşaqlara görə ola bilər. Amma 18 yaşı tamam olubsa, onun özünün müstəqil qazancı ola bilər, maşın ala bilər, həmin maşını qanuni və ya qanunsuz sürə bilər, sürüb aləmi biri-birinə qarışdıra bilər və bütün bunlara görə özü məsuliyyət daşıyır. Valideynin bu işə heç bir qarışacağı yoxdur.
Lakin, ümumi yanaşmada bəli, görmüşəm ki, 13-15 yaşında uşaqlara maşın verən məsuliyyətsiz valideynlər də var. 22 yaşındakı şəxs normal adamdır. Buna görə valideynin heç bir məsuliyyəti yoxdur”.
Yeganə Bayramova