- “44–90 günlük bilet satışı deyilmişdi, amma sistemdə 30 gün görünür”
- “Dəmir yolunda planlaşdırma yalnız daşıyıcı üçün deyil, sərnişin üçün də olmalıdır”
Bakı–Tbilisi sərnişin qatarı ilə bağlı dəyişiklik gözlənilir. Nəqliyyat və logistik məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında bildirdi ki, Bakı-Tbilisi xəttində müsbət dəyişiklik var, amma bir sual da açıq qalır:
- Bu il 26 may tarixində ilk Bakı–Tbilisi reysindən sonra bu istiqamətdə sərnişin tələbinə uyğun olaraq reyslərin və tutumun artırılmasının, həmçinin fərqli tariflərin tətbiqinin vacibliyini qeyd etmişdim. İndi bu istiqamətdə mühüm addım atılır. 1 noyabrdan Bakı–Tbilisi–Bakı xəttində gündəlik 4 qatar hərəkəti olacaq: Bakı -Tbilisi – 2 reys, 23:00 - 08:41; 09:10 -19:11; Tbilisi - Bakı – 2 reys - 11:00 -20:26; 22:00 - 07:57. Yəni 4 reys = 2 gediş + 2 qayıdışdır. Bu, əvvəlki qrafiklə müqayisədə sərnişinə daha çox seçim verir və gündüz/gecə səfər imkanlarını genişləndirir. Yeni reys üzrə 36 manatdan başlayan tarifin tətbiqi və sərnişin tutumunun artırılması da müsbət məqamdır. Amma burada başqa bir məsələ var. 6 avqustda ADY bilet satış müddətinin 44 günə çatdırıldığını, növbəti mərhələdə isə 90 günə qədər artırılacağını açıqlamışdı. Bu gün, 1 oktyabrda, sistemdə ən uzaq tarix 31 oktyabr görünür. Deməli, hazırda sərnişin növbəti ayın əvvəlindən sonrakı tarix üçün biletini əvvəlcədən planlaşdırıb ala bilmir. Burada sual yaranır: Əgər sərnişinə səfərini əvvəlcədən planlaşdırmaq imkanı yaratmaq məqsədilə satış pəncərəsinin 44 gündən 90 günə qədər artırılması nəzərdə tutulurdusa, niyə 1 oktyabrda sistemdə təxminən 30 günlük satış pəncərəsi görünür? Reyslərin artırılması vacibdir. Amma reys sayını artırmaqla yanaşı, sərnişinə həmin reysə əvvəlcədən bilet almaq imkanı da verilməlidir. Çünki dəmir yolu xidmətində planlaşdırma yalnız daşıyıcı üçün deyil, sərnişin üçün də olmalıdır. 26.05.2026-da ilk reysdən səsləndirdiyim təkliflərin bir hissəsinin - reyslərin artırılması, tutumun genişləndirilməsi və tarif seçiminin formalaşdırılmasının — artıq reallaşmasını müsbət qiymətləndirirəm. İndi isə növbəti addım əvvəlcədən bilet satış sisteminin elan edilmiş 44–90 günlük modelə uyğunlaşdırılmasıdır.