Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib.
Araşdırmalar davam etdirilir.
***
17:39
Bu gün 12:30 radələrindən başlayaraq 6 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
14:05
Oktyabrın 1-də saat 12:30 radələrində 5 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", məlumatda deyilir.
Qida Təhlükəsizliyi Agentliyindən APA-nın soğusuna cavab olaraq bildirilib ki, Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir:
"Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
Günay Elşən
***
14.00
"Bu gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər".
Bu barədə APA-nın qərb bürosuna Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır.
***
13.52
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məktəbin bir neçə şagirdi zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, şagirdlər məktəbinin bufetindən konfet alıb yeyəndən sonra özlərini pis hiss ediblər.