Prezidentlərin görüşü baş tutmaya bilər

Cəbhədə gərginlik var, Ermənistan rəhbərliyi də dəyişmək niyyətində deyil



Dekabrın 19-da Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilə bilər. Bu haqda məlumatı Ermənistanın "Jamanak” qəzeti yayıb. Qəzetin iddiasına görə, görüş İsveçrədə reallaşacaq. Lakin görüşün hansısa tədbir çərçivəsində olacağı, yoxsa ölkə başçılarının məxsusi təmas üçün İsveçrəyə gedəcəkləri haqda bir şey deyilməyib.

Üstəlik, Azərbaycan tərəfi də hələlik məsələ ilə bağlı təsdiqedici rəsmi məlumat yaymayıb. Bu, o deməkdir ki, əslində görüşün baş tutma ehtimalı elə də böyük deyil. O halda 2015-ci il sülh danışıqları aparıldığı müddətdə prezidentlərin birbaşa təmasının reallaşmadığı il kimi tarixə düşəcək. Hətta görüş alınsa belə, əksər analitiklərə görə, onun nizamlama prosesinə ciddi təsirinin olacağı mümkün görünmür. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, görüş xətrinə prezidentlərin görüşünün tərəfdarı deyil.

Politoloq Fikrət Sadıqov yaxın perspektivdə konfliktin nizamlanması üçün güclü zəminin olmadığını düşünür: "Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyan ediblər ki, onlar prezidentlərin görüşünü təşkil etməyə çalışırlar. Bunu xüsusilə ilin sonuna kimi etmək istəyirlər. Çünki il bitir, həmsədrlər isə görülən işlər haqqında qərargahlarına məruzə etməlidir. Azərbaycan tərəfi isə dəfələrlə bəyan edib ki, nəticəsiz görüşlərə getməyəcək. Əgər Ermənistan özünü yenidən qeyri-konstruktiv şəkildə apararaq heç bir təklifə razılıq verməyəcəksə, bu danışıqlardan müsbət nəticə gözləmək mənasızdır”. Politoloq bildirib ki, artıq Ermənistanın nazı ilə oynamaq dövrü sona yetib, indi konkret addımlar atmaq lazımdır: "Söhbət beynəlxalq hüquq normalarından və prinsiplərindən gedir. Ermənistan torpaqlarımızı işğal edib və ərazini öz nəzarəti altında saxlayır. Hazırda düşmənin qarşısında iki seçim var, ya torpaqları azad etməlidir, ya da Azərbaycanın hərbi gücü ilə qarşılaşmalıdır. Bunun başqa yolu yoxdur. Reallığı Minsk Qrupunun həmsədrləri də dərk etməlidir. Onlar elə hesab edirlər ki, missiyaları yalnız dövlət başçılarını danışıqlar stolunun arxasına oturtmaqdır. Belə görüşlər protokol naminə keçirilir. Biz isə konkret və real nəticələr görmək istəyirik”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bildirib ki, Rusiya-Türkiyə gərginliyi fonunda münaqişənin danışıqlar yoluyla həlli mümkün görünmür: "İlin başlanğıcından belə söz-söhbət gəzirdi ki, guya, Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması üçün Ermənistan hakimiyyətinə təzyiq edəcək. Lakin şəxsən mən bu söz-söhbətə heç zaman inanmadım. Rusiya-Türkiyə gərginliyindən sonra isə bu söhbətlər, ümumiyyətlə, arxa plana keçdi. Kreml Türkiyənin Cənubi Qafqazdakı strateji müttəfiqi sayılan Azərbaycan üçün addım atmayacaq”. E.Şahinoğlu deyib ki, Minsk Qrupu həmsədrlərinin işi-gücü bölgəyə səfərlər etmək və prezidentləri görüşdürməkdən ibarətdir: "Həmsədrlərin prezidentləri görüşdürməsi də ildən-ilə çətinləşir. Çünki Azərbaycan Prezidenti mənasız görüşlərə ehtiyac duymur. Nəticəsiz görüşlər Ermənistan rəhbərinin maraqlarına xidmət edir”. Politoloq İlqar Vəlizadə də bildirib ki, belə qısa müddətdə bu cür görüşün keçirilməsi real görünmür: "Görüşdən öncə dəqiq gündəliyi müzakirə etmək üçün həmsədrlər bölgəyə səfər etməliydilər. Həmsədrlər bir neçə həftə öncə regionda olub və bəzi müzakirələr aparıblar. Amma son həftələr ərzində bu cür müzakirələr olmayıb. Cəbhə xəttində yaranmış gərginlik də görüşün real olmadığından xəbər verir. Azərbaycan tərəfi görüşlərin əleyhinə deyil, ancaq haqlı olaraq tələb edir ki, real gündəlik şərti ilə görüşə bilər. Fikrimcə, uzağı xarici işlər nazirlərinin görüşü olar. Amma prezidentlərin görüşü üçün hələlik lazımi əsas yoxdur”.

İsmayıl