Təhlükəsizlik sisteminin yenidən qurulması ən doğru addımdır

Aydın Mirzəzadə: “Mahmudovçu” qruplaşması vaxtında ifşa edildi”
Sülhəddin Əkbər: “Bu sahədə iki mühüm addım var. Birincisi, orada böyük təmizləmə işi aparılmalıdır. Ora yığılmış milislər və polislər işdən azad edilməlidir”
Ərəstun Oruclu: "Mədət Quliyev bu işin öhdəsindən layiqincə gələcək. General 1 ay ərzində çox böyük işlər görüb”


Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Fərmanına əsasən, Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək, qurumun nəzdində Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti adlı iki idarə yaradılıb. Qurumlar Azərbaycanda xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə yaradılıb.

Prezidentin təhlükəsizlik sistemi ilə bağlı verdiyi Sərəncam ölkə ictimaiyyəti tərəfindən məmnunluqla qarşılanıb. Məsələni şərh edən ekspertlər də qərarın təqdirəlayiq olduğunu bəyan ediblər.

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının rəsmisi Aydın Mirzəzadə deyib ki, Prezidentin təhlükəsizlik orqanlarının yenidən təşkili ilə bağlı fərmanları dövlət təhlükəsizlik orqanlarının daha səmərəli fəaliyyət göstərməsinə imkan verəcək. Komitə sədrinin müavini vurğulayıb ki, MTN-in iki müstəqil təşkilata ayrılması, hər birinin qarşısına konkret məsələlərin qoyulması günün tələblərindən irəli gəlir. Dövlət Təhlükəsizlik Xidməti sırf ölkədaxili təhlükəsizliyin təmin edilməsi, dövlətə təhdid yaradacaq bütün məsələlərin qarşısının alınması üzərində işləyəcək. Xarici Kəşfiyyat Xidməti isə Azərbaycana qarşı xaricdən olan və ya ola biləcək istənilən kəşfiyyat hərəkətlərinin qarşısının alınmasına xidmət edəcək. Azərbaycan təhlükəsizlik orqanlarının böyük tarixi var və bu struktur daim dövlətçiliyə, öz xalqına xidmət nümunələri ortaya qoyub. Həmişə dövlət təhlükəsizlik orqanlarına cəmiyyətdə böyük hörmət olub”. A.Mirzəzadə ifşa edilən qruplaşmanın keçmiş MTN-in nüfuzuna kölgə saldığını bildirib: "Təəssüf ki, son dövrlərdə "Mahmudovçu” qruplaşmasının həmin orqanın fəaliyyətinə kölgə salacaq hərəkətləri narahatlıq doğururdu. Amma ölkə başçısı bu qruplaşmanı vaxtında ifşa etdi. Onlara qarşı sərt cəza tədbirlərinin görülməsi, həmçinin, həmin orqanların dövlətçiliyə bağlı, öz işinə məsuliyyətlə yanaşan kadrlarla möhkəmləndirməsi təhlükəsizlik orqanlarının əvvəlki nüfuzunun qaytarılmasına şərait yaradacaq. Hesab edirəm ki, təhlükəsizlik orqanlarının yenidən qurulması bir tərəfdən dünya təcrübəsinə əsaslanır, digər tərəfdən isə Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsinin daha effektli və uğurlu olmasına imkan verəcək”.

Milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər də MTN-in ləğv edilməsini düzgün və müsbət bir addım kimi qiymətləndirib: "Xüsusilə qeyd etmək istəyirəm ki, dövlət başçısının bu sahədə verilən təkliflərə diqqətlə yanaşdığı görünür. Ancaq yalnız bu təklifin qəbulu və onun həyata keçirilməsi ilə məsələ bitmir. Bilirsiniz ki, bu sahədə mənim təkliflər paketim var. Həmin paketdə verilən bütün təkliflərin qəbul olunması və həyata keçirilməsi müsbət olar. Xüsusən də kadrların seçilməsi və yerləşdirilməsi məsələsində”. S.Əkbər təhlükəsizlik sistemi üçün kadrların hazırlanması mexanizmindən də danışıb: "Bu sahədə iki mühüm addım var. Birincisi, orada böyük təmizləmə işi aparılmalıdır. Ora yığılmış milislər və polislər işdən azad edilməlidir. Təmizlənmədən sonra yeni işə götürülənlərdə üç xüsusiyyətə xüsusi fikir vermək lazımdır. İlk növbədə kadrlar vətənpərvər olmalı, daha sonra, intellektual səviyyələri, analitik düşüncə qabiliyyətləri yüksək olmalıdır. Sonda isə peşəkarlıqlarına önəm verilməlidir. Peşəkar olmaları üçün isə akademiyadakı təhsil prosesi yenidən qurulmalıdır. Təhsil artıq sovet dövlət təhlükəsizlik konsepsiyası əsasında deyil, milli təhlükəsizlik konsepsiyası əsasında qurulmalıdır. Kadrların ümumi hazırlığına da xüsusi diqqət yetirilməlidir”.

Keçmiş MTN əməkdaşı Ərəstun Oruclu da bildirib ki, nazirliyin ləğv edilərək, yerində yeni iki qurumun yaradılması düzgün qərardır. Onun sözlərinə görə, yeni sərəncama əsasən "MTN iş”ində adı hallanan bir çox əməkdaşlar avtomatik olaraq vəzifələrindən azad olunacaq: "Bir neçə aspektdən baxdıqda iki qurumun yaradılması düzgün qərardır. Çünki köhnə rəhbərlik dönəmində Milli Təhlükəsizlik Nazirliyində o qədər hüquq pozuntuları və nazirliyin təbiətinə və fəaliyyətinə yad insanlar işə götürülüb ki, indi onları bir-bir kənarlaşdırmaq çox çətindir. Amma bu sərəncamla faktiki olaraq nazirliyin bütün əməkdaşları avtomatik olaraq işdən kənarlaşdırılmış oldular. Yəni qurum ləğv olunduğu üçün onun bütün əməkdaşları da tutduqları

vəzifələrindən azad olunmuş sayılırlar”. Ə.Oruclunun fikrincə, həm kəşfiyyatın, həm də əks-kəşfiyyatın bir mərkəzdə birləşməsi balanslaşdırılmamış güc mərkəzi yaradır: "Biz bunun fəsadlarını Eldar Mahmudovun dönəmində baş verənlər müstəvisində gördük. Kəşfiyyat ilə əks-kəşfiyyat müxtəlif sahələrdir. Əks-kəşfiyyat daha çox ölkənin daxilində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyət göstərən qurumdur. Digər qurum isə həmin təhdidlərin ölkə xaricində qarşısının alınmasına nəzarət edir. Göründüyü kimi, hədəflər və mərkəzlər eyni olsa da, hər iki sahə müxtəlifdir. Dünya praktikasında da belədir. Bu gün dünyada az dövlətlərdə bu qurumlar bir sahədə birləşiblər. Amma ABŞ, Rusiya, Avropa ölkələrinin hamısında müxtəlif xidmətlər kimi fəaliyyət göstərirlər. Düşünürəm ki, bu qərar müasir yanaşmadır”. Ə.Oruclu bu qərarın MTN-in aşağı salınan nüfuzunun başqa formada bərpa etməyə xidmət etdiyini bildirib: "Eldar Mahmudovun dövründə nazirliyin yüksək nüfuzu tam olaraq aşağı düşdü. Bu iki qurumun yaradılması onun nüfuzunun yenidən bərpa olunması üçün atılan addımdır. Xidmətə yeni təyin olunan rəis Mədət Quliyev bu işin öhdəsindən layiqincə gələcək. General ona həvalə olunan 1 ay ərzində çox böyük işlər görüb. Nazirliyə layiq olmayan 250-dən çox əməkdaşın kənarlaşdırılması düzgün qərar idi. Həmçinin, nazirliyin fəaliyyətinin bütün bunlara baxmayaraq, qorunub saxlanılması, peşəkarların geri qaytarılması istiqamətində kifayət qədər işlər görülüb”.

İsmayıl