Yenə nəticə olmadı

Bern görüşündən yalnız həmsədrlər qazandı
“Onların məqsədi münaqişənin həlli yox, onun savaşla əvəzlənməsinin qarşısını almaqdır”


Dekabrın 19-da Azərbaycan və Ermənistan prezidentlərinin növbəti, sayca 19-cu görüşü keçirilib. İsveçrənin Bern şəhərində baş tutan görüş 1 saatdan çox çəkib.

Prezidentlərin görüşü ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanatda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyanın təkbətək görüşü onların mövqelərinin dəqiqləşdirilməsinə imkan verib: "Prezidentlər həmsədrlərin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması ilə bağlı cari təkliflərini, o cümlədən araşdırmanın aparılması mexanizmini dəstəkləyiblər. Həmçinin, prezidentlər qarşılıqlı fəaliyyət göstərməyin davam etdirilməsini təsdiqləyərək, Minsk Qrupu formatına sadiq olduqlarını bildiriblər”. Xarici işlər naziri Elmar Məmmədyarov da Bern şəhərində keçirilən görüşün müsbət hal olduğunu bəyan edib: "İşğal və təcavüzə məruz qalan və bir milyondan artıq vətəndaşı qaçqın vəziyyətində olan Azərbaycan dövləti münaqişənin tezliklə həllində ən maraqlı tərəf kimi nəticəli danışıqların tərəfdarıdır. Dövlətimiz danışıqlar masasında olan təkliflər əsasında konstruktiv müzakirələrə hazırdır. Bern görüşündə bu mövqe bir daha bəyan olunub”. Xatırladaq ki, bu, 2015-ci il ərzində ölkə başçıları arasında ilk və yeganə birbaşa görüş idi. Sonuncu belə görüş ötən il oktyabrın 27-də Parisdə, Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə olub. Budəfəki görüş təmas xəttində gərginliyin gücləndiyi dövrə təsadüf edirdi. Bu səbəbdən Bern danışıqlarında gərginliyi səngitmək yollarının axtarılacağı güman olunurdu. Vəziyyətin ciddiliyinə dəlalət edən faktlardan biri də prezidentlərin görüş günü Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycanın işğal altındakı ərazilərinə getməsi idi. Bern görüşü rusiyalı ekspertlərin də diqqətində olub. Müzakirələri şərh edən rus politoloq, şərqşünas Aleksandr Krılovun sözlərinə görə, görüşün ən mühüm və yeganə nəticəsi prezidentlərin Minsk Qrupunun himayəsi altında danışıqları davam etdirmək istəməsi sayıla bilər: "Güman etmirəm ki, bunun ardınca danışıqlar prosesində hansısa sıçrayış olsun. Çünki Bakı və İrəvan məsələdə dəyişməz mövqelərini saxlayır. Keçən görüşlərin nəticələri də belə olub. Hələlik elə bir əsas yoxdur ki, hansısa qəfil dönüş gözləyəsən”. Ekspertə görə, belə nəticələr həm Azərbaycanda, həm də Ermənistanda bir çoxunda məyusluq yaradır. Ancaq iki prezidentin görüşünün müsbət təsiri ondan ibarətdir ki, belə təmaslar təmas xəttində gərginliyin müəyyən müddətə səngiməsinə stimul yaradır.

Millət vəkili Sahib Alıyev isə prezidentlərin görüşünün nəticəsiz yekunlaşdığını deyib: "Görüşün nəticəsiz bitəcəyi əvvəlcədən məlum idi. Çünki görüşü təşkil edənlər məhz bunu istəyirdi. Onların məqsədi münaqişənin həlli yox, onun savaşla əvəzlənməsinin qarşısını almaqdır. Məntiq budur - "Prezidentlər arasında ünsiyyəti saxlasaq, savaş olmayacaq”. İlham Əliyevin Sarkisyana öldürücü baxışlarından da aydınca görünür ki, bunu "ünsiyyət” adlandırmaq olmaz. Serj Sarkisyan da danışıqlarda tərəf gözündə görülmür. Əsl tərəf bu danışıqları təşkil edənlər və bu yolla məsələnin həllini uzadanlardır. Onlar istəsə, ermənilər bir günün içində Azərbaycan torpaqlarını boşaldarlar. Ancaq istəmirlər və belə nəticəsizliyə hesablanmış danışıqlar təşkil edirlər”. Politoloq Fikrət Sadıqov da hesab edir ki, Bern görüşündə təkcə həmsədrlər qazanıb: "Azərbaycan bu görüşdə müsbət heç nə qazanmadı. Biz heç vaxt sülh yolundan imtina etmirik. Danışıqlar Azərbaycanın maraqlarına cavab vermirsə, ərazi bütövlüyümüzü bərpa etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Son günlər baş verən hadisələr də bunu sübut edir. Yəni, erməni təxribatına hər vasitə ilə cavab veririk”. F.Sadıqovun sözlərinə görə, yeddi rayonun Azərbaycana qaytarılması məsələsi görüşdə müzakirə olunmayıb: "Həmsədrlərin məqsədi münaqişəyə nəzarət etmək və Ermənistanın nazı ilə oynamaqdır. Təbii ki, bu bizi qane edə bilməz. Bern şəhərində onlar yenidən təsdiq etdilər ki, Ermənistana təzyiq göstərmək fikrində deyillər. Bu, Azərbaycanın milli maraqlarına cavab vermir və biz bununla heç vaxt razılaşa bilmərik”.

İsmayıl