Ukrayna və Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız gedə bilər. Bu barədə Avropa komissiyasının saytında məruzə dərc edilib.
Sənədə əsasən, Avropa Komissiyası Gürcüstan, Ukrayna və Kosovo ilə viza liberallaşdırılmasına dair müsbət qərar qəbul etdiyini elan edib. Sənəd Avropa Parlamenti və Avropa Birliyi üzvü olan ölkələr tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. Sözügedən mərhələlərin gələn ilin yayına qədər başa çatacağı gözlənilir. Bu arada qeyd edək ki, Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə Dövlət naziri David Bakradze bildirib ki, Avropa Komissiyası Gürcüstan dövlətinin həyata keçirdiyi islahatları bəyənir: "Vətəndaşlarımızın biometrik pasportlarının olması viza rejimini həyata keçirmək üçün kifayətdir. Bu, viza sisteminin müsbət həllinə kömək edəcək. Gürcüstan hökuməti viza haqqında sənəd qəbul etdikdən sonra onu Avropa Parlamentinə və Avropa Şurasına göndərəcək. Bundan sonra siyasi qərar qəbul ediləcək. Düşünürük ki, bu, 6 ayadək çəkəcək və bütün Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedib-gələcək”.
Nazir Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvinə də diqqət çəkib və qeyd edib ki, bu məsələ rəsmi Moskvadan asılıdır: "Hazırda Rusiya ilə Gürcüstan arasında viza rejiminin ləğvi rəsmi Moskvadan asılıdır. Əgər onlar istəyirlərsə, bu ola bilər”.
Məsələyə münasibət bildirən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə söyləyib ki, həmin ölkələrlə Aİ arasında assosiativ anlaşma imzalanmışdı: "Gürcüstan və Ukrayna vətəndaşları Aİ ölkələrinə çox rahat şəkildə səfər edə biləcəklər. Bir var səfirlikdə növbə gözləyəsən, bir də var ki, rahat şəkildə gedəsən. Amma həmin ölkələr üzərlərinə müəyyən məsuliyyət də götürürlər. Həmin ölkə vətəndaşları orada hansısa işdə çalışa bilməyəcəklər. Amma yenə də vizasız gediş-gəliş müəyyən imkanlar yaradacaq. Məlum addımın iqtisadi layihələr üçün çox böyük üstünlükləri var. Eyni zamanda bu, bütün problemlərin həlli demək deyil. Gürcüstan illərdir çalışır ki, öz şərabını Avropa bazarına çıxartsın. Hələ ki bu alınmır. Heç Rusiya bazarına çıxara bilmir. Vizasız gediş-gəliş yaxşı haldır, amma əsas məhsulların Avropa bazarına çıxarılmasıdır. Gürcüstanın öyünəcək bir məhsulu yoxdur ki, bazara çıxarıb böyük gəlir əldə etsin”.
Ayyət Əhməd