Zahid Oruc: “Hərbi qüvvələrimiz maksimum dərəcədə ehtiyatlı olmalıdırlar”
Natiq Miri: "Proseslər bu cür davam etsə, Azərbaycanın öz torpaqlarını azad etmək məcburiyyəti yaranacaq”
Azərbaycanla Ermənistanın təmas xəttində gərginlik yenidən artıb. Sutka ərzində atəşkəs rejimi ümumilikdə 88 dəfə pozulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 88 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Müəyyən fasilələrlə uzun zamandır cəbhə xəttində ciddi gərginlik yaşandığını vurğulayan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc atəşkəs rejiminin yenidən kəskin şəkildə pozulmasının regionda baş verən proseslərlə birbaşa əlaqəsi olduğunu düşünür: "Ermənistan administrasiyasının sərəncamında olan media qurumları fəal şəkildə Azərbaycanın anti-Rusiya cəbhəsində yer aldığı, Türkiyəni açıqca müdafiə etdiyini beynəlxalq müstəvidə qabartmağa çalışır. Zamanında Bozqurdların səngərdə Azərbaycan tərəfindən iştirak etdiyini vurğulamaqla Türkiyənin Qarabağ münaqişəsində fəal rol oynadığını göstərməyə çalışır. Şübhəsiz ki, məqsəd Rusiya-Türkiyə arasındakı siyasi qarşıdurmadan öz xeyrinə bəhrələnməkdən ibarətdir. Azərbaycanda hansısa beynəlxalq tədbirlər, idman yarışları keçirilən zaman ermənilərin tankı-topu işə düşür. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ cəbhəsində atəşkəs səngərdə dayanan komandirlərin yox, siyasi rəhbərliyin göstərişi ilə həyata keçirilir. Ermənistanda hərbi sistem və siyasi idarəetmə orqanları arasında ciddi problem olsa da, dediklərimiz də faktdır”.
Z.Orucun sözlərinə görə, nə qədər ki Rusiya və Türkiyə arasında gərginlik davam edəcək, Ermənistan Rusiyanın şovinist dairələrinin də dediyi kimi, bu istiqamətdəki rolunu artırmaqda davam edəcək. Ermənistan guya ilk baxışda Türkiyə əleyhinə, lakin gücü çatmadığından Azərbaycanın ziyanına addımlar atır. Bu mənada hərbi qüvvələrimiz maksimum dərəcədə ehtiyatlı olmalıdırlar”.
Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab edir ki, Qarabağ cəbhəsində vəziyyətin aktivləşməsi Ermənistanın bilavasitə qərarı ilə bağlı deyil: "Bu məsələyə Rusiya-Türkiyə münasibətləri kontekstində yanaşmaq lazımdır. Artıq Rusiyada Azərbaycana yönəlik müsbət tendensiyalar müşahidə olunmur. Əksinə, Azərbaycana qarşı təhdid xarakterli açıqlamaların olduğunu müşahidə edirik. Dağlıq Qarabağda olan hərbi cinayətkarların böyük əksəriyyəti Rusiya xüsusi xidmət orqanları ilə ciddi əlaqədə olan insanlardır. Moskvadan göndərilən istənilən qərarla Dağlıq Qarabağ cəbhəsində vəziyyəti gərginləşdirə bilirlər.
Prezidentlərin İsveçrə görüşündən əvvəl belə bir açıqlamam olmuşdu ki, həmin görüşdə heç bir siyasi müsbət qərar qəbul olunmayacaq. Bu görüş sadəcə atəşkəsin ömrünün uzadılmasına xidmət edəcək. Bu da dünya güclərinin maraqları çərçivəsindədir. Prezidentlərin görüşü nə qədər tez-tez olsa, bir o qədər cəbhə xəttində atəşkəs təmin olunacaq. Ancaq bir şeyi unutmayaq ki, atəşkəs rejimi bundan sonra baş tutmayacaq. Hətta çox güman ki, İsveçrə görüşü Azərbaycan və Ermənistan prezidentləri arasındakı son görüş olsun. Cəbhə xəttindəki lokal əməliyyatların total xarakter alması an məsələsidir. Dağlıq Qarabağda elə bir böyük savaş çıxa bilər ki, Suriyadakı müharibə "toya getməli” olar”.
Faktiki olaraq, siyasi cəhətdən Dağlıq Qarabağ probleminin həllinin mümkün olmadığını vurğulayan politoloq deyib ki, proseslər bu cür davam etsə, Azərbaycanın öz torpaqlarını azad etmək məcburiyyəti yaranacaq: "Onu da deyim ki, Ermənistanın müdafiə nazirinin müavini Şavarş Koçaryan artıq qondarma Dağlıq Qarabağın tanınma zamanının yetişməkdə olduğunu bəyan edib. Bu nə deməkdir? Bu o deməkdir ki, "Dağlıq Qarabağ Respublikası” Ermənistan tərəfindən tanındığı təqdirdə artıq Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün müharibəyə başlamaması üçün ortada bir səbəb qalmayacaq. Düzdür, Azərbaycan və Ermənistanın təmas xəttində genişmiqyaslı əməliyyatların başlama ehtimalı hər zaman olub. Amma bu dəfə situasiya tamamilə fərqlidir. "Savaş artıq qapıdadır” da deyə bilərik. Hətta fikir verirsinizsə, Dağlıq Qarabağ cəbhəsində yeni bir vəziyyət də yaranıb. Son vaxtlar baş verən döyüşlərdə sadəcə avtomat və pulemyotlardan istifadə olunmur. Ağır artilleriya, raket sistemlərindən istifadə olunur. Əgər proses bu cür davam edəcəksə, Rusiya Dağlıq Qarabağ cəbhəsində vəziyyəti daha da alovlandırmağa çalışacaqsa, regionda yeni bir savaşın başlaması an məsələsi ola bilər. Bütün bunların fonunda Azərbaycan və Ermənistan cəbhəsindəki vəziyyətin kifayət qədər təhlükəli olduğunu düşünürəm. Qarabağ müharibəsinin başlaması hər nə qədər Rusiyanın geosiyasi maraqlarına zidd olsa da, Azərbaycana qarşı siyasi təzyiq vasitəsi olaraq bundan istifadə edir ki, seçim qarşısında qalacağı təqdirdə Azərbaycan Türkiyəni yox, Rusiyanı seçsin. Hadisələrin mahiyyəti sadəcə bundan ibarətdir”.
Şəymən