31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Azərbaycanda növbəti əfv sərəncamının imzalanacağı gözlənilir. Əfv Komissiyası müraciətlərin araşdırılmasını başa çatdırdıqdan sonra siyahı dövlət başçısına təqdim olunacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının davam etdirildiyini vurğulayan Komissiyanın üzvü, millət vəkili Məlahət İbrahimqızı komissiyanın indiyədək bir neçə iclasının keçirildiyini bildirib.
Qeyd edək ki, Milli Məclisin ötən iclasında əfvlə bağlı müzakirələrin aparılması, əfv veriləcəyi barədə çıxışlar ümidləri daha da artırıb.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu artıq əfv siyahılarının hazırlandığını deyib: "Biz çox istəyirik ki, siyasi məhbuslarımızın hamısı azad olunsun. Qarşıdakı günlərdə bununla bağlı görüşümüz olacaq. Dəqiq bilirik ki, əfv fərmanı olacaq. Həm də ki, bu əfv fərmanı əvvəlkilərdən ciddi şəkildə fərqlənəcək. Daha çox siyasi məhbus azad ediləcək. İnanıram ki, istədiyimizə nail olacağıq”.
N.Cəfəroğlunun sözlərinə görə, kimlərin əfv olunacağı ilə bağlı konkret nəsə demək çətindir: "Amma onu deyə bilərəm ki, siyahıda tanınmış şəxslərin də adları var. Ümumilikdə isə Yeni İl bayramı ilə bağlı imzalanan fərman ümumilikdə 100 nəfərdən yuxarı məhbusa şamil olunacaq”.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun digər üzvü Səidə Qocamanlı da əfvlə bağlı ümidli olduqlarını açıqlayıb:
"Mərhum Prezident Heydər Əliyevin vaxtından qoyulan ənənədir ki, Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində ölkə başçısı əfv sərəncamı verir. Artıq Əfv Komissiyası da iclaslar keçirir. Bu da deməyə əsas verir ki, əfv sərəncamı veriləcək”.
S.Qocamanlı bildirib ki, hüquq müdafiəçilərinin hazırladıqları siyahıda 27 məhbusun adı var:” Sərəncam bəlkə 140 nəfərə, bəlkə 15 nəfərə şamil olunacaq. Bunu bilmək hüququ birbaşa Prezident İlham Əliyevin səlahiyyətindədir. Bizim siyahıda 27 nəfər idi, hazırda 25 nəfərdir. Onlardan ikisi Leyla Yunus və Arif Yunus ağır cinayətdə ittiham edilən məhbuslar azadlığa çıxdısa, biz inanırıq ki, digərlərinə də "yaşıl işıq” yanacaq”.
Şəymən