Azərbaycan hərbi islam koalisiyasına qoşulmamalıdır

Müharibə başlayarsa, Türkiyə və Pakistandan başqa heç bir dövlətin Azərbaycanı müdafiə edəcəyi gözlənilmir



Azərbaycanın "Terrorizmə qarşı İslam Koalisiyası”na qoşulması ilə bağlı rəsmi müzakirələr aparılır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, məsələ ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl-Cubeir arasında telefon danışığı olub və bu xüsusda təmaslar davam etdirilir:

"Ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. Hazırda məsələyə baxılır”. H.Hacıyev deyib ki, terrordan əziyyət çəkən Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır.

Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə "Terrorizmə qarşı İslam Hərbi Koalisiyası” yaradıb. Yeni koalisiyanın ümumi qərargahı Ər-Riyad şəhərindədir. Hərbi koalisiya öz fəaliyyətini böyük dövlətlərlə və beynəlxalq təşkilatlarla sıx əlaqədə çərçivəsində qurub. Aralarında İndoneziyanın olduğu daha 10 dövlətin isə koalisiyaya "dəstək verdiyi” vurğulanıb. Səudiyyə Ərəbistanının regiondakı əsas rəqibi sayılan İran isə koalisiyaya daxil edilməyib. Qərbin dəstəyi ilə yaradılan "Terrorizmə qarşı İslam koalisiyası”nın tərkibində 3 milyon əsgər xidmət edəcək, 19 min tank terrorçuluğa qarşı istifadə ediləcək. Azərbaycan bu koalisiyaya qoşulacağını, yaradılan koalisiyanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana kömək edib-etməyəcəyini isə zaman göstərəcək.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc bildirib ki, "Terrorizmə qarşı İslam Koalisiyası”nın Dağlıq Qarabağda bizimlə çiyin-çiyinə vuruşacağı real görünmür: "Bu koalisiya İrana, Rusiyaya və Suriya Prezidenti Bəşər Əsədə qarşı yaradılır. Müharibə başlayarsa, Türkiyə və Pakistandan başqa heç bir dövlətin Azərbaycanı müdafiə edəcəyi gözlənilmir. İslam ölkələri heç vaxt güclü bir mərkəz kimi çıxış edə bilməyiblər”. Deputat deyib ki, Azərbaycanın koalisiyada iştirakı onun beynəlxalq nüfuzuna zərər gətirə bilər: "Çünki "Terrorizmə qarşı İslam Koalisiyası” daxilində bir müsəlman digərinə qarşı döyüşəcək. Ona görə də Azərbaycan belə bir koalisiyaya qoşulmamalıdır. Koalisiyanı elan edən dövlətlər kimlə, harda və necə mübarizə aparacaqlarını bilmirlər. Bu səbəbdən ona ümid bağlamaq olmaz”.

Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirli də deyib ki, beynəlxalq terrorizm müasir dünya üçün ən ciddi təhlükəyə çevrilib. Ona görə də bu bəlaya qarşı yaxşı əlaqələndirilmiş, koordinasiya olunmuş mübarizəyə ehtiyac var. Lakin indiyə kimi beynəlxalq terrorizmlə mübarizə istiqamətində ciddi koordinasiya olunmuş hansısa addıma rast gəlinməyib: "Misal üçün, ötən il ABŞ-ın rəhbərliyi ilə İŞİD-ə qarşı koalisiya formalaşdırılıb. Bu koalisiyada təxminən 65 dövlət təmsil olunur. Ancaq buna baxmayaraq, İŞİD Suriya və İraq ərazisinin böyük bir hissəsinə nəzarət edir. Göründüyü kimi, İŞİD-lə mübarizə arzulanan effekti verməyib. Bununla bərabər, Rusiya da terrorçulara qarşı mübarizə adı altında Suriyada hərbi əməliyyatlara başlayıb. Amma bunun ciddi nəticələri yoxdur. Hazırda isə Səudiyyə Ərəbistanı yeni koalisiya yaratmaq təklifi ilə çıxış edib. Burada söhbət məhz hərbi alyansdan gedir. Son məlumata görə, alyansda 40-a yaxın dövlət təmsil olunur. Ər-Riyad bu hərbi alyansın mərkəzi - mənzil qərargahı rolunda çıxış edir. Məsələ burasındadır ki, dünyada 57 müsəlman dövləti olduğu halda, onlardan yalnız 40-a yaxını bu koalisiyaya üzv olub. Bir çox hallarda ayrı-ayrı dövlətlərin geosiyasi maraqları imkan vermir ki, beynəlxalq terrorizmə qarşı mübarizədə real nəticə hasil olsun. Səudiyyə Ərəbistanı ilə İraqın münasibətlərinin gərgin olması, nəticə etibarilə İranın həmin koalisiyada iştirakına imkan verməyib. Fikir verirsinizsə, düşmən eynidir. Həm Səudiyyə Ərəbistanı, həm də İraq üçün düşmən İŞİD-dir, beynəlxalq terror təşkilatlarıdır. Lakin adları çəkilən dövlətlərin münasibətlərində müəyyən ziddiyyətlərin olması İranın koalisiyaya qoşulmasını əngəlləyir”. Professora görə, yeni koalisiyanın konkret hədəfləri də bəlli deyil: "Ümumi şəkildə beynəlxalq terrorizm hədəf seçilib. Ancaq konkret hansı təşkilatlar hədəfə alınıb, hansı ölkələrdə hərbi əməliyyatlar aparılacaq bilinmir. Belə olan halda yeni koalisiyanın atacağı addımların BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması, müvafiq qətnamənin qəbulu məsələsi də gündəmdədir. Bilinmir ki, bu barədə müzakirə, yaxud qətnamə olacaq, yoxsa olmayacaq. Bu kimi bir çox suallar hələ də cavabsızdır. Ona görə də Azərbaycan bir qədər gözləmə mövqeyində olmalı, yeni koalisiyanın tam mahiyyətini öyrəndikdən sonra burada təmsil olunub-olunmamaq barədə müvafiq addımlar atmalıdır”.

İsmayıl