ABŞ-ın Helsinki Komissiyasının rəhbəri, konqresmen Kristofer Smit ölkəmiz əleyhinə layihə hazırlayıb. "Azərbaycan Demokratiya Aktı 2015” adlı layihədə dövlətimizə qarşı qərəzli mövqe sərgilənib və yüksək vəzifəli azərbaycanlı məmurlara qarşı sanksiyaların tətbiq olunması nəzərdə tutulub. Aydındır ki, ABŞ konqresmeni Kristofer Smitin siyasi fəaliyyəti anti-Türk və anti-Azərbaycan dairələrinin sifarişlərini yerinə yetirməkdən ibarətdir. Əslində, davamlı ermənipərəst mövqeyi ilə seçilən K.Smitin Azərbaycanın əleyhinə hazırladığı növbəti layihənin mahiyyəti və nədən qaynaqlanması hər kəsə aydındır.
34 illik konqresmen stajına malik K.Smitin qanunvericilik təşəbbüslərinin əksəriyyəti Türkiyəyə, son 24 ildə isə Azərbaycana qarşı yönəlib. Smitin ermənilərin ABŞ-da ən kompakt yaşadıqları ştatlardan biri olan Nyu-Cersidən seçildiyini nəzərə alsaq, onun Türkiyə ilə Azərbaycana düşmən kəsilməsinin səbəbi aydın olar. O, konqresmen kimi fəaliyyətə başladığı 1981-ci ildən etibarən qondarma erməni soyqırımının tanınmasına dair çoxsaylı təşəbbüslərin və çıxışların müəllifi kimi tanınıb. Həmin tarixdən bu yana fəaliyyətdə olmuş ABŞ prezidentlərinə "erməni soyqırımı”nın tanınmasının zəruriliyinə dair rəsmi məktublar göndərib. 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra K.Smitin Türkiyə əleyhinə fəaliyyətinə Azərbaycan istiqaməti də əlavə edildi. 1992-ci ildə ABŞ Konqresində qəbul edilmiş "Azadlığı müdafiə Aktı”na Azərbaycanla bağlı bədnam "907-ci düzəliş”in əlavə olunmasında K.Smitin böyük "xidmət”i olub. Faktiki olaraq, K.Smit sənədin həmmüəllifi olub. 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək” Aktına qəbul edilmiş və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayıb. Eyni zamanda, ABŞ Konqresində Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımı ayrılması məsələsində də ən çox canfəşanlıq göstərənlərdən biri məhz K.Smitdir. Smit qondarma soyqırımın tanınması ilə bağlı onlarla bəyanat səsləndirib ki, onlardan beşi yalnız bu ilin payına düşür. ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan tvitter səhifəsində konqresmen K.Smitin ANKA sədri ilə görüşü əks olunub. Alt yazısında isə A.Hamparyan qeyd edib ki, onun işini dəstəkləmək üçün Smit ilə görüşüb. Ermənistanda demokratiya və insan haqlarının pozulmasını, Serj Sarkisyanın "Qarabağ klanı”nın ölkədə faktiki diktatura yaratdığını görməzdən gələn Smit Ermənistanın işğalına məruz qalmış Azərbaycandakı vəziyyəti mikroskop altında izləyir. Rəsmi Bakını daim hədəfdə saxlayır. Bununla yanaşı, K.Smit illərdən bəri dağıdıcı müxalifətin ən sadiq dostu olub. Onun İsa Qəmbər, Rəsul Quliyev, Etibar Məmmədov və digər müxalifət başçıları ilə çoxsaylı görüşləri olub. O baxımdan, erməni sifarişlərinin sadiq icraçısı kimi tanınmış belə bir şəxsin Azərbaycan əleyhinə növbəti təşəbbüsə baş vurması təəccüb doğurmamalıdır. Smit və havadarlarının Azərbaycanda Prezident tərəfindən imzalanması gözlənən əfv sərəncamı ərəfəsində fəallığa keçməsi də onların qərəzinin göstəricisidir. Lakin qeyd edilməlidir ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və bu münasibətlərə Smit kimi şəxslərin fəaliyyəti ilə kölgə düşə bilməz. Azərbaycan beynəlxalq antiterror koalisiyasının aktiv üzvüdür. NATO-ya aid hərbi yüklərin Əfqanıstana daşınmasında mühüm tranzit ölkədir. Bu tranzit xüsusən Rusiya-NATO münasibətlərinin pozulması fonunda çox taleyüklü rola malikdir. Azərbaycan beynəlxalq sülhməramlı qüvvələrin tərkibində iştirak edir, əfqan ordusunun təchizatına, təlimlər keçirilməsinə öz töhfəsini verir. Azərbaycan Əfqanıstanın yenidən qurulması bu ölkədə infrastruktur layihələrin həyata keçirilməsində də fəal iştirakçıdır. Eyni zamanda ABŞ və Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq mövcuddur. Bu münasibətlərə K.Smitin konqresə seçilmək maraqları baxımından yanaşılacağı və ya erməni lobbisinin tələblərinə cavab vermək naminə yenindən nəzərdən keçiriləcəyi təqdirdə itirən tərəfin Azərbaycan olmayacağı ABŞ-da siyasi dairələrə bəllidir.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Fərəc Quliyev belə bir qanun layihəsinin hazırlanmasını 2 əsas amillə əlaqələndirib: "ABŞ konqresində senatorların və konqresmenlərin böyük bir hissəsi ermənilərin lobbiçilik fəaliyyətinin qurbanına çevrilib. Layihənin hazırlanmasına təsir edən amillərdən biri erməni lobbisinin fəaliyyətidir. İkinci amil isə Azərbaycana qarşı təzyiqlərin davam etdirilməsidir. Bu, Azərbaycanın regiondakı maraqlarının ayaqda durmasına qarşı atılan addımlardan biridir”.
Deputat bildirir ki, belə qərəzli layihələrin müzakirəsi ABŞ-ın özünün də maraqlarına zərbə vurur: "Amma bu layihənin qəbul edilməsi real görünmür. Çünki ABŞ-da Azərbaycanla strateji əməkdaşlığı davam etdirməyi istəyən qüvvələr var. Bu məsələni ABŞ-ın dövlət siyasəti kimi təqdim etmək düzgün olmazdı”. Ermənipərəst mövqeyi ilə tanınan konqresmenin yeni anti-Azərbaycan təşəbbüsünü şərh edən politoloq Elçin Mirzəbəyli haqqında danışılan layihənin ilk növbədə ABŞ-ın maraqlarına uyğun olmadığını deyib: "Kristofer Smitin bu təşəbbüsü Azərbaycan əleyhinə çoxdan başladılan və 2015-ci ildə özünün pik nöqtəsinə beynəlxalq kampaniyanın davamıdır və təbii ki, bunun arxasında ermənipərəst dairələr dayanır. Layihənin məhz indi ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşmağa doğru getdiyi dönəmə təsadüf etməsi də təsdiqləyir ki, Smiti bu təşəbbüsə sövq edənlərin məqsədi iki ölkə arasında əlaqələrə zərbə vurmaqdır. Bununla belə, hesab edirəm ki, Smitin Azərbaycan əleyhinə hazırlayıb təqdim etdiyi layihənin qəbul edilmə ehtimalı çox aşağıdır. Hər halda, Azərbaycan əleyhinə qərəzli bir sənədin Konqresdə qəbulu ABŞ tərəfindən ağılsızlıq olardı.
Düşünmürəm ki, bölgədə cərəyan edən ciddi proseslər fonunda ABŞ Azərbaycan kimi sabit mövqeyə malik olan bir ölkə ilə münasibətlərinə zərbə vursun.
Eyni zamanda, Smitin layihəsinin dəstəklənməsi Cənubi Qafqazda status-kvonun dəyişməsinə və ABŞ üçün yeni arzuolunmaz tendensiyalara yol aça bilər. O baxımdan, ermənipərəst konqresmenin bu təşəbbüsünün dəstək qazanacağı inandırıcı deyil”.
İsmayıl