Respublika Perinatal Mərkəzin direktoru, tibb elmləri namizədi Sevinc Məmmədova Modern.az saytına müsahibəsində hələ də bəzi yerlərdə və bölgələrdə evdə doğumun reallaşması faktlarının olduğunu istisna etməyib. Direktor ev şəraitində gerçəkləşən doğuşların gələcəkdə həm ana, həm uşaq üçün bir sıra fəsadlara yol aça biləcəyini söyləyib:
"Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə mütəmadi aparılan ciddi tədbirlərin olmasına baxmayaraq, ucqar bölgələrdə evdə doğuş hallarına az da olsa rast gəlinir. Əhali bilməlidir ki, bu çox riskli haldır, ana və yeni doğulmuşun ölümü ilə nəticələnə bilər. Ana sağ qaldıqda belə, gələcəkdə onun reproduktiv sağlamlığında ciddi problemlər yaşanacaq. Bununla bərabər evdə doğulmuş uşaqlarda da gələcəkdə şikəst qalmaq ehtimalı çox yüksəkdir”.
Məsələyə münasibət bildirən tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova "Şərq”ə açıqlamasında evdə doğuşlara bir neçə amilin təsir göstərdiyini bildirdi:
- Evdə doğuş halları həmişə olub, var və olacaq da. Bunun əsas səbəbi ananın tibbi savadının olmamasıdır. Analar bəzən hamiləlik, doğuş prosesi barədə məlumatsız olur. Amma gənc analar bilsə ki, evdə doğuş necə ağır fəsadlara yol aça bilər, həm ananın özü, həm də doğulacaq körpə hansı risk altındadır, məncə, evdə körpə dünyaya gətirməkdən imtina edərlər. İkinci səbəb, təbii ki, sosial problemlərdir, imkansızlıqdır. Əlbəttə, gizli deyil ki, xəstəxanaların doğum şöbələrində ailələrdən pul tələb olunur, düzdür, bütün xəstəxanalar haqda bunu deyə bilmərik, amma ailələrin doğuş üçün xüsusi vəsait ayırdığını hamımız bilirik. Üçüncü faktor isə ananı əhatə edən mühit, yaxın ətrafıdır. Bəzən belə hallar baş verir ki, gəlin xəstəxanaya getmək istəyir, amma yaxın çevrəsi onu fikrindən daşındırmağa cəhd edir. Köhnə fikirliliyə üstünlük verib "bizim vaxtımızda hamı evdə doğurdu. Bizə nə oldu ki, sənə nəsə olsun” kimi əsassız, heç biri məntiqə söykənməyən fikirlərlə gənc ananın qarşısını kəsir, xəstəxanaya getməsinə mane olurlar. Evdə doğuş halları təkcə regionlarda deyil, Bakıda da mövcuddur. Və bu, çox təhlükəli, risklidir. Anada qanaxmalar başlaya bilər, körpənin həyatı üçün təhlükə yaranar. O qədər ağır fəsadlar var ki! Müxtəlif infeksiyalar, soyuqdəymə... Elə vəziyyət yaranar ki, körpəyə yerində yardım göstərmək ehtiyacı yaranar. Bəs belə olduqda körpəyə və ya anaya kim, necə yardım göstərəcək? Onsuz da, körpənin adına sənəd almaq üçün hər kəs məcburdur ki, əvvəl-axır həkimə müraciət etsin. Evdə doğuş gerçəkləşdikdə isə doğum haqqında şəhadətnamə almaq da çətinləşir. Hamilə qadın ilk vaxtlardan qeydiyyata alınmalı, adına mübadilə sənədi açılmalıdır. Qadın daim müayinələrdən keçməli, həkim nəzarəti altında olmalıdır ki, hər hansı fəsad varsa da, öncədən müəyyənləşsin və anaya lazımi tibbi yardım göstərilsin. Bəzən qeyri-qanuni uşaqlar da olur və bu zaman qadın körpənin varlığını gizlətmək üçün evdə doğuşa üstünlük verir. Qadın hamilə olduğunu gizlədir. Doğuşu da gizli həyata keçirir.
Ş.Namazova qeyd etdi ki, evdə doğuş qadağandır, lakin buna baxmayaraq bəzi mamalar bu işi öhdələrinə götürür:
- Bu xidməti göstərən xüsusi qadınlar var. Amma onlar da gizli şəkildə edir, faktın aşkarlanmasına mane olurlar. Bəzən gənc qadından soruşanda ki, doğuşu kim qəbul etdi, nə adını deyir, nə ünvanını. Deyir, bilmirəm kim idi. Əslində isə evdə doğuşların izlənmə mexanizmi mövcuddur. Mama-akuşerka əgər evdə doğuşa yardım üçün çağırılıbsa, dərhal təcili yardıma müraciət etməlidir. Ana təcili şəkildə xəstəxanaya çatdırılmalıdır. Yaxud, polisə də müraciət etmək olar. Polis vəziyyəti nəzarət altına alar. Yəni, bu işin izlənmə qaydası var, amma təəssüf ki, bəzən qadınlar da, onlara kömək edən mama-akuşerkalar da qanunun tələblərini pozur. Körpə anadan olduğu andan həkim nəzarəti altına alınmalıdır. Ananın özü də xəstəxanada, həkimlərin nəzarəti altında özünə qulluğu, körpəyə qulluğu, körpəni necə əmizdirməyi öyrənməlidir. Sahə həkimləri də mütəmadi körpəni müayinə etməli, gənc anaya məsləhətlər verməlidirlər. Buna tibbi patronaj xidməti deyilir. Hansı dövrdə yaşayırıq ki, müasir tipli xəstəxanalarımız, klinikalarımız olduğu halda, primitiv üsullarla evdə doğuş həyata keçirilsin?! Təbii ki, bu, ananın və körpənin həyatı üçün çox təhlükəlidir. Və bu işdə "köməklik” göstərən şəxslər də aşkarlandıqda, cəzalandırılmalıdır.
Məlahət Rzayeva