Jurnalistlərimizin xarici dil bilgisi zəifdir

Müşfiq Ələsgərli: “Azərbaycan diplomatları kimi, ölkə jurnalistləri də rəqib ölkəyə cavab vermək gücündə olan şəxslər olmalıdırlar”
Yunus Oğuz: “Bizim redaksiyada da həmin problem mövcuddur”


Azərbaycan jurnalistlərinin aparıcı xarici dil bilmələri mütəmadi olaraq zəruri məsələ kimi gündəmə gətirilir. Ona görə ki, qloballaşma şəraitində yaşayırıq və hər kəs üçün xarici dil bilmək çox mühüm məsələdir. Heç kimə sirr deyil ki, tək Azərbaycan dili ilə ölkə həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkün deyil.

Bunun üçün bizim jurnalistlər öncül dilləri mükəmməl şəkildə mənimsəməli və qərb mediası ilə əməkdaşlıq etməlidir. İstəyimizdən asılı olmayaraq hazırda bütün dünyada ingilis, fransız və rus dili çox geniş yayılıb. Dünyanın ən mühüm mətbuat orqanları bu dildə yayımlanır. İstər xəbər almaq, istər xəbər yaymaq üçün rus, ingilis və fransız dilli təcrübəli, peşəkar media nümayəndələrinə çox ehtiyac duyulur. Hətta əksər ekspertlər də hesab edirlər ki, ölkəmizdə xarici dilli, xüsusən də rus, ingilis, fransız dilli jurnalist məktəbləri formalaşdırılmalı və inkişaf etməlidir. Çox təəssüf ki, indiki şəraitdə Azərbaycanda bu sahədə vəziyyət ürəkaçan deyil. Bir sözlə, ölkəmizin dünya informasiya məkanına daxil olması üçün aparıcı dilləri bilən jurnalistlər yetişdirilməlidir. Bu sahədə mütləq proqressiv addımlar atılmalıdır. Bu istiqamətdə dövlət səviyyəsində diqqət ayrılmalı və maraqlı layihələr həyata keçirilməlidir.

Məsələyə münasibət bildirən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli qeyd edib ki, ingilis və yaxud hansısa xarici dili bilmək hələ yaxşı jurnalist olmaq demək deyil: "Peşəkar jurnalistlərimiz var. Amma onlar xarici dilləri bilmədiklərinə görə, müəyyən problemlərlə rastlaşırlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqil dövlətdir və xarici siyasətdə kifayət qədər yer tutur. Hər ehtimala qarşı bizim peşəkar jurnalistlərimiz, məxsusi olaraq beynəlxalq məsələlərdən yazan media təmsilçilərimiz əcnəbi dili öyrənməlidirlər. Artıq dövr və zaman bunu tələb edir. Bu tələbi qarşılamaq öhdəliyimizdir. Hər halda Azərbaycanla bağlı beynəlxalq aləmdə kifayət qədər ziddiyyətlər mövcuddur. Azərbaycan diplomatları kimi, ölkə jurnalistləri də rəqib ölkəyə cavab vermək gücündə olan şəxslər olmalıdırlar. İnkişaf etmək lazımdır”.

Təşkilat sədrinin sözlərinə görə, KİV-lər xaricə nümayəndə göndərəndə seçimlərinə diqqət yetirməlidirlər: "Beynəlxalq tədbirlərə dil bacarıqları olan jurnalistləri seçib göndərmək gərəkdir. Bunu nəzərə almaq lazımdır”.

"Jurnalistlər xarici dili necə öyrənməlidirlər” sualına gəlincə, ekspert bunun bir neçə yolunu təklif edib: "Birincisi odur ki, redaksiyalar jurnalistləri öz hesablarına xarici dil kurslarına göndərə bilərlər. İkincisi, jurnalistlərin özü cəhd edib öyrənməlidir. Azərbaycanda müvafiq qiymətə kifayət qədər dil kursları mövcuddur. Üçüncüsü isə müəyyən kampaniyalar mövcuddur. Məsələn, "Kaspi” dil kursu var. Onlar hər il jurnalistlər üçün pulsuz dil kursları təşkil edirlər. Jurnalistlər o kursu kifayət qədər uğurla başa vururlar. Sadəcə maraq göstərmək lazımdır. Eyni zamanda redaksiyalar istəsələr ki, işləri uğurla getsin, bu cür problemlərlə üzləşməsinlər, onda həmin sahədə jurnalistlərə köməklik göstərməlidirlər”.

"Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz da vurğulayıb ki, jurnalistin xarici dil bilməsi mütləqdir: "Amma jurnalist öz ana dilini bilmirsə, hansı xarici dili bilməsindən asılı olmayaraq o, jurnalist deyil. Məncə, hər bir azərbaycanlı jurnalist öz dilinin qramatikasını normal şəkildə bilməlidir. Ondan sonra xarici dil öyrənə bilərlər. Məsələn, jurnalist xaricə gedib, hansı ölkədən olduğunu ifadə edə bilmirsə, deməli, həmin adamı ora göndərmək olmaz. Düzdü, bizim redaksiyada da həmin problem mövcuddur. Dil məhdudiyyəti var. Peşəkar jurnalistlərimiz var ki, Azərbaycan dilini gözəl bilir, amma xarici dil bilmir. Bəli, dil problemimiz mövcuddur”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, peşəkar jurnalist olmaq üçün aparıcı dilləri hökmən öyrənmək lazımdır: "Məsələn, ABŞ və BMT kurslar açır. Dili öyrənmək üçün dövlətin nəsə etməsi vacib deyil. Dili öyrənmək üçün insanın, jurnalistin özündə təpər olmalıdır. Jurnalist verdiyi sualın mənasını anlamalıdır. Açığı deyim, dil problemi məndə də var. Amma mən onun tərəfindəyəm ki, jurnalistlər hökmən aparıcı xarici dilləri bilməlidirlər”.

"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də o fikirdədir ki, Azərbaycanda xarici dilli jurnalistlərin sayı kifayət qədər deyil: "Düzdür, bu gün ölkədə bir neçə xarici dil bilən insanların sayı kifayət qədərdir. Eyni zamanda, jurnalistlərimizin də sayı çoxdur. Amma həm xarici dil bilən, həm də jurnalist sahəsində praktik hazırlığı olan insanların sayı çox azdır. Bu problemin

əsasında da köklü təhsil islahatları dayanıb. Cənab Prezidentin redaktorlarla görüşündə də bu məsələ qaldırıldı ki, Azərbaycanda xarici dil bilən peşəkar jurnalistlərin yetişdirilməsi üzərində xüsusi işləmək lazımdır. Buna çox böyük ehtiyac var”.

A.Quliyevin sözlərinə görə, mediamızda fəaliyyət göstərən xarici dilli jurnalistlərin böyük əksəriyyəti də qeyri-ixtisas sahibləridir: "Böyük bir qismi başqa sahənin adamıdır, sadəcə olaraq xarici dil bilgisi olduğu üçün jurnalistikaya cəlb olunub. Ona görə də Azərbaycanda xarici dilli və ixtisaslı jurnalist kadrların hazırlanması üçün real addımlar atılmalıdır”.

Baş redaktorun sözlərinə görə, xaricidilli jurnalistlərin sayının az olması mediamız üçün müəyyən çətinliklər törədir. Bunlardan biri də mediamızın transmilli fəaliyyət miqyasına çıxmaq imkanlarını məhdudlaşdırır. Digər tərəfdən də Azərbaycanda xaricidilli jurnalistlərin sayının az olması müəyyən mənada dövlətimiz üçün də səmərəsizdir.

Özünün 4 dildə sərbəst yazıb-oxuduğunu deyən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət də söyləyib ki, bizdə bu sahə ürəkaçan deyil: "Lakin bərbad da saymaq olmaz. Şəxsən tanıdığım bəzi jurnalist həmkarlarım var ki, onlar bir sıra xarici dil bilirlər və ölkəmizi layiqincə təmsil edirlər. Ümumilikdə isə vəziyyət yaxşıdı. Bu sahədə irəliləyişin olması vacibdir. Nə etmək lazımdır? Əlbəttə, jurnalistlər arasında yüksək peşəkarlığı olanların xarici dilləri öyrənməsinə çalışmaq lazımdır”.

A.Həsrət Azərbaycanda kütləvi xarici dil bilən jurnalist təbəqəsinin olmadığını bildirib: "Əsasən sovet dövründən qalan jurnalistlər rus dilini bilir və bu dildə fəal yazmaq imkanları var. Yeni nəsil jurnalistlər arasında isə az sayda ingilis dilini bilənlərə rast gəlirik. Həmçinin də az sayda fransız dilli jurnalistlərimiz var. Alman dili ilə bağlı isə çox ciddi problemlər var. Alman dilinin kifayət qədər vacib dillərdən biri olmasına baxmayaraq bu dildə yazıb-poza bilən jurnalistlərimiz yoxdur. 4 dil bilməyimə baxmayaraq 5-ci dil kimi alman dilini də öyrənməyə başlamışam. Faktiki olaraq gündəlik alman dilli mətbuatı izləyirəm. Məsələ budur ki, jurnalistlərimiz yerlərində saymalı deyillər. Hətta xarici ölkələrdə, xüsusən bürolarda və nümayəndəliklərdə çalışan jurnalistlərimiz mütləq getdikləri ölkənin dilini öyrənməlidirlər”.

Müsahibimiz əlavə edib ki, hətta Türkiyə türkcəsində yazan jurnalistlərin fəaliyyəti də yetərli deyil: "Ara-sıra Azərbaycanın bəzi jurnalistlərinin Türkiyə mediasında yazılarına rast gəlsək də, bu azdır. Bizim üçün çox vacib amillərdən biri də ərəb-fars dillərində yaza bilən jurnalistlərin olmasıdır ki, bu sahədə də qıtlıq var. Bu nöqteyi-nəzərdən Azərbaycanda xarici dilli jurnalistlərin sayının ürəkaçan durumda olmadığını düşünürəm. Yaxşı olar ki, həm jurnalist təşkilatları, həm də jurnalist kadrları hazırlayan ali məktəblərimiz bu problemin aradan qaldırılması üçün proqramlar həyata keçirsinlər. Jurnalistika fakültəsini bitirən jurnalist tələbələr ən azından ingilis və rus dillərini bilməlidir ki, onlar öz gələcək fəaliyyətlərində ölkəmizi xarici media orqanlarında təmsil edə bilsinlər”.

CASCFEN sədrinin sözlərinə görə, Azərbaycanda xarici dilli jurnalistlərin sayının az olması mediamızın xaricə inteqrasiyası imkanlarını məhdudlaşdırır: "Şəxsi təcrübəmdən bilirəm ki, xarici dil bilməmək həm jurnalistin özü, həm də onun çalışdığı media orqanı, hətta dövlətimiz üçün çox ciddi problemlər yarada bilir. Yeni medianın, müasir texnologiya vasitələrinin bizim həyatımıza daxil olduğu dönəmlərdə artıq Azərbaycanda da onlayn mediaya keçid prosesi başlamışdı. İngilis dil bilgim olduğuna görə çox qısa bir müddətdə mən bütün proqramları mükəmməl formada mənimsəyib onlayn media sahəsinə keçə bildim. Amma xarici dil bilməyən həmkarlarımın adaptasiyası çətin oldu.

Yaxud da xarici səfərlər zamanı dil bilgim mənə insanlarla sərbəst təmas qurmağa, müəyyən çıxışlar etməyə, edilən çıxışlara reaksiya verməmə imkan yaradıb. Dil bilməyən jurnalistlər isə bu cür tədbirlərdə "gözünü döyür” və Azərbaycana əliboş qayıdır. Və ən nəhayəti, Azərbaycan jurnalistlərinin xaricə çıxması üçün dil bilgisi mütləqdir. Bir neçə xarici dil bilən jurnalistlər qərb mediası ilə əməkdaşlıq edərək pul da qazana bilərlər. Eyni zamanda, beynəlxalq jurnalist təşkilatlarında təmsilçilik məsələsində də dil bilgisi çox effektlidir”.

Ekspertin fikrincə, dövlətin bu sahəyə müəyyən dəstək verməsinə ehtiyac var: "Çünki istənilən halda dövlət dəstəyi olmadan bu məsələni həll etmək çətindir. Fərdi şəkildə də bu, reallaşa bilər. Amma az sayda jurnalist belə addım atacaq. Dövlət konkret layihələr gerçəkləşdirərsə, o zaman xarici dillərin kütləvi şəkildə öyrənilməsinə imkan yaranmış olar. Bu baxımdan düşünürəm ki, həm dövlət, həm də cəmiyyət olaraq məsələni həll etməliyik”.

(davamı var)

Ayyət Əhməd