"Bakcell” şirkətinin jurnalistlər üçün təşkil etdiyi "Mobil telekommunikasiyaya giriş” adlı seminarı başa çatıb. Şabran rayonunda, "Qalaaltı” kurort kompleksində 3 gün davam edən seminarın əsas məqsədi mobil telekommunikasiya sahəsinin inkişaf yolu və gələcək planları ilə bağlı jurnalistləri məlumatlandırmaq olub. Seminarın birinci günündə "mobil video məzmun” mövzusunda şirkətin əlavə dəyər xidmətləri bölməsinin rəhbəri Elçin Quliyev və müştərilərin inkişafı bölməsinin rəhbəri Zaur Cəlilov çıxış ediblər.
Z.Cəlilov "Loyallıq proqramı nədir?” mövzusunda təqdimat keçirib. Seminarın ikinci günündə isə "Əşyaların interneti” mövzusunda şirkətin yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov çıxış edib. O bildirib ki, smartfonların yaradılması və sosial şəbəkələrin ortaya çıxması internetin təkamülündə yeni səhifə açıb: "Əşyaların interneti yol qrafiki, hava durumu haqqında məlumatları yükləyərək ona uyğun marşrut seçməyə, ətrafımızda olan sistemləri təkmilləşdirməyə və aralarında məlumat mübadiləsi apararaq həyatımızın daha rahat olmasına imkan yaradır. Bu sistem daha çox telekom, idarəetmə, təhsil, qida, dövlət, daşınmalar, tibb sahələrini əhatə edir. Məsələn, ağıllı çəngəl və fincan insanın nə qədər yeyib-içdiyini hesablayır. Ağıllı zibilqabı, dolu olduğunda xəbərdarlıq göndərir, ağıllı corab məsafəni, kalorini ölçür və s”. Növbəti çıxışı "Abunəçilərin bizdən gözlədikləri nədir?” mövzusu ilə şirkətin müştəri xidmətləri üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu edib. O bildirib ki, "Bakcell”in ilk işi abunəçiləri sevindirməkdir: "Müştərilərimizə xidmət etmək bizim əsas məqsədimizdir. İstəyirik ki, Azərbaycanın əhalisi qədər müştərimiz olsun. Şirkət üçün bütün təbəqələr, xüsusilə də gənclər önəmlidir. Bildiyiniz kimi, Azərbaycanda əhalinin 7.4 milyonu internet istifadəçisidir. Onlardan 2.6 milyonu sosial şəbəkə üzvüdür. 7 milyon insan isə telefon işlədir”. "Bakcell şəbəkəsi və müştəri təcrübəsi” mövzusunda isə şirkətin yeni texnologiyalar və keyfiyyətin qiymətləndirilməsi departamentinin rəhbəri Roman İqnatenko çıxış edib. Hər zaman alternativ və innovativ yeniliklərə imza atan mobil operatorun rəsmiləri "Ulduzum” proqramı haqqında da jurnalistlərə məlumat veriblər. Şirkət nümayəndələri deyiblər ki, "Ulduzum” adlı loyallıq proqramı vasitəsilə "Bakcell” bütün abunəçilərinə müxtəlif sahələrdə bir çox imtiyazlar və dəyərli xidmətlər təklif edir. Bu xidmətə qoşulan hər abunəçi partnyor restoran, geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzlərində yüksək faizlərlə endirim əldə edirlər. Treninq boyu jurnalistlərin telekommunikasiya sahəsi ilə əlaqədar müxtəlif sualları da ekspertlər tərəfindən cavablandırılıb.
İsmayıl