Qapını kəsən qış və iqtisadi problemlərlə müşahidə olunan evsizlik qarşısında iranlılar küçələrdə yardım aksiyaları təşkil etməyə başlayıb. İranın böyük şəhərlərində evsizlər üçün yaradılan "şəfqət divarları” eyni zamanda internetdə müzakirəyə səbəb olub. Bu ideya ilk olaraq şimal şərqdəki Məşhəd şəhərində ortaya çıxıb. Məşədin bir küçəsində divarlara paltarlar asılıb. Yanına da bu sözlər yazılıb: "Ehtiyacın yoxsa bura as, ehtiyacın varsa götür”.
Bundan sonra insanlar divarlara paltolar, şalvarlar və digər qış üçün lazım olan geyimlər asmağa başlayıblar. Yerli qəzetlərin məlumatına görə, "Şəfqət divarı” deyə başladan bu ideyanın müəllifi adının gizli saxlanmasını istəyir. Lakin ictimai mediada minlərlə paylaşımalardan sonra ideya sürətlə digər şəhərlərə də yayılıb.
Fərqli şəhərlərdəki "şəfqət divarları”nın şəkillərini paylaşan ictimai media istifadəçiləri, "Evsizlər və yoxsulları soyuqda müdafiəsiz qoymayaq” deyə çağırışlar ediblər. Bir Facebook istifadəçisi, "Bu müdhiş bir cəhddir. İnşallah, bütün İrana yayılar” deyə qeyd edib. Bir başqası, " əslində divarlar insanları bir-birindən ayırar, amma Şiraz küçələrindəki divarlar insanları bir-birinə yaxınlaşdırdı” yazıb.
Digər bir Facebook istifadəçisi, "Bu qədər milli varlığı olan bir ölkədə insanlar bir-birinə kömək edir. İqtidarda olanlar isə, xalqın göstərdiyi məsuliyyəti paylaşmır "deyə qeyd buraxıb. Bir başqası, "dövlət adamlarımız müdrik və məsul olsalar, bu qədər zəngin ölkədə heç bir möhtac insan qalmazdı” deyir. Bir Instaqram istifadəçisi "Özümüz bir şeylər etmək məcburiyyətindəyik. Həyat çox qısadır. Mümkün qədər yaxşılıq etmək lazımdır”. Facebookdakı bir şərhdə isə "Biz, yəni xalq eyni zamanda mediayıq. Bu "şəfqət divarları”nın şəkillərini paylaşaraq gündəmi təyin edə biləcəyimizi göstərdik” yazılır. Küçələrdə qoyulmuş soyuduculara evsizlər üçün yemək də qoyulur. Rəsmi rəqəmlərə görə, bütövlükdə İranda 15 min evsiz olduğu bildirilir. Amma mediada yer verilən bəzi xəbərlərdə, yalnız Tehran küçələrində bu qədər işsiz olduğu yazılır.