TAP-ın taleyi sual altına düşüb

Avropanın da iqtisadi qurtuluşuna səbəb olacaq layihənin əngəllənməsi heç bir ölkəyə fayda verməyəcək



Azərbaycan bir sıra beynəlxalq enerji layihələrinin təşəbbüskarı, təşkilatçısı və icraçısı kimi üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirib. Lakin bir sıra hallarda qarşı tərəflərin məsuliyyətsizliyi ucbatından bəzi layihələrin nəzərdə tutulan müddətdə reallaşması müşkül məsələyə çevrilib.

Halbuki, belə irimiqyaslı layihələrin gerçəkləşməsi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya bilər. Məsələ orasındadır ki, həmin layihələrin reallaşmasına əngəl törədənlər elə sözügedən Avropa ölkələri və onların müxtəlif dövlət və özəl qurumlarıdır. Belə layihələrdən biri də Trans Adriatik Pipeline (TAP) qaz ixracı boru kəməridir. Bu layihə Azərbaycan qazının Yunanıstan və Albaniyadan keçməklə Adriatik dənizi ilə İtaliyaya, daha sonra isə İtaliyadan Qərbi Avropa ölkələrinə nəqlini nəzərdə tutur və Avropa İttifaqının 21-ci əsr enerji təhlükəsizliyi xartiyasının bir parçası hesab edilir. TAP istifadəyə veriləcəyi təqdirdə Balkan ölkələrində, xüsusən, dərin iqtisadi böhran keçirən Yunanıstanda, İtaliyanın Tarantino bölgəsində iqtisadi həyat yenidən canlana bilərdi. Təəssüf ki, Azərbaycanın təşəbbüs və cəhdləri lazımi səmərə vermir. Bu ölkələrin QHT və KİV-ləri TAP əleyhinə təbliğat aparırlar. Bəzən isə bələdiyyələr və ölkə hökumətləri səviyyəsində Azərbaycanın təşəbbüslərinin əngəllənməsinin şahidi oluruq. Beləliklə, paradoksal mənzərə yaranır: - Azərbaycan həm bütün mümkün riskləri nəzərə alaraq Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün alternativ təklif edir, enerji daşıyıcılarının nəqli üçün marşrutun çəkilməsi xərclərinin mühüm bir hissəsini öz üzərinə götürür, həm də bu ölkələrin siyasi hakimiyyətlərinin, mediasının və QHT fəallarının "kapriz”ləri, yersiz tələbləri ilə üz-üzə qalır. Əgər belə bir layihə Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdirsə, riskləri özləri qarşılamalı, hökumətlər səviyyəsində yaradılan süni maneələr aradan qaldırılmalıdır. Məlumat üçün deyək ki, TAP layihəsinin əsas mənbəyi "Şahdəniz”in
ikinci fazası çərçivəsində hasil olunacaq qaz sayılırdı. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanmalı idi. TAP kəmərinin tikintisinə isə 3 il tələb olunurdu. TAP layihəsi 791 km olmaqla 1315 km olan "Nabukko” ilə müqayisədə 524 km az olmaqla yanaşı, daha ucuz başa gəlməli idi. Kəmərin 478 km-i Yunanıstandan, 105 km-i Albaniyadan, İtaliyanı isə 45 km sahildən kənar, 5 km isə sahilyanı əraziləri əhatə edəcəkdi. Trans Adriatik Qaz Kəmərinin "Nabukko” layihəsindən təqribən 5 dəfə ucuz baş gəlir. Eyni zamanda, istehsalçı və idxalçı dövlətlərin də tam maraqlarına xidmət edəcəkdi. Belə ki, Azərbaycan öz qazını münasib qiymətə satmaqla yanaşı, yuxarıda sözügedən ölkələrə baha satılan qazın daha ucuz qiymətə nəqlini həyata keçirmiş olurdu. Bununla TAP layihəsinin həyata keçməsi ilə Rusiya və Əlcəzairdan qaz təchizatındakı asılılıq əhəmiyyətli dərəcədə azalacaqdı. Bundan həmçinin, Sloveniya, Çexiya və digər mərkəzi Avropa dövlətlərinin də yararlanması nəzərdə tutulurdu. TAP layihəsi Avropa Birliyi ölkələrinin maraqlarını əks etdirirdi. Burada əsas məqsəd Avropa Birliyinin böhran üçün ən həssas olan ölkələrin iqtisadiyyatlarını bərpa etməyə şərait yaratmaqdır. Bu da prinsip etibarı ilə Avropa Birliyi dövlətlərindən ayrılan pul hesabına deyil, xarici investisiyalar, xüsusilə də, iqtisadi inkişafın əsas dayaqlarından enerji layihələri hesabına təmin edilə bilər. Eyni zamanda, TAP layihəsinin reallaşması bir çox iqtisadi problemlərin həllini özündə ehtiva edə bilərdi. İlk növbədə İtaliya, Yunanıstan və iqtisadi cəhətdən az inkişaf etmiş Albaniyada dərinləşən iqtisadi və siyasi böhranın qarşısını almaqla yanaşı, enerji resursları ilə çalışan şirkətlərin genişlənməsinə, daxili bazarda baha başa gələn qazın qiymətinin aşağı salınmasına gətirib çıxarardı. Ancaq maraqlıdır ki, öz xeyirlərinə olan layihəni reallaşdırmaq əvəzinə, Avropa ölkələri, qərəzli qurumlar və media orqanları sanki mühüm layihənin reallaşmaması üçün əllərindən gələni edirlər. Reallıq isə tamamilə başqa münasibətin göstərilməsini diktə edir. Azərbaycanın onsuz da kifayət qədər enerji resursları və onları dünya bazarına çıxarmaq üçün alternativ variantları var. Belə halda, Avropa ölkələri özləri maraqlı olmalıdır ki, məhz bu enerji resurslarından onlar da yararlana bilsinlər. Başqa sözlə, Avropa ölkələrinin bir çoxu qurtuluşu, böhrandan çıxış yolunu məhz bu layihələrin gerçəkləşməsində görməlidir. Əks halda Azərbaycan alternativ variantları işə sala bilər. Artıq yeni variantları səbirsizliklə gözləyən ölkələr də mövcuddur. Yeri gəlmişkən xatırladaq ki, Türkiyə Baş naziri Əhməd Davudoğlunun Bakıya səfəri zamanı verilən bəyanatlardan bəlli olduğu kimi, Azərbaycan qazının Türkiyəyə nəqlini təmin edəcək TANAP layihəsinin inşası sürətləndiriləcək. Bu layihənin 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulur. Avropa birmənalı olaraq dərk etməlidir ki, Azərbaycanın mövcud enerji ehtiyatları ənənəvi bazarlar üçün yetərlidir. Eyni zamanda, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Türkiyə bazarında əlavə imkanlar açılır. Belə olduğu təqdirdə, Azərbaycanın əlavə maddi və siyasi risklərə gedərək TAP layihəsində iştirak etməsinin nə dərəcədə zəruri olması sual doğurur.

İsmayıl