Ermənilərin özlərinə qalsa, girovlarımızı azad etməyəcəklər

Yalnız həmsədr dövlətlər təzyiq etsə, hansısa nəticə ola bilər



Prezidentlərin Bern görüşündə Ermənistanın gorov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi də müzakirə olunub. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir xatırladıb ki, prezidentlərin əvvəlki görüşündə əsir və girov götürülmüş şəxslərin, meyitlərin qaytarılması və münaqişənin humanitar aspektləri üzrə əməkdaşlıq nəzərdə tutulurdu:

"Prezidentlərin Paris görüşündə itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə məlumat mübadiləsi mexanizminin yaradılması təklif edildi. Dörd mindən artıq vətəndaşı itkin düşmüş hesab edilən Azərbaycan Fransa Prezidenti Fransua Ollandın humanitar xarakter daşıyan bu təşəbbüsünü dəstəkləyir”. E.Məmmədyarov bildirib ki, bir qədər əvvəl Azərbaycan tərəfdən xoş niyyətin göstəricisi olaraq daha bir ailə Ermənistan tərəfinə təhvil verilib. İndi isə növbə Ermənistanındır: "Rəsmi İrəvan beynəlxalq humanitar öhdəliklərinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, itkin düşmüş şəxslərlə əlaqədar məlumat mübadiləsi prosesində iştirak etməli və soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azad olunmasını təmin etməlidir”.

Gözləntilərlə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov deyib ki, normal və humanist dövlətlər Azərbaycan kimi davranır: "Azərbaycan tərəfi dəfələrlə həm düşmən tərəfə, həm də onların havadarlarına böyük humanizm nümayiş etdirib. Dövlətimiz Dağlıq Qarabağdakı hərbi xuntanın əlindən qaçıb ölkəmizə sığınmış bir neçə erməni ailəsini yüksək səviyyədə himayə edib və daha sonra Ermənistana təhvil verib. Hətta ermənilərin ölüsünü də təhqiredici hərəkətlərə yol vermədən öz ölkələrinə göndərib. Ancaq qarşı tərəfdən bizim humanist hərəkətlərimizə eyni şəkildə cavab verilibmi? Təəssüflər olsun ki, yox. Əgər bu gün Ermənistana normal insanlar rəhbərlik etsəydi, yəqin ki, onlardan bu cür addımlar gözləmək olardı. Amma hazırda Ermənistanın başında duran şəxslər Qarabağda cinayətlər, soyqırımlar törətmiş ekstremist qüvvələrdir. Hərbi xuntanın idarə etdiyi bir ölkənin rəsmilərindən, kriminal qruplardan insani hərəkətlər gözləmək absurddur. Ermənilərdən kişilik, mərdlik gözləmək yersizdir”.

Deputatın sözlərinə görə, biz ancaq erməni havadarlarının onlara verdiyi təlimata ümid edə bilərik: "Əgər həmsədr dövlətlər düşmən ölkəyə girovların buraxılması ilə bağlı təzyiq göstərsələr, müəyyən nəticə almaq olar. Bəli, nazir düz deyir, biz dəfələrlə üzərimizə düşəni etmişik, indi isə növbə Ermənistanındır”.

"Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı da "Şərq”ə bildirib ki, Ermənistan kimi dövlətdən ancaq barbar davranış gözləmək olar: "Öz ata-babalarının qəbirlərini ziyarətə gedən mülki şəxslər bütün dünyanın gözü qarşısında erməni quldurları tərəfindən girov götürülüb. Əgər onların xoş niyyətləri olsaydı, indiyə kimi girovlarımızı sərbəst buraxardılar. Şəxsən mən Ermənistandan hansısa humanist addım, insanlığa yaraşan hərəkət gözləmirəm. Əgər ermənilər bu addımı atsalar belə mütləq hansısa məkirli planlarını həyata keçirmək üçün edəcəklər, humanizm xətrinə yox”.

İsmayıl