ABŞ Konqresi tərəfindən qəbul edilmiş 2016-cı maliyyə ili üzrə "Ümumi təxsisatlar” (ayırmalar) adlı qanun dekabrın 18-dən qüvvəyə minib. Qanunda ABŞ-ın Azərbaycanın işğal altındakı ərazilərinə (Dağlıq Qarabağa) hər hansı formada yardımını nəzərdə tutan heç bir müddəa yer almayıb. ABŞ-dakı erməni diasporunun və ermənipərəst konqresmenlərin təşəbbüsü ilə belə bir maddənin qanun layihəsinə salınmasına cəhd edilsə də, onların arzusu reallaşmayıb.
Xatırladaq ki, 2014-cü maliyyə ilindən etibarən ABŞ Konqresi qəbul etdiyi yekun təxsisatlar qanununa Azərbaycanın işğal altındakı ərazilərinə hər hansı formada yardım göstərilməsini nəzərdə tutan müddəanı daxil etmir.
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Zahid Oruc deyib ki, maddi ayırmaların dayandırılması bizi sevindirməməlidir. Çünki bütövlükdə ABŞ Ermənistana, Dağlıq Qarabağa diqqətini və qayğısını bir sıra parametrlər üzrə saxlayır: "Qərb dövlətlərinin və strukturlarının Ermənistana, qondarma rejimə göstərdiyi maddi yardımlar Azərbaycan dövlətini və cəmiyyətini ciddi narahat edir. Biz ötən dövr ərzində bir həqiqəti beynəlxalq dairələrə, xüsusilə siyasi qərarvericilərə qəbul etdirməyə çalışmışıq. Bu həqiqət ondan ibarətdir ki, Dağlıq Qarabağda separatçılıqla məşğul olan və Ermənistan vasitəsi ilə hərbi təcavüzdə iştirak edən qüvvələr siyasi-iqtisadi sanksiyalara məruz qalmasalar, işğalçılıq siyasətlərini genişləndirəcəklər. Nəzərə almaq lazımdır ki, Türkiyə ilə Ermənistan arasındakı məlum sərhəd bağlanması olayında əsas məsələ iqtisadi təsirlər deyil. Sərhəd embarqosunun başlıca önəmi Ermənistanın işğalçılıq siyasətinə qarşı kəskin münasibət sərgiləməkdir. Əgər Qərb dairələri və Minsk Qrupunun həmsədrləri də separatçılara təzyiq göstərsəydilər, münaqişənin siyasi yolla həlli çoxdan mümkün olardı”. Deputat bildirib ki, Ermənistan ötən illər ərzində ABŞ-dan 2 milyard dollardan artıq vəsait alıb: "Qərb ölkələrinin ermənilərə "azadlıq və demokratiya” adı altında verdikləri böyük məbləğdə yardımları düşmən tamam başqa məqsədlərə yönəldir. Həmçinin, erməni hökuməti aldığı vəsaiti önə çəkərək deyir ki, "əgər biz işğalçı olsaydıq, ABŞ bizə vəsait ayırmazdı. Deməli, Amerika bizi normal "dövlət” kimi tanıyır”. Problem ondadır ki, maliyyənin verilməsi Ermənistanı iqtisadi izolyasiyadan çıxarmaqdan daha çox siyasi və hərbi cəhətdən gücləndirir. Baxaq görək, ötən dövr ərzində Ermənistana verilən vəsaitlər bu ölkəni nə qədər demokratikləşdirib? İşğalçı ölkədə siyasi sistemin leqallaşmasına, siyasi proseslərə müsbət təsir edibmi? Əlbəttə, yox. Əksinə, ötən illər ərzində Ermənistanda azadlıq daha da məhdudlaşıb. Həm daxili rejim, həm də Rusiya tərəfindən erməni cəmiyyəti tamamilə əsarət altında, qorxu içində saxlanılır. Məsələnin mahiyyəti odur ki, separatçı rejim aldığı vəsaiti humanitar islahatlara deyil, təxribatçı əməllərə sərf edir. Bizi ağrıdan da məhz budur”.
Z.Oruc məsələ ilə bağlı iki təklif irəli sürüb: "Azərbaycan Dağlıq Qarabağ məsələsində iki siyasət həyata keçirməlidir. Birinci yol hərbi həmlələr, zərbələr, atəşkəsin daimi pozulması, ermənilərə itkilər yaşatmaqdır. Erməni rəhbərliyini güzəştə məcbur etməliyik. İkincisi isə Azərbaycan Dağlıq Qarabağın bir hissəsində barışıq dəhlizi yaratmalıdır. Azərbaycan öz siyasi mövqeyini göstərməklə bərabər Qarabağın maliyyələşməsi ilə bağlı da norma müəyyən etməli, 100 milyon manat vəsait ayırmalıdır”.
İsmayıl