2015-ci ilin bitməsinə sayılı günlər qalır. Cari il Azərbaycanın iqtisadi, siyasi, sosial həyatında baş vermiş bir sıra mühüm hadisələrlə yadda qalıb. Bəlkə də illərdir şahidi olmadığımız, hətta bir neçə ilə sığdıra bilməyəcəyimiz bütün olaylar bu ilə təsadüf edib. Artıq 2015 rəqəmi ölkəmiz üçün sadəcə bir tarix olacaq. Bəs görəsən, bu tarix nə ilə yadda qaldı və necə xatırlanacaq? 2015-ci ilin yekunlarını ekspertlər necə dəyərləndirir?
"Ümumilikdə xarakterizə edəndə 2015-i uğurlu il hesab edirəm”
Millət vəkili Fazil Mustafa 2015-ci ilin ən aktual hadisəsini manatla əlaqələndirib: "Düşünürəm ki, 2015-ci ilin ən aktual hadisəsi manatla bağlı oldu. Digər tərəfdən bu il Qarabağ mövzusu ilə də yadda qaldı. Parlament seçkilərini də ilin əsas xəbərləri siyahısına aid etmək olar. Ümumilikdə xarakterizə edəndə 2015-i uğurlu il hesab edirəm”.
Millət vəkili Aydın Mirzəzadə isə 2015-ci ilin əsas hadisələrini şərh edərkən deyib ki, 2015-ci ilin ən yadda qalan hadisəsi I Avropa Oyunları olub. Bu Oyunları ölkəmiz üçün çox əhəmiyyətli hesab edən millət vəkilinin sözlərinə görə, il ərzində ikinci böyük hadisə parlament seçkiləridir.
A.Mirzəzadə hesab edir ki, bu il faciəvi hadisələr də baş verib: "Buna çoxmərtəbəli binanın yanması, eləcə də "Günəşli” yatağında baş verən güclü yanğın aiddir. Nəticədə insan itkiləri olub. 2015-ci il eyni zamanda manatın devalvasiyası ilə yadda qaldı. Təbii ki, bu, iqtisadi zərurətdən irəli gələn bir məsələ idi”.
Millət vəkili Aqil Abbas bu ilin məhz onun üçün uğurlu olduğunu deyib: "2015-ci ildə I Avropa Oyunları keçirilib. Bu, ölkəmizin tanıdılmasında çox böyük rol oynadı. Düşünürəm ki, bu, xalqımız üçün ən yaddaqalan hadisə oldu. 2015 həmçinin millət vəkili seçilməyimlə mənim üçün də uğurlu, yaddaqalan bir il oldu”.
"Mən bu söz-söhbətə heç zaman inanmadım”
Bu ili heç də nikbin dəyərləndirməyən politoloq, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ən yaddaqalan hadisələri belə sıralayıb: "2015-ci ilə devalvasiya ilə başladı. Bu, cəmiyyət üçün soyuq duş effekti idi, çünki uzun müddət idi ki, manat sabitliyini qoruyurdu, hamı bu cür həyata alışmışdı. Ancaq o da bəlli idi ki, neftin qiymətləri endiyindən manatı qorumaq
çətin olacaq. Devalvasiya gözlənildiyi kimi qiymətlərin sürətli qalxışına rəvac vermədi. Birincisi, ona görə ki, Azərbaycanda qiymətlər onsuz da bahadır, hansı qərbli diplomatla söhbət edirəmsə, eyni sözü deyirlər, "Azərbaycandakı qiymətlər Avropanın ən bahalı şəhərlərindən də yüksəkdir”.
Qiymətlərin sürətli qalxışına digər maneə məmurların sahibkarlara qadağası idi. Çünki yayda Bakıda I Avropa Olimpiya Oyunları keçiriləcəkdi və ona görə əhalini narazı salmaq olmazdı. Ancaq indi baxıram ki, aldığım ərzaq məhsullarının qiyməti hər keçən gün artır”.
Politoloqun sözlərinə görə, 2015-ci ilin digər ən yaddaqalan hadisəsi Milli Təhlükəsizlik Nazirliyində aparılan təmizləmə əməliyyatı olub: "Hamı nəqliyyat nazirinin vəzifədən azad olunmasını gözləyərkən, Prezident milli təhlükəsizlik nazirini vəzifəsindən azad etdi və bəlli oldu ki, başda nazir olmaqla onunla əlaqədə olan bir qrup generalın etmədikləri cinayət qalmayıb”.
E.Şahinoğlu bu il Dağlıq Qarabağ münaqişəsinin həllində də irəliləyiş olmadığını qeyd edib: "Böyük dövlətlər əvvəlkitək Ermənistana təsir etmək istəmirlər ki, birinci addım kimi Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılsın. Rusiya-Türkiyə gərginliyi fonunda münaqişənin danışıqlar yoluyla həlli ümumiyyətlə mümkün görünmür. İlin başlanğıcından ortalarına qədər belə bir söz-söhbət gəzirdi ki, guya, Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması üçün Ermənistan hakimiyyətinə təzyiq edəcək. Mən bu söz-söhbətə heç zaman inanmadım. Rusiya-Türkiyə gərginliyindən sonra isə bu söhbətlər ümumiyyətlə arxa plana keçdi. Kreml Türkiyənin Cənubi Qafqazdakı strateji müttəfiqi - Azərbaycan üçün addım atmayacaq”.
2015-ci il Azərbaycanda vətəndaş cəmiyyəti üçün bir zirvə olub
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni isə deyib ki, 2015-ci il Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı baxımından yaddaqalan il olub. Onun sözlərinə görə, Birinci Avropa Oyunları da əsas götürülməklə 2015-ci il Azərbaycanda vətəndaş cəmiyyəti üçün bir zirvə olub: "Çünki vətəndaş cəmiyyətinin indiyə qədər qazandığı təcrübə, əldə etdiyi nailiyyətlər, yetişdirdiyi kadrların, könüllülərin fəallığını biz Birinci Avropa Oyunlarında gördük. Həmçinin vətəndaş cəmiyyəti tərəfindən milli-mənəvi dəyərlərimiz yüksək səviyyədə dünya ictimaiyyətinə təqdim edilib. Ümumiyyətlə bir daha qeyd edirəm ki, bütün bunları nəzərə alaraq 2015-ci ili vətəndaş cəmiyyəti üçün yaddaqalan, uğurlu il kimi hesab edə bilərik”. Rauf Zeyni başa vurduğumuz ilin rəhbərlik etdiyi Milli Qeyri-Hökumət Təşkilatları Forumu üçün də uğurlu olduğu qənaətindədir. Bildirib ki, Milli Qeyri-Hökumət Təşkilatları Forumu hər zaman vətəndaş cəmiyyəti quruculuğunda, onun inkişaf etdirilməsində yaxından iştirak edir: "Bu bizim hər zaman prioritet istiqamətimizdir və bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk. İl ərzində forumun nəzdində bir neçə mərkəzlərimiz yaranıb. Vətəndaş təşəbbüskarlığını artırmaq, stimullaşdırmaq, hər hansı bir insanın, yaxud QHT fəalının ideyalarını gerçəkləşdirmək üçün Milli QHT Forumunun nəzdində bir neçə mərkəz yaratdıq. Bunların sırasında MQF elm,
Qarabağ, hüquq, turizmin inkişafı, eləcə də psixoloji araşdırma və dəstək mərkəzləri, gənclər, media klublarının adını qeyd edə bilərik. Hazırda da bu istiqamətlərdə işlər davam edir”.
Bu il də problemlərlə boğuşduq, dükan-bazardakı qiymət artımı ilə ayaqlaşmağa çalışdıq
Sosioloq Lalə Mehralı isə deyib ki, "Yolka” bəzənməsə, teleefirlərdə "Yeni ilə 10- 9- 8 gün qaldı” kimi cümlələr eşitməsən, ilin dəyişdiyinin fərqinə varmaq olmur. Amma axır zamanlar hər il özündən qabaqkı ildən pis gəlir. Bu il də problemlərlə boğuşduq, dükan-bazardakı qiymət artımı ilə ayaqlaşmağa çalışdıq. Ən çox insanları neftçilərin faciəsi ağrıtdı, axır günlərin gündəmi narahat elədi. 2015 devalvasiya, üzən manat, ucuzlaşan neft, bahalaşan həyat, qiyməti qaldırılan ərzaqlar və s. ilə yadda qalmağı bacardı”.
Biz artıq şüurun yox, şüuraltının diktəsi altındayıq
Bu ili ancaq xəbər oxumaqla keçirdiyini vurğulayan şair Aqşin Yeniseyin gəldiyi nəticə budur ki, dünya bu qoyun ilində daha da cahilləşib, fanatlaşıb: "Qlobalizm etiraf etdi ki, o, ideoloji yox, bəşəri totalitarizm formasıdır. Din və dövlət yenidən birləşdi. Biz artıq şüurun yox, şüuraltının diktəsi altındayıq. 2015-ci ildən mənim yadımda bircə dənə də olsun şüurlu proses qalmayıb, nə şəxsi həyatımda, nə dünyanın gedişatından”.
Yaxın Şərqdəki vətəndaş müharibələri, terror hadisələri bizdən uzaq oldu
Psixoloq Elnur Rüstəmov isə 2015-ci ildə xeyirlə şərin biri-birini əvəz etdiyini deyib: "Binəqədi rayonu ərazisindəki 16 mərtəbəli binada baş verən dəhşətli yanğın hadisəsi bizim üçün ilin ilk faciəsi kimi yadda qaldı. "Günəşli” yatağındakı yanğın nəticəsində neftçilərimizin itkin düşməsi və həlak olması da insanların psixologiyasına təsir edən böyük faciə kimi xatırlanacaq.
İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini isə müsbət hadisə kimi dəyərləndirmək olar. Ümumilikdə yanaşsaq, 2015-ci ildə xeyirlə şər biri-birini əvəz etdi. Çox şükür ki, ölkəmizdə total əməliyyatlar qeydə alınmadı. Yaxın Şərqdəki vətəndaş müharibəsi, terror hadisələri bizdən uzaq oldu. Amma neftin ucuzlaşması, dolların bahalaşması kimi qlobal proseslər ölkə iqtisadiyyatından da təsirsiz ötüşmədi. Bütün bunlar fonunda 2015-ci ili normal dəyərləndirmək olar”.
Şəymən