“1 aya tədbirlər planı açıqlanacaq”

Spiker: “5 və ya 10 min dollara qədər kreditlərlə bağlı qərar qəbul ediləcək”
Zahid Oruc: “UZİ aparatla qızları bədəvi ərəblər kimi öldürməklə məşğuldurlar”


Ötən gün Milli Məclisinn payız sessiyasının son iclası keçirilib. Toplantıda bəzi dövlət komitə və agentliklərinin ləğv olunması təklif edilib.

Deputat Zahid Oruc deyib ki, hökumət manatın devalvasiyasından sonra yaranmış vəziyyətlə əlaqədar bir sıra komitələrin və agentliklərin fəaliyyətinə yenidən baxmalı və artıq məmur yükündən xilas olmalıdır.

Millət vəkili Vahid Əhmədov isə 10 min dollaradək kreditlərin köhnə məzənnə ilə qaytarılması barədə təkliflə çıxış edib: "Bundan başqa, əmanətlərin sığortalanmasının əhatəsinin genişlənməsi və əmanətlərin banklarda saxlanılmasında banklara yardım üçün qorunan əmanətin maksimal məbləğinin 30 min manatdan 500 min manatadək artırılması yaxşı olar. Korporativ idarəetməsi yüksək olan banklarda isə bu limit aradan qaldırılmalıdır. Digər təklifimiz isə bankların öz aralarında danışaraq iri maliyyə bankları yaratması ilə bağlıdır ki, beləliklə, faizlərin aşağı düşməsi mümkün ola bilər”.

Qüdrət Həsənquliyev Elman Rüstəmovun hələ də vəzifədə saxlanılmasına etiraz edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev isə Mərkəzi Bankın sədri Elman Rüstəmovun hələ də vəzifədə saxlanılmasına etiraz edib. O bildirib ki, "Naxçıvanbank”ın tətbiq etdiyi qərarın başqa banklar üçün tətbiqinin qeyri-mümkünlüyü barədə Mərkəzi Bankın açıqlaması qəbuledilməzdir: "Bu cür yanaşma olmaz. Banklar 30-36 faizlə kredit verir. Zəhmət çəkib ən azı 370 nəfəri öz üzərinə götürüb köhnə faizlə kredit versinlər”.

"Azərbaycan neft gəlirlərindən ən gözəl istifadə edən ölkədir”. Bu sözləri isə hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov manatın devalvasiyasına münasibətində səsləndirib: "Buna görə də heç bir israfçılığa yol verməmişik. Mərkəzi Bank hər dəfə manatın məzənnəsinin sabit saxlanılması üçün 2 milyard vəsait xərcləndiyini elan edib. Ancaq həmin vəsait vətəndaşların problemlərinin həllinə xərclənə bilərdi. Yəni bütün problemləri Mərkəzi Bank həll etməlidir. Çünki bank öz potensialından kifayət qədər istifadə edə bilər. Eyni zamanda, əldə etdikləri gəlirləri ortaya qoyub bu problemi həll edə bilərlər”.

"50 faizlik devalvasiyanın bütün ağırlığının əhalinin üzərinə atılması düzgün deyil”

İqtisadçı-deputat Əli Məsimli qeyd edib ki, zəif manata öyrəşməliyik: "Bayramda ajiotaj yaranmasının qarşısı alınmalıdır. Çünki daha sonra "qara bazar”dakı qiymətlər valyutadəyişmə məntəqələrinə transfer ola bilər. 50 faizlik devalvasiyanın bütün ağırlığının əhalinin üzərinə atılması düzgün deyil. Çətinliklər bölüşdürülməlidir. Ya köhnə məzənnə ilə razılaşmaq, ya restruktizasiya olmalıdır. Yəni hər varianta uyğun variantlar seçilməlidir”. Millət vəkili bildirib ki, monitorinqlər genişləndirilməlidir, təbii qiymət artımı olmalıdır: "Süni qiymət artımının qarşısı alınmalıdır. Təbii qiymət artımını da qarşılamaq üçün əmək haqları və pensiyalar indeksləşdirilməli, qaldırılmalıdır. Orta və kiçik sahibkarlıq, qeyri-neft sektoru inkişaf etdikcə manat sabitləşməyə gedəcək. Ümid edirəm ki, 2016-2017-ci illərin ağırlığını hökumət aradan qaldıra biləcək. Neftin qiymətinin 25-30 dollara qədər düşməsinə hazır olmalıyıq. Hökumət Mərkəzi Bankla bunun üçün işlər görməlidir”.

"Zahid Oruc sinəsini qabağa verib bunun haqlı mövqe olduğunu dedi”

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa qeyd edib ki, 10 il ərzində Azərbaycana daxil olan yüksək səviyyəli gəlirlərin xərclənməsi istiqamətində yol verilən səhvlər, israfçılıq gələcəyimiz barədə düşünməyə vadar edir. Deputat söyləyib ki, son devalvasiya, hökumətin iqtisadçılarının nə qədər zəif olduğunu üzə çıxardı: "21 fevral devalvasiyasından sonra hökumətin iqtisadçıları nə baş verdiyi ilə bağlı danışmadı. Mənim həmkarım Zahid Oruc sinəsini qabağa verib bunun haqlı mövqe olduğunu dedi. Bu dəfə isə 50 faizlik devalvasiya oldu. Bu barədə insanlara heç nə deyilməyib. İsrafçılıq yox olacaqmı, idxal-ixrac şəffaf olacaqmı? Bu barədə vətəndaşlara heç nə deyilmir. Mərkəzi Bank Naxçıvanla bağlı olanı təkrarlaya bilmədiyini deyir. Açıqlamalarında qeyd edilir ki, Naxçıvanda kredit həcmi bir milyon manat məbləğində olduğu üçün ödəmək rahatdır. Mərkəzi Bank isə bunu edə bilmir. "Sədərək”də, "Binə” Ticarət Mərkəzlərində acınacaqlı vəziyyətdə olduğunu düşünərək konkret addımlar atılmalıdır, islahatlar keçirilməlidir. Dövlət qurumlarında ixtisarlar olmalıdır. Bu, yuxarıdan başlanılmalıdır ki, aşağı təbəqədə də devalvasiya rahat keçsin. Situasiya ilə bağlı vətəndaşa izahat verilməlidir, çünki hamı narahatdır”.

"Azərbaycan xalqı bu tədbirlərin nəticəsini çox yaxşı hiss edəcək”

Spiker Oqtay Əsədov isə Q.Həsənquliyevə və F.Mustafaya cavab verib: "Xahiş edirəm ki, konkret şəxslər haqqında danışmayaq. Naxçıvanda əhalinin borcu az idi. Azərbaycanda bunu bir qrup insana tətbiq etsək, digər qrup narazı qalacaq”.

Spiker deyib ki, bu məsələ hazırda araşdırılır və yaxın bir ay ərzində tədbirlər planı açıqlanacaq: "Azərbaycan xalqı bu tədbirlərin nəticəsini çox yaxşı hiss edəcək”. O.Əsədov bankların kreditlə bağlı probleminə də toxunub: "Bu məsələ planlı şəkildə həyata keçirilməlidir. 5 və ya 10 min dollara qədər kreditlərlə bağlı qərar qəbul ediləcək”.

Deputat Fərəc Quliyev isə parlamentdə həftədə bir dəfə iclas keçirilməsi təklifi ilə çıxış edib. Onun fikrincə, burada müvafiq qurumların dinləmələri keçirilməli və televiziya vasitəsilə məlumatlar insanlara çatdırılmalıdır: "Son iqtisadi proseslər dünyada baş verən hadisələrlə bağlıdır, neftin qiyməti ilə əlaqəlidir. Yəni manatın devalvasiyası, neftin qiymətinin aşağı düşməsi bizim ölkədən asılı məsələ deyil. Amma müvafiq orqanlar proseslərlə bağlı əhalini məlumatlandırmalıdırlar. İnsanlar bilməlidirlər ki, gələcək aylarda nə baş verəcək”.

"Bəlkə kimsə faşist dünyagörüşlüdür, bəlkə radikal millətçidir? Onda necə olacaq?”

"Polis haqqında” və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı spiker Oqtay Əsədov deputat Aydın Mirzəzadəyə irad bildirib. 
Qeyd edək ki, hər iki qanuna dəyişikliyə əsasən, hər iki peşə sahiblərinin attestasiyası zamanı onlara peşədən kənar əlavə sualların verilməsi, siyasi baxışlarına görə qiymətləndirilməsi qadağan edilir.

Müzakirələr zamanı hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə qanun layihəsində dəyişiklikdə attestasiya zamanı "siyasi baxışlarına görə qiymətləndirilməsi” ifadəsinin doğru olmadığını deyib: "Bəlkə kimsə faşist dünyagörüşlüdür, bəlkə radikal millətçidir? Onda necə olacaq? Bəlkə Azərbaycanın ərazi bütövlüyünün əleyhinədir və ya Dağlıq Qarabağı bizim ərazimiz hesab etmir? Ona görə məncə, bu, "Konstitusiya ilə müəyyən olunmuş siyasi baxışları qiymətləndirilməsin” kimi yazılmalıdır”.
Spiker Oqtay Əsədov isə deputata irad bildirərək deyib ki, həmkarı məsələni qarışdırır: "Siyasi baxış deyərkən, şəxsin hansısa partiya məxsus olub-olmaması nəzərdə tutulur”.

Spiker əsəbiləşdi: "Siz deputatsınız, çıxış edəndə bilin ki, harada çıxış edirsiniz”

Xanım millət vəkili Aytən Mustafayevanın təhsil problemlərindən danışması isə spikeri əsəbiləşdirib.

A.Mustafayeva bildirib ki, bəzi kənd yerlərində, o cümlədən Bakının Nardaran qəsəbəsində uşaqlar 10-11 yaşından sonra məktəbə getmirlər: "Uşaqlarımız təhsildən yayınırlar. Həm də Nardaran hadisələri göstərdi ki, təhsilə ciddi fikir verməmək nələrə gətirib çıxarır. Tək təhsildə yox, uşaqların asudə vaxtında da ciddi problemlər yaşanır. Onlar avara qalırlar. Azərbaycanda bu qədər idman kompleksləri tikilib. Amma orada uşaqların iştirakı sıfır dərəcəsindədir. Fikir versək, Hollandiyada uşaqlar dərsdən sonra üzgüçülüklə məşğul olurlar. Ona görə də sağlam bədənli, uzun boylu olurlar. Amma bizim əsgərliyə gedən gənclərimizə baxsaq, onlar uşaq kimi görünürlər, cılızdırlar. Bu cür gənclər vətəni necə qoruya bilər?”.

Xanım deputatın çıxışına əsəbiləşən spiker O.Əsədov deyib ki, bu, düzgün yanaşma deyil: "Siz elə danışırsınız ki, guya, Azərbaycanda hər şey bədbindir. Heç kim dərsə getmir, məktəblər fəaliyyət göstərmir. Siz deputatsınız, çıxış edəndə bilin ki, harada çıxış edirsiniz. Eyni zamanda idmançıların boyundan danışdınız. Bizim idmançılarımız mötəbər yarışlarda çıxış edirlər, uğur qazanırlar. Xahiş edirəm ki, çıxışlarınızda belə məsələlərə diqqət edin. Hollandların ən balacasının boyu 1.80 sm-dir. Biz isə xalq olaraq orta boyluyuq. Bunun idmanla əlaqəsi nədir?”.

Deputat səhiyyə sistemini "sökdü”

"Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Zahid Oruc bildirib ki, tibb müəssisələri, bağçalar özəlləşdirilməlidir: "Azərbaycanda pulsuz tibbi xidmət yoxdur. Ona görə də hesab edirəm ki, gələcəkdə bu məsələyə baxış genişlənməlidir. Yeni xəstəxanalar, diaqnostik mərkəzlər tikilir və yüksək avadanlıqlarla təchiz olunur. Amma həkimlərimiz bu texnologiya ilə insanlarımızı ayağa qaldıra bilmir və onlar xarici ölkələrə müalicəyə gedirlər. Bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oğlanların sayının qızları üstələdiyini açıqladı. Bizim həkimlər, sadəcə, ana bətnində UZİ aparatla qızları bədəvi ərəblər kimi öldürməklə məşğuldurlar. Azərbaycan qızları çatışmayanda millətin geninin dəyişilməsi prosesini gələcəkdə izləyəcəyik. UZİ aparatlarını xeyli neytrallaşdıran addımlar atmışdıq. Amma bu proses cəmiyyətdə gedir. Poeziyamızda qızları vəsf etsək də, bunu real həyatda görmürük, oğlan sifətli, patriarxal cəmiyyət qururuq. Qanunvericilikdə elə addımlar atmalıyıq ki, bu aparatlar sağlamlıq üçün yarısın, gələcək övladı itirmək üçün yox”.

"Yaxşı ki, bu parlamentə sədrliyi yəhudilər etmir”

Z.Orucun çıxışından sonra həmkarı Yevda Abramovla arasında mübahisə baş verib.
Belə ki, Y.Abramov Z.Oruca yerindən replika atıb. Z.Oruc da həmkarının replikasını sərt formada cavablandırıb və əlini ona tərəf uzadaraq - "Yaxşı ki, bu parlamentə sədrliyi yəhudilər etmir”- deyib.

Onu da xatırladaq ki, Milli Məclisin bundan əvvəlki iclasında da yəhudi əsilli deputat Y.Abramov Z.Orucun çıxışı zamanı "söz verilir Zahid Oruca”-deyə, yerdən replika atmışdı.

"Dərdi deyəndə dərmanı da fikirləşmək lazımdır”

Spiker O.Əsədov isə Z.Orucun fikirlərinə reaksiya verib: "Dərdi deyəndə dərmanı da fikirləşmək lazımdır ki, necə etmək olar? Məsələn, uşaq bağçalarının özəlləşdirilməsini təklif edirsiniz. Bir uşağın bağçada xərcləri ən azı 100 manata başa gəlir. Kənd yerində bir uşağa normal yemək, içmək üçün bağçaya 100 manatdan pul vermək mümkün olmur. Dünyanın heç yerində dövlət bağçaları özəlləşmir. Bu məsələlər hesablama məsələsidir, çətindir”.

Xanım millət vəkili Sədaqət Vəliyeva bildirib ki, nikaha girənlərdən sağlamlıqla bağlı arayış istənilsə də, çoxları cavabları gözləmədən evlənir: "Cavab gözləmədən tərəflər dini nikahla evlənirlər. Onların müxtəlif xəstəliklərə yoluxması ilə bağlı cavab gələndə isə gec olur. Ona görə təklif edirəm ki, din xadimlərimiz, Şeyxülislam bu məsələdə bizə yardımçı olsun ki, rəsmi nikahsız kəbin bağlanılmasın”.

Anar Bayramoğlu