Təcavüzkarın qurbanı hər bir qadın, qız, hətta qızcığaz da ola bilər. Bunun sosial təbəqə, maddi təminatla, geyim tərzi, özünü aparmaq qaydası ilə heç bir əlaqəsi yoxdur. Heç bir zaman qurbana demək olmaz ki, sən özün təcavüzə meyl etmisən. Bu belə deyil!!!
Xeyli sayda normal kişilər var ki, heç bir zaman təcavüz xəttini keçmir, hətta qadın onu açıq şəkildə cəlb etməyə başlasa da. Bu xətti keçən, "yox” sözünü eşitməyən, qarşı tərəfə məhəl qoymayan hər bir kişi artıq təcavüzkardır. Təkrar edirəm, təcavüzkarın qurbanı hər kəs ola bilər. Kimliyindən asılı olmayaraq. Necə ki, qripə hər kəs yoluxa bilər.
Təcavüzkar psixopatdır. Daha aydın cizgiləri belədir. Təcavüzkarın zalım cizgiləri olur və çox zaman da onlar azsosial psixi xəstələr olur. Bəzi cizgilər var ki, onları ümumiləşdirilmiş kimi göstərmək olar. Bunlar adətən təcavüzkarın ruh halından xəbər verir.
Məsələn, məsuliyyət daşımaqla, öz problemlərində və uyğunsuzluqlarında başqalarını günahlandırmaq. Onların özlərinə xas dəyişməyən düşüncələri var. Öz hərəkətlərinə bəraət qazandıran düşüncələr. Hər kəs bilir ki, bəzən belə düşünənlər var. "Əgər qadın küçədə mini ətək geyibsə, deməli o, ayağı sürüşkəndir.” Bəlkə də təcavüz olunan qurbanın psixologiyası, həyatı təcavüzdən sonra böyük fəsadlar törətməsəydi, təcavüz sözü bizdə bu qədər dəhşətli hiss yaratmazdı. Tədqiqatlar göstərir ki, təcavüz olunan uşaqların özləri gələcəyin qatili, təcavüzkarlarıdır.
Təcavüzkarlar əsasən də empati (özünü qarşı tərəfin yerinə qoymaq) qurmaq hissinə sahib deyillər. Başqalarının halına yanmaq, onların düşüncəsini qəbul etmək kimi hallar əksikliyi onlarda özünü çox açıq şəkildə göstərir. Onlarda ancaq öz istəklərinə kor-koranə tabe olmaq hissi var. "Mən istəyirəmsə, deməli, sən də istəyirsən”. Qarşıqoymanı, mübarizəni onlar oyun kimi qəbul edirlər. Öz hərəkətlərinin məsuliyyətlərini də asanlıqla qurbanın üstünə atırlar. "O məni cəlb etdi. Mən heç vaxt bu hərəkəti etməzdim, əgər o mənə sadəcə təsir etmək istəmədən yolunu getsəydi və s.”. Öz güvənlərinin olmaması, eqoizm, qəddarlıq, emossional sərtlik, biclik, öz həyatlarından narazılıq, təbii uşaqlıq zədələri hər bir təcavüzkarın toxumu sayılır. Onlar hər yerdə ola bilər. Onlardan qorunmağın tək yolu, onları cəmiyyətdən uzaqlaşdırmaqdır. Biz təcavüzkardan özümüzü və cəmiyyətimizi qorumaq üçün onlara qarşı sərt olmalı, qurbanlarını müdafiə etmələri və bundan sonrakı yaşantısında təcavüzün psixi və fiziki zədələrini aradan qaldırmağa kömək etməliyik. Biz də, sevdiklərimiz də hər an təcavüzkarla üzləşə, onun qurbanına çevrilə bilərik. Bunun qarşısını almağın tək yolu birlik olmaq, cəzalarının alınması üçün səsimizi, gücümüzü birləşdirməkdir.