Ödənişlər hələ ki, dəyişməyir

Təhsil haqlarının artıb, artmayacağı martda bəlli olacaq



Ödənişli təhsil alanların təhsil haqları 2016-cı ildən qaldırıla bilər. Bu haqda Təhsil Nazirliyinin ilin yekunlarına həsr olunmuş konfransında danışılıb. Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, dolların bahalaşması ilə əlaqədar pullu təhsil alan tələbələrin ödənişlərinə 2016-cı ilin mart ayında baxılacaq. Y.Piriyev bildirib ki, manatın dollar qarşısında dəyərdən düşməsi təhsil haqlarının artırılmasını hələ ki gündəmə gətirməyib. Lakin "bu məsələyə nazirlikdə baxılacaq və analiz olunacaq. Hələ ki məsələ gündəmdə deyil. 2016-cı ilin mart ayında bu məsələyə qayıdılacaq”.

Təhsil eksperti, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev "Şərq”ə açıqlamasında indidən proqnoz verməyin çətin olduğunu dedi:

- İqtisadi proqnoz verə bilmərəm. Bilmirik, vəziyyət necə olacaq. Neftin qiyməti yenə düşəcəkmi, yoxsa yüksələcək? Ölkənin iqtisadi durumu bundan asılı olacaq. Məlumdur ki, ölkədə baş verən hər bir hadisə bütün sahələrə təsir edir. Məzənnə dəyişikliyi təhsil sahəsinə də təsirsiz ötüşməyəcək. Mən də bugünkü (dünənki - red.) konfransda iştirak edirdim. Orda soruşuldu ki, təhsil haqları qaldırılacaqmı, Yaqub Piriyev də bildirdi ki, hələ bu buradə dəqiq bir söz demək mümkün deyil. Hələ o məsələyə baxılmır. Əvvəlki qaydalar hələ ki, qüvvədədir. Mart ayında isə nazirlikdə baxılacaq, Milli Məclisdə müzakirələr aparılacaq, onda bilinəcək ki, təhsil haqlarına nə dərəcədə təsir edəcək. Amma düşünürəm ki, təhsil dövlətin siyasətinin prioritet sahələrindən biri olduğu üçün, təhsil haqlarının qaldırılması məsələsinə də həssas yanaşılacaq. Elə bir ortaq həll variantı tapılacaq ki, gənclər təhsildən yayınmasın, təhsil haqları ödənilə bilən səviyyədə olsun. Ancaq indidən bu barədə danışmaq tezdir. Bəlkə elə bir vəziyyət yarandı ki, təhsil haqlarını qaldırmağa ehtiyac olmadı, hökumət təhsilə lazımi qədər vəsait ayırdı. Gözləyək, görək növbəti ildə vəziyyət necə olacaq.

Ə.Ağayev 2016-cı ildən dövlət ödənişli təhsil planının ləğv ediləcəyinə də diqqət çəkdi:

- Bilirsiz ki, növbəti ildə ödənişli tələbə planı ləğv ediləcək. Artıq ali məktəblər öz imkanlarını nəzərə alaraq tələbə qəbulu həyata keçirmək məcburiyyətində qalacaqlar. Hansı ixtisaslar aktualdırsa, maddi-texniki baza nəzərə alınmaqla tələbə qəbulu həyata keçiriləcək. İndiyədək dövlət ali məktəblərə vəsait ayırırdı. Tələbələrin təhsili, təqaüdü bu vəsait hesabına ödənirdi. Növbəti ildən isə bu vəzifə artıq ali məktəblərin üzərinə düşəcək. Onlar da gərək öz imkanlarını düzgün dəyərləndirsinlər. Dövlət ödənişli təhsil planı ləğv edilib deyə, ödənişli təhsilə üstünlük verib, bilikli, savadlı, intellektli gəncləri əlavə vəsait xərcləməmək səbəbindən kənarda qoymasınlar. Məlumdur ki, hazırda ali məktəblərdə dövlət hesabına təhsil alanların sayı ödənişli təhsil alanların sayından xeyli azdır. Dövlət sifarişli tələbə planının ləğvi gərək aztəminatlı gənclərin ali məktəblərdən uzaq düşməsinə səbəb olmasın. Ali təhsil müəssisələri hər bir detalı diqqətlə incələməli, təhsilin səviyyəsinin aşağı düşməsinə yol verməməlidirlər.

Məlahət Rzayeva