Azərbaycan Yazıçılar Birliyinin (AYB) büdcəsinin 50 faizə qədər azaldılması və işçilərin 25-30 faizinin ixtisarı gözlənilir.
Bu barədə AYB üzvü, gənc yazar Emin Piri deyib. O, vəziyyətdən çıxış yolu kimi təkliflər paketi də hazırlayıb və paketin müəyyən detallarını açıqlayıb: "İndiki kritik vəziyyətdə daha əlverişli variantlar düşünmək lazımdır. Həmişə ətrafında alıcı olan AYB-nin binasını satmaq daha məqsədəuyğundur. Əvvəla mərkəzdə yerləşir. Almaq üçün və ya başqa qurumun balansına keçirmək üçün müəyyən təkliflər həmişə olub. İndi əsl məqamıdır. AYB-nin binasını büdcəsi daha yaxşı olan digər dövlət qurumun balansına vermək və ya hansısa tenderlə satmaq mümkündür. Əldə olan gəlirlə hazırkı binadan daha komfortlu və geniş bina tikmək olar. Eyni zamanda əldə olunan gəlirlə 100 gənc yazarı işlə təmin etmək mümkündür. Bunu etmək elə də çətin deyil. AYB-nin binası Qarabağ deyil ki, hansısa qurumun balansına verilməsi qeyrət-namus məsələsi sayılsın. Ucuz xatirələr naminə gəncliyi işsiz qoymaq lazım deyil”. Gənc yazarın iddiası ilə bağlı "Şərq”ə danışan Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza məlumatın yalan olduğunu deyib: "Qeyri-ciddi məsələdir. Boş söhbətlərdir, yayılmış şayiələrdir. Onların niyyəti camaatı çaşdırmaqdır. Belə işlərlə məşğul olmaqdansa, getsinlər yaradıcılıqla məşğul olsunlar. Emin Piri kimdir ki, AYB-yə təklif planı hazırlayır. Yazıçılar Birliyinin 80 yaşı var. Onun başında Xalq yazıçısı Anar müəllim kimi adam durur. Dünənin uşaq-muşağı AYB-nin işinə müdaxilə etməsin, dövlətin işinə qarışmasın. Şükürlər olsun, dövlətimizin vəziyyəti o qədər acınacaqlı deyil ki, kimsə AYB-nin binasının satılmasını irəli sürsün”.
İsmayıl