Azərbaycanda dövlət tibb müəssisələrinin əhəmiyyətli hissəsi özəlləşdirilə bilər. Bu barədə danışan Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib ki, bəzi ölkələrdə səhiyyə müəssisələri ya bütünlüklə özəlləşdirilib, ya da qarışıq formada fəaliyyət göstərir. Ə.Əhmədovun sözlərinə görə, tibb müəssisələri yeni avadanlıqlarla təchiz edildiyindən onlar kifayət qədər baha qiymətə satılmalıdır: "Bu səbəbdən tibb müəssisələri ən azından amortizasiya dövrünü keçənə qədər dövlətin tabeliyində qalmalıdır.
Güman edirəm ki, gələcəkdə bu müəssisələrin yenidən qurulması məsələsi ortaya çıxanda Azərbaycan dövləti müəssisələrin əhəmiyyətli bir hissəsini özəl sektora vermək haqqında qərar çıxaracaq. Amma bu, gələcəyin işidir”. Tibb müəssisələrinin özəlləşdirilməsi ilə bağlı "Şərq”ə danışan "Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə deyib ki, mövcud iqtisadi münasibətlər və bazar iqtisadiyyatına keçid özəlləşdirmənin yeni mərhələyə keçməsini tələb edir: "Səhiyyə müəssisələrinin özəlləşdirilməsinə ehtiyac var. Artıq vaxtıdır. Sadəcə, indiki böhranla bağlı dövlət bu işdə bir qədər uduza bilər. Çünki yeni tibb müəssisələrinə çox böyük sərmayələr, vəsaitlər qoyulub. Alıcılar ora çəkilən bütün xərcləri ödəməlidir. Bu baxımdan ola bilsin ki, yetərincə müştəri çıxmasın. Amma prosesə əvvəl-axır başlanmalıdır”. Ekspertə görə, söhbət kütləvi özəlləşdirmədən getmir: "Əlbəttə, aztəminatlı ailələr üçün pulsuz tibbi xidmət göstərilməlidir. Hazırda ölkənin əksər rayonunda böyük diaqnostika mərkəzləri tikilib. Regional diaqnostika mərkəzini dövlətin nəzarətində saxlamaqla digər bütün rayon tibb müəssisələrini özəlləşdirmək lazımdır. Ona görə ki, həmin obyektlərin saxlanması üçün böyük vəsait sərf olunur. Dövlət həm tibbi personalı, həm də avadanlıqları saxlayır. Məlumdur ki, indiki büdcənin bu işlərə maliyyə ayırmaq imkanı yoxdur. Məhdudiyyətlərə, ixtisarlara ehtiyac var”. Ə.Nuriyev bildirib ki, ölkədə artıq özəl tibbi müəssisələr fəaliyyət göstərir: "Bu sistemdə rəqabət imkanları böyük olur, insanlara daha yaxşı xidmət təklif olunur. Artıq muxtar idarəetmə prinsiplərinin faydalarını görürük. Bunu daha da genişləndirmək lazımdır. Səhiyyə Nazirliyi isə ancaq tənzimləyici funksiyanı yerinə yetirməlidir”.
İsmayıl