Rusiyanın Səhiyyə Nazirliyi 2017-ci ilin yanvar ayından dərmanların elektron yolla satılması prosesinə başlamağı nəzərdə tutur. Bu işin əczaçılıq sahəsi üzrə lisenziyası olan apteklər tərəfindən həyata keçirilməsi planlaşdırılır.
Nəzərə alsaq ki, Azərbaycanda insanların çoxunun Rusiya istehsalı olan dərmanlara böyük inamı var, onda ölkədəki alıcıların bu layihəsinə xüsusi maraq göstərəcəyini təxmin etmək olar. Məsələni şərh edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, ölkə qanunvericiliyi elektron dərman satışını qadağan etmir. Amma deputat hesab edir ki, bu məsələ ciddi surətdə tənzimlənməlidir: "Yalnız həkim resepti ilə satılmayan dərmanların internet üzərindən satışına icazə verilə bilər. Ancaq sözün düzü, bu da tövsiyə olunmur. Çünki pasiyentin sifariş etdiyi dərmanın istifadə müddəti keçə bilər. Yaxud dərmanın adı eyni olsa da, vətəndaşın istəmədiyi firmanın preparatı olar. O zaman alınan dərmanı geri qaytarmaq mümkün olmayacaq. Yəni bu prosesdə ciddi problemlər yarana bilər. Ona görə də yaxşı olar ki, dərmanlar yerli apteklərdən alınsın”.
İsmayıl