Azərbaycanın Xalq artisti Fuad Poladov ilin "Ən yaxşı kişi aktyoru” nominasiyasında "Qızıl Pəri” mükafatına layiq görülüb.
Mükafatlandırma "I-cı Qızıl Pəri” audiovizual sahə-kino və televiziya üzrə peşə mükafatının təqdimat mərasimində baş tutub.
Xalq artisti Fuad Poladov rejissor Rövşən İsaxın ekranlaşdırdığı "Aktrisa” filmində yaratdığı Vaqif Fətəliyev obrazına görə "Qızıl Pəri” mükafatına layiq görülüb.
Xatırladaq ki, "Aktrisa” filminin quruluşçu rejissoru Rövşən İsax, quruluşçu operatoru Rövşən Quliyev, ssenari müəllifi İlqar Fəhmidir. Filmdə Xalq artisti Fuad Poladov, Əməkdar artist Şövqi Hüseynov, aktyorlar Alisa Kaçer, İlham Hüseynov və başqaları çəkilib.
Fuad Poladov "Şərq”ə açıqlamasında ilin ən güclü aktyoru seçilməsi barədə danışdı: "Məni tədbirə dəvət etdilər. Bildirdilər ki, mükafata layiq görülmüsüz. Tədbirdə bəyan olundu ki, "İlin ən yaxşı kişi aktyoru” seçilmişəm. Təbii ki, buna şad oldum. Tədbirdə iştirak etməkdən də, bu nominasiyaya layiq görülməkdən də məmnun qaldım. Mənə elə gəlir ki, hər bir aktyor bundan məmnun qalardı. Çox sevindim. Mənə də bir sənətçi, bir insan kimi xoş oldu. Əsas odur sənətimə diqqət var”.
Xalq artisti yaradıcılığında da ciddi dəyişikliklər olacağını dilə gətirdi. Həm Akademik Milli Dram Teatrında, həm də ümumiyyətlə səhnədə yeniliklərin olacağını vurğuladı: "Akademik Milli Dram Teatrı ilə əməkdaşlığım davam edəcək. 2016-cı ildə teatrın repertuarında yer alan tamaşaların bəzilərində rol almışam. Başqa yeniliklərim də var. İnşallah, bunların da şahidi olacaqsız”.
Tahirə