“Anti-Amerika kampaniyasına başlamaq düzgün deyil”

Siyavuş Novruzov: “ABŞ-la Azərbaycan arasında yaxşı münasibətlər var. Biz bu əməkdaşlığın davam etdirilməsində maraqlıyıq”
Oqtay Əsədov: “Deputat Rövşən Rzayev Azərbaycan hökumətini təmsil etmir”


"ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi Milli Məclisin dünən baş tutan iclasında təqdim olunub. Layihə, müəllif deputat Rövşən Rzayev tərəfindən elan edilib. R.Rzayev qərar layihəsinin Milli Məclisin müvafiq komitələrdə müzakirəyə çıxarılmasını da xahiş edib: "Bu, mənim Azərbaycana qarşı ikili standartlara bir etirazımdır”.

Spiker Oqtay Əsədov qanun layihəsinin müvafiq komitələrdə müzakirə olunmasını tapşırıb. O. Əsədov bildirib ki, Milli Məclisdə layihənin forması var. O, layihəni Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyevə təqdim etməyi tövsiyə edib. Spiker eyni zamanda layihənin Milli Məclisin İnsan hüquqları komitəsində, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilməsi barədə tapşırıq verib.

Layihə ilə bağlı danışan hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, ABŞ-ın Helsinki Komissiyasının rəhbəri, konqresmen Kristofer Smitin "Azərbaycan Demokratiya Aktı-2015” qanun layihəsi ilə bağlı bəzi siyasətçilər Birləşmiş Ştatlara qarşı kampaniya aparırlar ki, bu, doğru deyil: "Bəzilərinin buna görə anti-ABŞ kampaniyasına başlaması düzgün deyil. ABŞ-la Azərbaycan arasında yaxşı münasibətlər var. Biz bu əməkdaşlığın davam etdirilməsində maraqlıyıq. Təəssüf ki, bəzi siyasətçilər, KİV nümayəndələri Rövşən Rzayevin hazırladığı qərar layihəsindən sonra Amerikaya qarşı mətbuatda hücuma keçiblər. Bu, düzgün deyil. Bizim ABŞ-da parlamentlərarası işçi qrupu var, dostlar var, bunu işə salmalıyıq. Dövlətlə münasibətləri korlamamalıyıq”.

Spiker Oqtay Əsədov isə deyib ki, deputat Rövşən Rzayev Azərbaycan hökumətini təmsil etmir: "Rövşən Rzayev nə parlamentdir, nə də Azərbaycan hökumətidir. O, öz təşəbbüsü ilə bu layihəni hazırlayıb və təqdim edib. Onun belə bir layihə ilə çıxış etmək hüququ var. Kimsə Smitin layihəsini ABŞ-ın mövqeyi kimi qələmə verirsə, bu, səhvdir”.

Anar