Diplomatlar xaricdən qayıdanda işsiz qalırlar

“Onlara belə münasibət normal deyil”
“Kim deputat seçilmirsə, deyir ki, məni səfir göndərin, gedib işləyim”


Dünən parlamentdə "Diplomatik xidmət haqqında” qanun layihəsi müzakirə edilib. Müzakirələr zamanı Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyətinin mütəmadi monitorinq olunması və bunun əsasında qərarların qəbulu ilə bağlı Milli Məclisdə məsələ qaldırılıb.

Təklifi irəli sürən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov son vaxtlar Azərbaycanın bəzi səfirliklərində çalışan diplomatlarla bağlı qalmaqalları xatırladaraq qeyd edib ki, xaricdəki səfirliklərin fəaliyyəti mütəmadi yoxlanılmalıdır: "Nəinki səfirliklərin, hər bir diplomatın fəaliyyəti mütəmadi monitorinq olunmalıdır. Orada Azərbaycanın maraqlarının necə təmin olunması, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi, vəzifələrin icrası və digər məsələlər monitorinq olunmalıdır. Bunun əsasında qərar qəbul olunmalıdır ki, həmin ölkədə səfirliyin fəaliyyətinə, səfirin və yaxud diplomatın dəyişdirilməsinə ehtiyac var, ya yox. Yüksək nəticə göstərənlərin də fəaliyyəti qiymətləndirilməlidir. Bir sözlə, bu məsələyə diqqət yetirilməlidir”.

"Xarici İşlər Nazirliyi toxunulmaz nazirliyə çevrilib”

Millət vəkili Aytən Mustafayeva bildirib ki, diplomatlar haqqında məsələlər yenidən müzakirə edilməlidir: "Xarici İşlər Nazirliyi toxunmaz nazirliyə çevrilib. Öncə orada işləyən mütəxəssislərin hüquqlarını qorumalıyıq və qayğısına qalmalıyıq. Xaricdə Azərbaycanı təmsil edən insan fikirləşməməlidir ki, qayıdıb işsiz qalacaq. Yüksək səviyyəli diplomat tanışlarım bura gələndən sonra iş tapmaqla bağlı çətinliklə üzləşiblər. Onlar oturub nə zamansa növbəti ezamiyyətə göndəriləcəklərini gözləyirlər. Diplomatlara belə münasibət normal deyil. Diplomatların Azərbaycana qayıdandan sonra maaşları normal olmalıdır. Çünki onlar xaricdə Azərbaycanın "üzü”dürlər”.

Maaşlarda fərq olmamalıdır

Millət vəkili Siyavuş Novruzov isə xanım həmkarının fikirlərinə etiraz edib. O bildirib ki, birinci növbədə diplomat adi insandır və ayrı-seçkilik qoymamalıdır: "Kənd Təsərrüfatı Nazirliyində işləyən məmurla diplomat fəaliyyətindən qayıdan arasında fərq qoyulmamalıdır, maaşlarda fərq olmamalıdır. Diplomat evə qayıdan kimi niyə tezliklə başqa yerə getməlidir? Diplomat 5 ildən sonra bir il heç olmazsa, öz ölkəsində çalışmalıdır və buradakı vəziyyəti öyrənməlidir. 20 il xaricdə Azərbaycanın pulu ilə yaşayan diplomatların orada xalqına, millətinə qarşı hansı işlər gördüyünün şahidi olduq. Çünki bura ilə əlaqəsi yox idi. Ona görə bu vacib məsələdir. Kim işdən çıxırsa, deyir ki, məni səfir göndərin. O, heç olmazsa, gedəcəyi ölkə barədə ətraflı məlumat öyrənməlidir. Kim deputat seçilmirsə, deyir ki, məni səfir göndərin, gedib işləyim. Belə hallar təkrarlanmamalıdır”.

"İnsan çörəklə sınağa çəkilərsə, belə addımlar ata bilər”

Müzakirələr zamanı deputat Fazil Mustafa deyib ki, 5-6 dil bilən, peşəkar mütəxəssislər, diplomatlar var. Amma onlar sərəncama götürüləndə maddi sıxıntı çəkirlər: "Bu cür kadrların qorunub saxlanması üçün tədbir görülməlidir ki, onlar sabah xarici ölkələrin kəşfiyyat orqanlarına işləmək məcburiyyətində qalmasınlar. İnsan çörəklə sınağa çəkilərsə, belə addımlar ata bilər. Bunu nəzərə almaq lazımdır”.

Deputat Səməd Seyidov təkrarən vurğulayıb ki, diplomatları göndərərkən onların Azərbaycanın maraqlarını nə qədər müdafiə edə biləcəkləri öyrənilməlidir: "Bu gün Azərbaycan Diplomatik Akademiyasında kadrlar yetişdirilir və onlardan istifadə edilməlidir”.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Anar Bayramoğlu