“Çünki bu ölkənin adından onlar danışır. Məmurlar bu ölkənin sözçüləridir”
"Elələri var, çox gözəl, səlis danışır. Məsələn, daxili işlər naziri Ramil Usubov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov. Bu iki şəxs Azərbaycan dilində çox gözəl, şirin danışır”
"Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu ölkədə kitaba olan münasibətin səviyyəsindən təəssüflənib. Modern.az saytının məlumatına görə, naşir maraqlı bir hadisə haqda açıqlama verib:
"Keçən il Yeni il bayramı ilə əlaqədar 200 vəzifəli şəxsə və təşkilat rəhbərinə "Yüksək effektli insanların yeddi vərdişi” kitabını hədiyyə göndərdim. Kitaba bir məktub da əlavə etmişdim ki, bayramlarda kollektiv üzvlərinə kitab hədiyyə edin. Mən elə bilirdim həmin şəxslərin heç olmasa üçdən biri bu təklifi dəstəkləyəcək, az bir hissəsi isə kitab hədiyyəmə görə nəşriyyatımızın işini tərifləyəcəklər. Yaxud haradasa rəsmi dairələrdə o kitab haqqında danışacaqlar.
O məktubdan və kitab hədiyyəsindən bir il ötüb. Gözləntilərimin heç biri baş vermədi. Nə kitaba görə təşəkkür etdilər, nə kitab aldılar, nə də kitab oxudular”.
Şahbaz Xuduoğlu vəzifəli şəxslər və təşkilat rəhbərlərinin adını çəkməyib. Bəlkə də ar edib. Fikirləşib ki, adlarını çəksəm, birdən utanarlar. Verdiyi hədiyyəni baş qaxıncı etmək istəməyib. Amma bu vəzifəlilər də, "ağ” eləyir də. Kitab almadıqları bir yana, quru "sağ ol”u da çox görüblər naşirə. Demək ki, bizim bir çox nazirliklər, komitələr, təşkilatlarda kitaba və kitab oxumağa lazımsız əşya və lazımsız iş kimi baxırlar.
Yazıçı Seyran Səxavət Şahbaz Xuduoğlunun başına gələnə çox təəssüfləndi və naşirə "başsağlığı” verdi:
- Belə də yazın; "Seyran Səxavət Şahbaz Xuduoğluna keçirdiyi bu müqəddəs aksiyanın vaxtsız həlak olması ilə bağlı dərin hüznlə baş sağlığı verir, ona Allahdan və məmurlardan səbr diləyir”.
Yazıçı-dramaturq Ş.Xuduoğlunun kitab hədiyyəsinin 200 vəzifəli şəxs və təşkilat rəhbəri tərəfindən laqeyd, saymazyana qarşılanmasını gülməli və ağlamalı vəziyyət hesab edir:
- Həqiqətən də maraqlı aksiyadır, ona qarşı sərgilənmiş münasibət isə həm gülməlidir, həm də ağlamalı. Həm adamın gülməyi gəlir, eyni zamanda da ağlamağı. Gülməklə ağlamaq eyni dərəcədədir. Nə gülməyin xətrinə dəymək olar, nə də ağlamağın. İkisinə də bərabərhüquqlu yanaşasan gərək.
Mən də sizə bir əhvalat danışım; təxminən 10 il əvvəl, dostum İntiqam Mehdizadənin kitabının təqdimetmə mərasiminə getməliydim. Mərasim Mikayıl Müşfiq adına kitabxanada keçiriləcəkdi. Kitabxananın yerini dəqiq bilmirdim. Müşfiqin büstü olan əraziyə - Dövlət Statistika Komitəsinin qarşısına çatdım, ətrafda dayanan adamlardan soruşdum ki, burda kitabxana hardadı, mənə cavab verən tapılmadı. Özü də, kimdən ki kitabxananın yerini soruşurdum, gözlərində qəribə ifadə oxuyurdum. Mən axı "əlifba”nı bilirəm!.. Hamının gözündə belə bir ifadə vardı ki, yekə kişidi, camaat nə hayda, bu nə hayda?! Axırı, bir meyvə satandan soruşdum, o bir uşağı göstərdi ki, bu, məktəbdə oxuyur, kim bilməsə də, o bilər. Uşaq 7-ci sinif şagirdi idi, kitabxananın yerini göstərdi. Hələ 10 il əvvəl vəziyyət belə idi... Mənim Şahbaza ürəyim ağrıdı. O risk eləyib, addım atıb. 20 addım məmurlara tərəf atıb, amma onlar heç yarım addım da atmayıblar. Mən də Şahbaz kimi pərt olmuşam. Qəzet, sayt jurnalistləri, televiziya aparıcıları, millət vəkillərinə öz kitablarımdan bəlkə də 70-80-ni göndərmişəm. Birindən nə "sağ ol” almışam, nə də üz-üzə gələndə dilucu da olsa deməyiblər ki, çox sağ ol, yaxşı kitab idi. Özlərini elə aparıblar, sanki heç nə olmayıb. Özüm bu vəziyyətə düşmüşəm, Şahbaz qaqama da ürəyim ağrıdı. Belə görünür ki, bizim bəzi nazirlər, məmurlar kitabdan qorxurlar. Amma əslində, onlar hamıdan çox oxumalıdırlar. Çünki bu ölkənin adından onlar danışır. Məmurlar bu ölkənin sözçüləridir.
S.Səxavət bəzi yüksək vəzifəlilərin Azərbaycan dilində səlis danışa bilməməsi məsələsinə də toxundu:
- Mən dillə bağlı bir layihə fikirləşmişəm. Bir neçə dəfə demişəm ki, Azərbaycan dili bu dəqiqə reanimasiya vəziyyətindədir. Nə televiziya aparıcıları Azərbaycan dilində normal danışa bilir, nə dəvət etdikləri qonaqlar, nə də bəzim bəzi məmurlar, nazirlər. Nazirlər bir cümlədə bəlkə 100 "quş buraxır”. Televiziya da dəvətsiz qonaqdı, evimizə - beynimizə icazəsiz-filansız daxil olur. Televiziyada aparıcı, nazir, məmur Azərbaycan dilini bərbad günə qoyursa, daha biz kimdən dilimizin reanimasiyadan çıxarılmasını gözləyək?! Dil məsələləri ilə bağlı 30 min qeydim var. Hətta könlümdən keçir ki, bəzi məmurları, komitə rəhbərlərini yığasan bir otağa və onlara ifadə yazmaq tapşırığı verəsən. İmla yazdırmaq onlar üçün ağır olar. İnşanı da onlara heç qıymıram. Elə mənim kimi birisi, kiçik bir əhvalat danışa, sonra da bunlara deyə ki, eşitdiklərinizi indi yazın. Görəydik, bunların qabiliyyətini. Demirəm, bütün nazirlər, komitə rəhbərləri danışa bilmir. Əksinə, elələri var, çox gözəl, səlis danışır. Məsələn, daxili işlər naziri Ramil Usubov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov. Bu iki şəxs Azərbaycan dilində çox gözəl, şirin danışır. Halbuki, məsələn, Ramil Usubov gözəl danışmasa da, olar. Çünki güc naziridir, onun işi birbaşa fəaliyyətdir. Amma elə "müvafiq” nazirliklər, komitələr var ki, doğru-düzgün, səlis danışmalı olduqları halda, bacarmırlar. Və bəzən çox gülünc vəziyyətə düşürlər. Amma Şahbazın xeyirxah addımına həssaslıqla yanaşsalar, bu günə düşməzlər. Bir əhvalatı da danışım; Mərhum Heydər Əliyev nazirlərin əhatəsində bir dəfə deyir ki, axşam Filarmoniyaya, simfonik konsertə gedəcəm. Həmin axşam demək olar, bütün nazirlər, yüksək vəzifəlilər Filarmoniyada olur. Təsəvvür edin, simfonik orkestrin konsertində nə halda olublar da. Qorxularından yata da bilməyiblər. İndi belə yüksək səviyyədə bir iş görmək lazımdı ki, bu məmurlar kitab oxusunlar, savadlarını, dünyagörüşlərini artırsınlar. Amma bunlar kitabdan qorxur. Bu gün-sabah 70 yaşım olacaq, mən kitab oxumayanda dünyam qaralır, bunlarınsa, əksinə, kitab oxuyanda dünyaları qaralır. Yəqin, ona görə oxumurlar. Bəzisi də rus aksenti ilə danışır. Məsələn, mənim kimi kənddən şəhərə gəlmiş birisi, Qara Qarayevin adını çəkəndə "Kara Karayev” deyir. Guya ki, bu kişi, rusdillidi də, dili "q” hərfinə yatmır. Yaxud, kitab hədiyyəsinə həssaslıqla yanaşmayanlar, danışıqlarında "ı”ları, "e”ləri metrlərlə uzadanlardı. Bu "ı”ları, "e”ləri montaj eləsən, burdan Şuşaya qədər yol olar. Bizimçün ən uzaq yol Şuşanın yoludur da... Dilə sayğısızlıq bilirsiz nəyə oxşayır, dili necə gəldi, hara gəldi xərcləməyə. Bir adam gedib bankdan kredit götürəndə, soruşurlar hara xərcləmisən, görsünlər təyinatı üzrəmi xərcləyib. Təyinatı üzrə olmayanda cinayət məsuliyyəti daşıyır o adam. Dilin lazımsız yerə xərclənməsinə görə də cinayət məsuliyyəti təyin edilməlidir. Dili necə gəldi, "geninə-boluna” hara gəldi, xərcləmək olmaz. Şahbaz kitabı da əla seçib haa! - "Yüksək effektli insanların 7 vərdişi”... Görünür, kitab hədiyyə etdiyi adamlarda həmin vərdişlər yoxdu. Sonda Şahbaz qaqama bir daha "başsağlığı” verirəm.
Məlahət Rzayeva