Get...





Çıxıb getmək istərsən, heç bir lyuks filan axtarmadan.. Adi bir şəhərlərarası avtobusa minib, telefonun qulaqcıqlarını taxıb musiqi dinləyə-dinləyə, gözlərini yola dikib sonsuzluğa baxaraq getmək istərsən. Həyat bəzən tükəndirir insanı, beləcə baş götürüb getmək istərsən. Gündəlik telefonuna eyni adamlardan gələn zəng, ismarıclar.. Sosial şəbəkələrdə eyni tip yazılar, şərhlər, paylaşımlar... Həyat bozdur. Bu boz-bulanıq həyatda qarayla ağın qarışığından başqa rəng yoxdur, axtarmağa da dəyməz...

Ona görə elə getmək yaxşıdır, yol gedərkən çox şeyi xatırlayacaqsan, zatən.. Bax o axtardığın rənglər keçmişində var, yol gedərkən gələcək gözlərinin qarşısına. Məhəlləyə gələn penoplast qutular olan samokatda "Morojni" deyə qışqıran qaraşın pırtlaşıq saçlı oğlan, şar satan qoca, gülərüz dayı, məktəbdə kola bankasıyla futbol oynamağın, istirahət günləri valideynlərinlə ağappaq geyinib şəhərdə gəzmələrin.. İlk sevgin.. Xatirə dəftərini utana-utana qızlardan ona göndərməyin, geri gələndə isə həyəcandan əsə-əsə 7-ci, "sevdiyiniz adamın baş hərfini yazın" sualında adının baş hərfini görməkdən ötrü dəli kimi dəftəri vərəqlədiyin.. Sonra instituta daxil olarkən, yaxınlarının gözündə az qala müharibədə qalib gələn komandan kimi görünməyin, 19 yaşına hədiyyə olaraq alınmış maşını hər kəsə göstərmək üçün universitetə az qala 40 dəqiqə tez getməyin... Bunlar gələcək gözünün önünə.. Bunlar idi, həyatının rəngləri. Bəs indi? İndi həyatında nə rəng var?!
İndi sən bir yırtıcısan, lyuksa düşkün, bahalı avtomobilləri, mənzilləri, geyim-aksesuarları olan birisən.. Ciddi görkəmiylə, gözlərindəki aqressiya ilə, siqaret qoxusuna qarışmış parfyumuyla qadınların ağlını başından alan birisən. İş həyatında mövqeyinə görə qabağında az qala ikiqat olan insanlar, cəmiyyətdəki statusun, ya bahalı restoranda ödədiyin hesablar, sağlığına badə qaldıran "dostların"... Bunların hamısı həyatını daha da boz-bulanıq edir. Bilirsən niyə? Çünki, bunlar kartdan tikilmiş evə bənzəyir, bir çırtmayla dağılacaq... Özünlə tək qaldığında boğulmağına da səbəb budur...
Ona görə də, bu axşamkı, bax elə bu axşamkı növbəti bahalı restorana aldığın dəvəti bir kənara qoy, getdiyin yolun istiqamətini dəyiş.. Get bu şəhərdən... Gedəcəyin yol sənə çox şey danışacaq...

Əli Mədətoğlu