Professional cinayətkarlarla bərabər, ömründə oğurluğa əl atmamış cavanlar da bu işə qoşulur
Bakıda daha bir uşaq oğurluğu baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini, 14 yaşlı Cəfər Qasımovu oğurlayıb. O, uşağın qaytarılması müqabilində anası Afətdən 20.000 manat pul istəyib və polisə məlumat verməməsini tələb edib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə C.Qasımovun "VAZ-21154” markalı avtomobildə qaçırılması müəyyən edilib və qeyd edilən nəqliyyat vasitəsi Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Dövlət Yol Polisi İdarəsi və Binəqədi RPİ-nin əməkdaşları tərəfindən Azadlıq prospektində saxlanılıb. Sürücü - Bakı şəhər sakini 23 yaşlı Sənan Qasımzadə törətdiyi əməli etiraf edib. C.Qasımov ailə üzvlərinə təhvil verilib. Qeyd edək ki, faktla əlaqədar CM-nin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.
Hadisəni "Şərq”ə şərh edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay isə hesab edir ki, bu kimi hadisələrin son zamanlarda artması ölkədəki iqtisadi böhranın təzahürləridir. Daha doğrusu, indi zəhmətsiz asan gəlir əldə etməyin çətinliyi problemidir:
"Böhrandan əvvəl ölkədə iqtisadi durum yaxşı idi. Neft gəlirləri çox olduğu üçün pul ehtiyatlarımız kifayət qədər idi. Avaralığa, əziyyətsiz yüngül həyata qurşanmış cavanların valideyndən, qohumlarından, ordan - burdan pul əldə etməyə və onu da çayxanalara, qəlyanxanalara, barlara, nə bilim, içkiyə narkotikə xərcləməyə imkanları var idi. Zəhmətsiz pul qazanmaq həvəsində olan gənclərimiz də bir yolunu tapıb, imkanlı şəxslərdən faydalanırdılar. Pulunu xərcləməyə yer tapa bilməyən imkanlı adamlar vardı ki, qapısına gələni boş qaytarmırdılar.
İndi bu məsələ çətinləşib. Halal pul qazanmaq istəməyən gənclər də məcburdular hansısa cinayət yolu ilə pul əldə etsinlər. Oğurluq, reket, quldurluq, şantaj, ya da adam-uşaq oğurluğu vasitəsi ilə. Çox təəssüf ki, pulun dərdindən bu yola professional cinayətkarlarla bərabər, ömründə oğurluğa əl atmamış cavanlar da qoşulur. 14 yaşlı uşağı oğurlayıb anasından pul istəyənin özünün də yaşı az olduğu üçün o qədər də peşəkar və seçim imkanlı olmayıb ki, bu cinayət üçün varlı müvafiq adamı hədəf seçsin. Və yaxud araşdırıb bilsin ki, bunun o qədər imkanı varmı? Sadəcə maddi ehtiyac onu belə bir addım atmağa vadar edib və o da tanıdığı birisinin üstündə həyata keçirib”.
İ.Altayın sözlərinə görə, sadalanan qeyri-professionallıq fonunda cinayətin nəticə verməməsi, cinayətkarın tezliklə və asanlıqla özünü ələ verməsi bu cinayətin mütəşəkkil qrup yox, fərdi təşəbbüs və primitiv motivlə həyata keçirildiyinə dəlalət edir: "Yəni, ortada mütəşəkkil qrup cinayətinin təzahürləri görünmür. Ancaq yenə də bu məsələdə son sözü istintaq araşdırması deyə bilər. Hüquq-mühafizə orqanları bu iş ətrafında təcili qabaqlayıcı tədbirlər görüb cəmiyyəti məlumatlandırmalıdırlar ki, bu cür hadisələr artan xətlə davam etməsin”.
Şəymən