Jurnalist Günay Musayeva Türkiyədə necə tanındı?

Modelin həyat yolu hamar olmayıb, amma onu sevməyənlər də var



Modelyer Günay Musayeva son günlər cəmiyyətin müzakirə predmetinə çevrilib. Modelyerin danışığı, hərəkəti müəyyən bir kütlədə ona qarşı aqressiv münasibət yaradıb. Əslində, bunun səbəbkarı da elə modelyerin özüdür. Ya Günay Musayeva özünü düzgün təqdim edə bilməyib, ya da soyuqqanlı olduğunu zaman-zaman tamaşaçı efirdən sezməyə başlayır. Bəs, Günay Musayeva kimdir? Tanınmış modelyerin Türkiyəyə qədər getdiyi yol hardan başlayıb?

Tanınmış modelyer 1986-cı ildə Azərbaycanda, Tovuz rayonunda dünyaya göz açıb.

Dolça bürcündən olan modelyerin 168 sm boyu var. Günay Musayeva Beynəlxalq Azərbaycan Universitetinin jurnalistika fakültəsini bitirib. Elə ilk illərdən başlayaraq Günay Musayeva Tovuzda fəaliyyət göstərən telekanallardan birində aparıcı kimi fəaliyyət göstərir. Sonralar televiziya yolu AzTV-dən keçir. Bir müddət Günay Musayeva ATV telekanalında da müəllif verilişinin aparıcısı olur.

Paralel olaraq Musayeva model kimi də fəaliyyətini inkişaf etdirir. Azərbaycanda model fəaliyyəti o qədər çox inkişaf etməsə də, model kimi Günay özünü təsdiqləməyə çalışır.

2010-cu ildə Günay Musayeva "Best Model Azərbaycan” yarışmasının 1-cisi olur. Azərbaycanda kifayət qədər səs-küyə və marağa səbəb olan bu yarışın birincisi seçilən Musayeva elə həmin il Bolqarıstanda keçirilən "Best Model of ze Vord” müsabiqəsinin ikinci yerinə sahib olur.

Model olaraq Azərbaycandan daha çox başqa ölkələrdə fəaliyyət göstərib, daha çox məşhurlaşmağın mümkünlüyünü nəzərə alan Günay yolunu Türkiyəyə salır. Nəzərə alsaq ki, Türkiyədə model sənəti daha çox inkişaf edib və daha çox maddi gəlir əldə etmək olar, Günay seçimində yanlışlıq etmir. Qonşu ölkədə tanınmaq, dil probleminin olmaması və digər məqamları da nəzərə aldıqda, Türkiyədə model olaraq fəaliyyət göstərmək Musayeva üçün əlverişli sayılır. Günay Musayeva Türkiyədəki əlaqələri sahəsində türk şou-biznesinə daxil olmağa çalışır. Bu məqamlarda müsabiqələrdən birində Türkiyənin məşhur aktyoru Tolqa Karellə tanış olur. Bir müddət sonra Günay Musayeva Türkiyənin tanınmış aktyoru Tolqa ilə ailə qurur. Əslində, Günayın Türkiyənin məşhur aktyoru ilə ailə qurması, eyni zamanda hesablanmış bir izdivac da sayıla bilər. Belə ki, azərbaycanlı modelin türk şou-biznesinə qatılması, orada tanınması üçün məşhur türk aktyoru ilə ailə qurması taktiki baxımdan əlverişlidir. Çünki Tolqa türk şou-biznesinin üzdə olan simalarından sayılır. Günayın onunla ailə qurması türk şou-biznesinə qatılması üçün ən asan yol sayıla bilərdi ki, Günay da bu şansı əldən vermədi. Onların bu izdivacdan bir övladları dünyaya gəlib. Bir müddət sonra Günay Musayeva Tolqa Kareldən ayrılır. Amma bu müddət ərzində Musayeva Türkiyənin şou-biznesində diqqət mərkəzində ola bildi.

Yeri gəlmişkən, Günay Türkiyənin məşhur serial və filmlərində də rol alıb. Model "Kurtlar vadisi”, "Beyaz Karanfil”, "Ben burdan atladım” kimi ekran əsərlərində də rollara dəvət alıb.

Bunlar öz yerində, ancaq Günay Musayeva, əslində sənət aləmində elə də böyük bir fiqur sayılmır. Model açıqlamasında "mən dəfələrlə Azərbaycan bayrağını qaldırmışam!” deməsi də o qədər anlaşılan deyil.

Bəs, Musayeva niyə Azərbaycanda son açıqlamaları ilə bu qədər aqressiv qarşılandı? Modelin Azərbaycan telekanalında türk dilində danışması, iştirakçı ilə ünsiyyətdə kobudluğu və sosial şəbəkələrdə ictimai qınağa tuş gəlməsi də səbəbsiz deyildi. Hətta modelə etirazını bildirənlər onu körpəsinə də qarğış, küfr etməklə cavabı modeli xəstəxanalıq edib. İctimai qınaq insanı təbii ki, narahat edir. Hər bir tanınmış çalışır ki, ictimai qınağın hədəfi olmasın.

Tanınmış modelin anası qızı barədə açıqlamasında "modelyer olmağına biz razı olmamışıq. Atası və mən nə qədər çalışdıqsa, onu fikrindən döndərə bilmədik. Ürək xəstəliyi tapdım. Dostu onun beyninə model olmağı salmışdı. İlk dəfə Maltada 2008-ci ildə keçirilən "Miss World” yarışmasında 60 ölkə içində Azərbaycanı təmsil etdi. Kənd yeridir, baxmayın, əvvəlcə çox utandım. Lakin onun uğurlarını görüncə qəlbim fərəhlə doldu. Azərbaycanımızı təmsil etməyi məni çox sevindirmişdi. Kənddə kim məni görürdüsə, gözaydınlığı verirdi. Sadəcə, qızımı türk dilində danışır deyə bu qədər qınamaq ağır gəlir. Günay məgər xalq düşmənidir?” söylədi.

Bəs görən, cəmiyyətin üzdə olanları Günay barədə nə düşünürlər. Onun tənqidlərə tuş gələn hərəkətinə onların reaksiyası necədir?

Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov "Şərq”ə açıqlamasında "Mən Günayı tanımıram. Deyəsən bu qız azərbaycanlı olduğu halda türk dilində danışdığına görə qınağın qurbanına çevrilib. İndi məsələyə iki tərəfdən yanaşmaq olar. Türk dilində danışmaq günah deyil. Türk millətiyik də. Yəni Türkiyə türkcəsində danışmaq qəbahət deyil. Amma bir məsələ də var, öz dilimizdə danışsa nə olardı ki? Yəni, ay bala, sənin öz ana dilin var. Azərbaycanda böyümüsən. 5 gün Türkiyədə yaşamaq o deməkdi ki, dilini unudasan? Hə, Türkiyə türkcəsi bizim dilimizə yaxındı. Amma öz kanalında, öz ölkəsində, öz dilində danışmaq daha yaxşı olmaz ki? İnsan dinini, dilini unutmamalıdır. Məsləhət edərdim ki, imkan qədər öz dilimizdə danışmağa üstünlük versinlər. Türkiyədə olanda başa düşmək olar. Onlar səni daha düzgün başa düşsünlər deyə, türk dilində danışmaq bəzən vacibdi. Amma öz ölkəmizdə ana dilimizdə danışmaq vacibdi”.

Şou-biznesin tanınmış prodüseri Tolik də Günay Musayevadan danışdı: "Mən Günay barədə tənqidi fikir səsləndirmək niyyətində deyiləm. O mənim dostumdu. Bilirsiniz ki, mən düzə-düz insanam. Yalandan kimsəni də tərifləmirəm. Günay Türkiyədə yetərincə tanınan simadır. Mən onu pis qarşıladım ki, bizdə bəziləri bildi-bilmədi onu tənqid etməyə başladı ki, niyə türk dilində danışır? Niyə iştirakçıya qarşı sərt münasibət göstərir? Biz hamımız Azərbaycan türküyük. Bizim xalq artistlərimiz var ki, 3 gün Türkiyədə qalırlar Bakıya qaydanda türk dilində danışırlar. Bu insan illərdi Türkiyədə yaşayır. Türk vətəndaşı ilə ailəli idi. Ən əsası, bir məqamı unutmasınlar ki, Günay Musayeva Türk Cumhuriyyətinin vətəndaşıdı. Onun çevrəsi türklərdi. O ölkənin vətəndaşıdır. Manana Azərbaycanda Azərbaycan dilində danışır. Biz də bunu ondan tələb edirik bəzən. Bu xanım da türk vətəndaşıdır, Türkiyədə yaşayır, təbii ki, türk dilində danışması çox normaldı. "Bu stil mənim” verilişi də Türkiyənin "rəng yapım” şirkətinin məhsuludur. Yarışda da o münsif kimi iştirakçını söyməyib, onu təhqir etməyib. Münsifin tənqid etməyə ixtiyarı var. Mən də "Nömrə bir yarışı”nda olanda deyirdilər ki, onun münsif kimi orda oturmağa haqqı yoxdu. Niyə yoxdu ki? Mən Azərbaycan şou-biznesində illərdi varam. Mənim təcrübəm buna imkan verir. Yəni biz "mız” qoymağı sevən millətik. Röya Türkiyəyə gedib, Beyazın verilişinə çıxdı. Sevinmək əvəzinə, bir qulp qoymağa başladılar. Türkiyədə tanınmağa gedirlər, nəsə əldə edə bilməyəndə qınayırlar. Axı, Günay Musayeva öz sahəsində kifayət qədər tanınır. Niyə buna sevinmirik ki?”

Tahirə