Tramvaylar Bakıya qayıdır

Oqtay Haqverdiyev dəqiq tarix də söyləyir
“Şəhərin mərkəzi küçələrində tramvay zolaqlarının necə keçəcəyini dəqiq deyə bilmərəm. Bunun üçün Bakının baş planına baxmaq lazımdır”



Dünyanın bir çox inkişaf etmiş ölkələrində nəqliyyatın ən sərfəli və ekoloji cəhətdən təmiz növü sayılan tramvaylardan istifadə edilir. Vaxtilə ölkəmizdə bu nəqliyyat növündən istifadə edilsə də, sonradan ləğv olunub. Belə ki, XIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafı ictimai nəqliyyat növünün inkişafına tələbat yaradıb. 1889-cu ildə yeganə olaraq şəhər nəqliyyatı üçün Bakıda "konqa” (polad rels xəttiylə işləyən fayton) tikilib. Lakin nə faytonlar, nə də "konqa” neft paytaxtının tələbatını ödəyib.

1903-cü ildə Bakıda elektrik tramvay xətlərinin salınması barədə Şəhər Dumasına təklif gəlib. Amma müxtəlif səbəblərdən bu təklifin reallaşması 20 il ləngiyib. Nəhayət, 1922-ci ildə Bakı Soveti layihəni reallaşdıra bilib. Şəhərdə tramvay xətlərinin tikintisinə başlanılıb. Əvvəl lazımi vəsait olmadığından, relslər Rusiyanın bir neçə zavodunda sifariş olunub.

Beləliklə, paytaxtda ilk dəfə 1924-cü il fevralın 8-də elektrik-tramvay yolu istifadəyə verilib. Bu xətt "Azneft” yoluyla Dəmir Yolu Vağzalını birləşdirib.

Şəhərdə ilk dəfə tramvayla sərnişinlərə xidmət etmək şərəfi Aleksandr Lisovski soyadlı bir şəxsə nəsib olub. O, xatirələrində yazıb ki, birinci bir neçə saatı sərnişinləri pulsuz aparıblar və bu, Bakıda böyük bayram kimi qeyd edilib: "Əgər 1920-ci ildə "konqa” 9,9 milyon sərnişin aparırdısa, 1925-26-cı ildə Bakı tramvayları 50 milyondan artıq sərnişin daşıyırdı. 1926-cı ilin iyul ayında Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolu, 1941-ci ilin dekabrında trolleybus xətti salındı, 1960-cı ildən tramvay parkının nəzdində funikulyor fəaliyyətə başladı. 1966-cı ildə tramvay yollarının uzunluğu artıq 102,5 km-ə çatmışdı”.

Bu rahat nəqliyyat vasitəsinə müvafiq qurumların diqqəti olmadığı üçün bir müddət sonra bərbad hala düşüb və vətəndaşlar da artıq sökülüb-tökülən tramvaylardan imtina ediblər. Nəticədə tramvayların ləğv edilməsi və xətlərin sökülməsi üçün zəmin yaranıb. Halbuki, həmin xətləri təmir etmək, tramvayları isə daha müasir modellərlə əvəzləmək olardı.

Onu da deyək ki, Bakının "Xətai” metrosundan "Montin” bazarına qədər uzanan sonuncu tramvay xəttini 2004-cü ildə sökən zaman şəhər rəhbərliyi əsas kimi Milli Bankın yanında yenicə istifadəyə verilmiş göydələnin silkələnməsini göstərib. Amma 1924-cü ildən istifadəyə verilən, 2004-cü ildə isə "vəsait çatışmazlığı” səbəbindən xətləri sökülərək baha qiymətə satılan Bakı küçələrinin köhnə tanışı, "tramvay” geri qayıdır. Ancaq bu, paytaxtda "Ağ şəhər” layihəsi reallaşandan sonra mümkün olacaq.

Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planına görə, Bakı şəhəri tamamilə dəyişəcək. Paytaxtda sürət qatarları, tramvaylar şütüyəcək, dənizin içərisinə doğru yaşıllıq zolaqları salınacaq, əhalinin məskunlaşması artırılacaq. Bütün bunlar yeni layihədə əksini tapıb. Layihə üzərində işlərə 5 aydır başlanılıb. Bakı Dövlət Layihə İnstitutunda hazırlanan plana yalnız paytaxtın 12 inzibati rayonu daxil edilib.

Layihədə tıxacların qarşısını almaq üçün Bakıda relsli ictimai nəqliyyat vasitələrinin yaradılmasına üstünlük verilir. 70-ə yaxın yeni metro stansiyası ilə yanaşı, şəhərin mərkəzində tramvay zolaqları açılacaq, köhnə dəmir yolu xətləri bərpa ediləcək. Əhalinin məskunlaşması üçün yeni yaşayış massivləri də salınacaq. Şəhərin mərkəzi isə qorunacaq. Yaşıllıq zolaqları dəniz ərazisində salınacaq.

Nəqliyyat eksperti Ərşad Hüseynov tramvay xətlərinin yenidən bərpa edilməsi üçün külli miqdarda vəsait və uzun bir zaman lazım olduğunu deyib: "Tramvayların yenidən bərpa edilməsi çətin işdir. Çünki tramvay üçün olan infrastruktur dağılıb məhv edilib. Tramvay elə bir şeydir ki, onun hərəkəti üçün gərək dəmir yolu xətti çəkilə. Dəmir yolu xəttinin konstruksiyası adi asfaltın konstruksiyasından fərqlənir. Gərək yollar yenidən qazıla, şpallar düzülə, şpalların üstünə dəmiryol xətləri qoyula. Bax, problem ordadır. Bakının hər küçəsində bu işləri aparmaq təbii ki, mümkün olmayacaq. İdeya var ki, "Ağ şəhər” deyilən yerdə qısa məsafədə tramvay yaradılsın. Belə olan təqdirdə onun əslində şəhərin nəqliyyat yükü üçün heç bir əhəmiyyəti olmayacaq. Şəhərin sərnişin daşıma yükünü götürmək üçün tramvay xətlərinin şəbəkəsi olmalıdır. Heç olmasa, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir kimi böyük şəhərlərdə bu olmalıdır. O vaxt tramvay xətlərini dağıtdılar. İndi həmin xətləri yenidən bərpa etmək üçün külli miqdarda vəsait və uzun bir zaman lazımdır. Təsəvvür edin ki, Bakının hansısa yolunda adi konstruksiya işləri gedəndə həmin zonada tıxac yaranır, şəhərdə bütün nəqliyyat biri-birinə qarışır. Tramvay xətti tikmək üçün gərək küçələr bağlana, orada tikinti işləri gedə. Daha sonra tramvay xətti buraxılandan sonra digər nəqliyyat vasitələri üçün yolun hansı səviyyədə qalıb-qalmamasına baxmaq lazım

gələcək. Bir sözlə, bu, asan olmayacaq. Amma indi olmasa da, gec-tez Azərbaycan bu məsələyə mütləq qayıdacaq”. Ekspert bir neçə böyük şəhərdə də tramvaya ehtiyac olduğunu deyib: "Azərbaycanda bu dəqiqə tramvayın rentabelliyi də olmalıdır. Tramvay rentabellik baxımından yalnız Bakı, Sumqayıt, bir də Mingəçevirdə bəlkə özünü doğrulda bilər. Tutaq ki, Kürdəmirdə, Ağcabədidə tramvaya ehtiyac yoxdur. Bu yerlərdə heç avtobus düz-əməlli işləmir. Gəncədə isə tramvaya ehtiyac var. Çünki Gəncənin faktiki olaraq 400 min əhalisi var. Ümumiyyətlə, perspektivi nəzərə almaq lazımdır. Biz 20 il bundan qabaq perspektivi nəzərə almadıq. Dəmiryol şpalları kiməsə lazım idi deyə müxtəlif bəhanələrlə sökdülər. İndi onu yerinə qoymaq üçün yaxşı planlar, külli miqdarda vəsait lazımdır”. İqtisadçı-ekspert Oqtay Haqverdiyev də hesab edir ki, tramvayların qaytarılması məsələsi bir-iki ilin məsələsi deyil. Tramvayların Bakıda hansı ildən istifadə veriləcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

İstənilən halda tramvayların Bakıya lazımlı olduğunu vurğulayan ekspertin sözlərinə görə, bu nəqliyyat vasitəsi həm ekoloji, həm də iqtisadi cəhətdən kifayət qədər sərfəli və daha əlverişlidir: "Təbii ki, indiki tramvaylar əvvəlkilərdən fərqlənir. Sürəti də daha çox olacaq. Məndə olan məlumata görə, tramvayların bərpası 2020-ci illərdən sonranın işidir. Amma şəhərin mərkəzi küçələrində tramvay zolaqlarının necə keçəcəyini dəqiq deyə bilmərəm. Bunun üçün Bakının baş planına baxmaq lazımdır. Zənnimcə, tramvaylar bütün şəhəri əhatə etməyəcək. Əgər hansısa dəyişiklik etməyiblərsə, tramvayların "Ağ şəhər”ə çəkiləcəyini eşitmişdim. Çünki tramvayların paytaxtın mərkəzində yenidən hərəkətini bərpa etmək üçün yeni tramvay xətləri çəkilməlidir. Bu, yeni bir layihə olduğu üçün də kifayət qədər vəsait tələb edəcək. Həmin xətləri çəkmək üçün isə yolların genişləndirilməsi vacib haldır. Hətta Bakının hazırda genişləndirilmiş yolları belə tramvayın hərəkəti üçün yararlı deyil. Yolların genişləndirilməsi üçün isə mərkəzdə olan bir sıra idarə və obyektlərin köçürülməsi lazımdır. Bu da böyük xərc tələb edəcək”. Ekspert bildirib ki, xərclərin çox olmasına və işin çətinliyinə baxmayaraq, şəhərin özəlliyini, gözəlliyini qorumaq, ekoloji vəziyyəti yaxşılaşdırmaq və nəhayət, tıxac problemini aradan qaldırmaq üçün tramvay xətlərinin bərpa edilməsi məqsədəuyğundur.

Şəymən