15 ildir ölkədə səhiyyə islahatları aparılır
Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır
Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayıb. Ölkə vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində mütəmadi layihələr icra edilib. Dövlət başçısı İlham Əliyevin birbaşa rəhbərliyi ilə ötən 10 il ərzində insanların yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı çox mühüm işlər görülüb. Büdcədə səhiyyə xərcləri 7 dəfədən çox artırılıb.
Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş yüzlərlə səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən isə onları üstələyir. Şübhə yoxdur ki, dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət düzgün müəyyənləşdirilmiş strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Bütün xüsusiyyətlərinə görə, səhiyyənin yeni inkişaf mərhələsini yaşaması ölkəmizin iqtisadi gücünün və siyasi sabitliyin nəticəsidir. Əldə edilən uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə inteqrasiya edilməsinə zəmin yaradan amillərdir. Yeni istifadəyə verilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir. Strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində, tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdisə, 2017-ci ildə bu rəqəm 40 tona çatıb. Ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir. Mürəkkəb əməliyyatlar, o cümlədən, qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 18 nəfərə qaraciyər köçürülüb, 76 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb. Həmçinin, dövlət hesabına 865 xəstənin açıq ürək əməliyyatı icra olunub, 63 nəfərə böyrək köçürülüb, 42 sümük iliyi transplantasiyası icra edilib. Həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər nəticəsində Avropa regionunun əksər ölkələrində, xüsusən, həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən virusların ölkəmizə keçməsinin qarşısı alınıb.
Bununla yanaşı, Prezidentin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələrə xüsusi diqqət ayrılıb. Konsepsiyanın müvafiq bölümündə səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulub. Martın 27-də Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışında çıxış edən Prezident ölkə səhiyyəsinin inkişafından söz açarkən gələcəkdə görüləcək işlərdən də danışıb. Dövlət başçısı bildirib ki, son illərdə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir edilib: "Biz səhiyyə sisteminin maddi-texniki bazasını böyük dərəcədə gücləndirə bilmişik. Təkcə bu il altı şəhərdə yeni xəstəxana tikiləcək. Azərbaycanın hər bir şəhərində ən yüksək tibbi şərait yaradılır. Səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir. Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir. Son illər ərzində görülmüş işlər nəticəsində insanların ömrü uzanır, bu, gözəl göstəricidir. Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnostikası aparıla bilər. Bir neçə ildir ki, Azərbaycanda dövlət tərəfindən pulsuz tibbi müayinə həyata keçirilir. Hər il beş milyon Azərbaycan vətəndaşı bu xidmətdən istifadə edir. Bu məsələ bir neçə il bundan qabaq mənim təşəbbüsümlə öz həllini tapmağa başlayıb”.
Ötən ay Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən tədbir zamanı tibb ictimaiyyətinin nümayəndələri birmənalı olaraq Prezident İlham Əliyevin səhiyyə ilə bağlı siyasətini dəstəkləyiblər. Azərbaycan Tibb Universitetinin professoru Surxay Musayev bildirib ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır: "Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılıb. Son 15 ildə ölkədə səhiyyə islahatları uğurla reallaşdırılıb. Bu gün təkcə paytaxtda deyil, bölgələrdəki tibb müəssisələri də ən müasir avadanlıqla təchiz olunub. Müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikilib, mövcud səhiyyə ocaqları əsaslı surətdə yenidən qurulub, bölgə sakinləri birbaşa yerlərdə müalicə olunmaq imkanı qazanıblar”.
Ölkədə səhiyyə islahatlarının uğurla reallaşdığını bildirən Mərkəzi Klinik Xəstəxananın baş həkimi, Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tanınmış kardiocərrah Kamran Musayev də tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində qəbul olunan dövlət proqramlarının mühüm rol oynadığını vurğulayıb:
"Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədəki tibb ocaqlarında xidmətin keyfiyyəti yaxşılaşdırılıb. Aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanlar pulsuz dərmanlarla təmin olunub, müalicəyə cəlb edilib. Son illər səhiyyə sahəsində yaşanan ən böyük inqilabi dəyişiklik isə bu sektorun dünyanın müasir tibbi texnika və avadanlıqlarla təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezidentin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı və qara ciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atıb. Bu illər ərzində regionlarda onlarla tibb ocağının, müalicə-diaqnostika mərkəzinin inşası da səhiyyə sisteminin inkişafından xəbər verir”.
İsmayıl