Bu bilgi hamıya lazımdır

Həkim bütün peyvəndlərin xarakteristikasını "Şərq"ə açıqladı

ABŞ istehsalı olan vaksinlərin immunitet əmələ gətirmə qabiliyyəti daha güclüdür


Bu gündən etibarən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə "Pfizer” vaksinin istifadəsinə başlanılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, vaksinin istifadəsinə Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanılıb.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Bunun üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Bunun üçün “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.
Qeyd edilir ki, "Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

Məlumdur ki, Azərbaycanda vaksinasiyaya “CoronaVac” vaksini ilə başlanıldı. Və bu vaksinlə aparılan peyvəndləmə əhalinin böyük bir qismini əhatə etdi. İndi isə “Pfizer” vaksininin istifadəsinə başlanılır. Vaksinlər niyə dəyişdirilir?  Ümumiyyətlə, vaksinlər arasında fərq varmı? 
Məsələyə aydınlıq gətirən həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, “COVİD-19” əleyhinə hazırda dünyada 5 vaksin istifadədədir. Bunlar Çinin “CinoVac” şirkətinə məxsus, bildiyimiz “CoronaVac”, “Sputnik V”, “AstraZeneca”, “Pfizer” və “Moderna” vaksinləridir. Bu vaksinlər arasında elə də ciddi fərq yoxdur, fərq onların hazırlanma texnologiyası ilə bağlıdır:  

- ABŞ istehsalı olan “Pfizer” və “Moderna” ən son texnologiya ilə hazırlanmış vaksinlərdir. Bu vaksinlər daha effektli, daha təmizdir, immunitet əmələ gətirmə qabiliyyəti daha güclü hesab edilir. “Sputnik V” və “AstraZeneca” vaksinləri bədənə adenovirus yeridilməklə immunitet əmələ gətirir. Oxford–AstraZeneca Oksford peyvəndi kimi də tanınır. Əzələdaxili vurulan peyvənd Oksford Universiteti və "AstraZeneca" şirkəti tərəfindən hazırlanıb. Genetik cəhətdən dəyişdirilmiş şimpanze adenovirus ChAdOx1 istifadə edilən vektor vaksinidir. “Sputnik V” peyvəndi də əzələ daxilinə vurulur. COVID-19-a qarşı iki komponentli vektor peyvəndidir. Peyvəndin tərkibində koronavirus yoxdur və özündə insan adenovirus zərrələrinin hissələrini daşıyır, hansı ki, onlarda koronavirusun zərf proteinini - S-in zülalları var, onlarda immunitet yaradır. "Sinovac" şirkətinin "CoronaVac" vaksini ənənəvidir. İnaktiv peyvənddir. Bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edilir. Öldürülmüş virus bədənə yeridilir və immunitet əmələ gətirir.  

Bu peyvəndlərin hər birinin effektivliyi və təsir gücü demək olar ki, eynidir, bir-birinə yaxındır. Çinin “CoronaVac” peyvəndi ənənəvi olduğu üçün daha yararlı, daha əmin hesab edilir. Bu peyvənd uzun müddət istifadə olunub və ağırlaşmalar qeydə alınmayıb. “Pfizer” və “moderna” ən üstün texnologiya ilə hazırlandığı üçün üstün hesab edilir. Ümumi götürsək, hər 5 peyvənd 3 fazadan keçir. 
"Sinovac" peyvəndinin əsas üstün cəhətlərindən biri standart soyuducuda 2-8 dərəcədə saxlanıla bilinməsidir. "Oxford-AstraZeneca " peyvəndi də eyni cür saxlanılma imkanında olsa da, digər bir peyvənd olan "Moderna"nı mənfi 20 dərəcədə, "Pfizer" peyvəndini isə mənfi 70 dərəcədə saxlamaq tələb olunur. Belə fərqlər var. Amma əsas peyvənd olunmaqdır. Vətəndaşlara tövsiyəm budur ki, çox da düşünməsinlər, hansı peyvənd varsa, onu vurdursunlar.