Futbol, domino, kino, çayxana, kitab oxumaq...
Hər gəncin öz məşğuliyyəti var, yetər ki, zaman olsun
Son zamanların ən aktual mövzularından biri gənclərimizin asudə vaxtlarını necə dəyərləndirməsidir. Öncə deyim ki, indiki dövrdə gənclər biri-birindən çox fərqlənirlər. Bir qrup gənc ailədəki maddi problemdən dolayı ölkəni tərk edir, digərləri isə dəyərli zamanlarını boş-bekar gəzib-dolanmaqla keçirirlər. Əksər hallarda rayonlarda yaşayan yeniyetmələr "neynirsən?” sualına "heç, avaraçılıqdır” deyə cavab verirlər. Bu, gəncliyimizin böyük problemidir.
Lakin buna baxmayaraq, asudə vaxtını səmərəli dəyərləndirən, özünü inkişaf etdirən gənclərimiz də az deyil. Qatıldığım bir çox maarifləndirici tədbirlərdə bu mənzərənin dəfələrlə şahidi olmuşam. Gündəlik getdiyim M.F.Axundov adına Milli Kitabxanada gördüklərim də buna əyani sübutdur. Deməli, bizim gənclərimizin bir çoxu asudə vaxtlarını düzgün dəyərləndirməyi bacarır. Onlar zamanlarının çox hissəsini tədbirlərdə, kitabxanalarda keçirirlər. Biz də mövzu ilə bağlı bir neçə gəncə müraciət etdik. Dövlət İdarəçilik Akademiyasının 2-ci kurs tələbəsi Elcan Salıfov bildirdi ki, ümumiyyətlə, asudə vaxtını "həftə içi” və "həftə sonu” olaraq ayırır: "Həftə içi dərsdən gəldikdən sonra 1-2 saat dincəlirəm. Təxminən bir saat bədii kitab oxumağa vaxt ayırıram. İki saat internetlə məşğul oluram, 2 saat gəzirəm və 2 saat dərslərimi oxumağa vaxt ayırıram”. E.Salıfov həftə sonu məşğuliyyətlərinə də toxunub: "Həftə sonu canlı futbola baxmağa gedirəm. Bəzən dostlarımla futbol oynayırıq. Bundan başqa çayxanaya gedib domino oynayıram. Bolling oynamağı, kinoya baxmağı da sevirəm. Ümumiyyətlə, həftə sonumuz maraqlı və əyləncəli keçir”.
Azərbaycan Texniki Unversitetinin 1-ci kurs tələbəsi Surxayev Nicat isə dərsdən evə getdikdən sonra 1-2 saat yatdığını deyib: "Yuxudan durduqdan sonra 1 saat telefonla oynayıram. Ardınca düşürəm həyətə, dostlarımla gəzirəm. Bəzən "Topaz”a gedirəm. Birlikdə çayxanaya gedirik. Orada damino oynayırıq. Həftə sonları bağa gedirəm. İki gün orada istirhət edirəm”.
Dövlət İdarəçilik Akademiyasının 1-ci kurs tələbəsi Paşayeva Xanım: "Həftə içi asudə vaxtlarım az olur. Dərslər, işlər, sosial fəaliyyətlər asudə vaxtımın az olmasına səbəb olur. Lakin asudə vaxtım olan kimi kompüter proqramlaşdırma dillərini öyrənirəm. Eyni zamanda beynəlxalq dillərə olan marağım böyük olduğu üçün boş vaxtlarımda xarici dilləri öyrənirəm. Bildiklərimi təkmilləşdirirəm. Məsələn, ingilis və rus dili biliklərimi təkmilləşdirirəm. Eyni zamanda almanca öyrənirəm. Daha sonra kitab oxumağı da unutmuram. Mən Sumqayıtda yaşadığım üçün hər gün Sumqayıtdan Bakıya gəlməli oluram. Yolda olduğum vaxtı itirməmək üçün bu müddət ərzində kitab oxuyuram. Lakin çox yorğun olanda yolda yatmağı daha üstün tuturam”. X.Paşayeva həmçinin qeyd edib ki, həftə sonları əsasən boş vaxtlarını ailəsi və dostları ilə birlikdə keçirir: "Həmçinin, yarışlarda iştirak edib yeni nələrsə öyrənmək istəyirəm. Hər günümün tək sloqanı var - " az yuxu, çox iş”. Bəlkə də bu ziyanlıdır, amma gələcəyimi qurmaq üçün çox əhəmiyyətlidir”.
Azərbaycan Texniki Universiteti "Gənclərin Virtual İnkişaf və İdarəetmə Mərkəzi”nin direktoru Vüqar Əliyev isə asudə vaxtlarında bədii ədəbiyyat oxuyur: "Xarici və yerli kinolara baxıram, kinoteatra gedirəm. Ən sevdiyim məşğuliyyətim isə dəniz qırağında gəzməkdir. Həftə sonları dostlarımla görüşürəm. Rus, ingilis dilində olan "konserveyşınlar”da oluram. Bir çox layihələrin ideya və rəhbəri olaraq çıxış edirəm. Aktiv bir gəncəm, aktiv bir həyat tərzim var. Asudə vaxtımda təlimlərə və treninqlərə gedirəm. Təlim və treninqlər mənim bilik və dünya görüşümün artmasında böyük rol oynayır. Biz gəncik və tam səmimi şəkildə deyə bilərəm ki: "gələcəyi biz gətiririk”.
Mövzu ilə bağlı Azəbaycan Tələbə Təşkilatının sədri, millət vəkili Şahin İsmayılovun fikirlərini də öyrəndik. Deputat dedi ki, hazırda Gənclər Təşkilatının fəaliyyətinə nəzər salsaq, gənclərin asudə vaxtını səmərəli keçirməsi üçün bir sıra layihələr keçirilir: "Bunlara muxtəlif yay kursları, liderlik məktəbləri, idman yarışları, o cümlədən mədəni festivallar və s. daxildir”. O, həmçinin qeyd edib ki, bu sahədə bir digər istiqamət isə gənclər fondunun fəaliyyətidir: "Dünyada yeganə ölkə Azərbaycandır ki, burada gənclərin fərdi şəkildə layihələrinin dəstəklənməsinə vəsait ayrılır. İstənilən gənc Fonda elektron şəkildə müraciət etməklə 3000 manata qədər vəsait ala, layihələrini gerçəkləşdirə bilər. Digər tərəfdən tələbə dostlarının asudə vaxtını səmərəli keçirməsinə şərait yarada bilər. Ümumilikdə Azərbaycanın çox gözəl gənclər siyasəti var. Bunun əsası da Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də cənab Prezdent İlham Əliyev gənclər siyasətinə xüsusi diqqət yetirir”.
Nihat