2 min illik çiçək buketi

Meksikada tapılan çiçək buketindin ayinlərdə istifadə edilib

Meksikada arxeoloqlar 2 min illik çiçək buketi üzə çıxarıb. Arxeoloqlar bu fikirdədir ki, çiçək buketlərindən tunellərdə təşkil olunan ayinlər zamanı istifadə edilib.

“Şərq” “İnterpendent Türkcə”yə istinadən xəbər verir ki, 2 min illik çiçək buketi Meksikanın antik Teotihuacan şəhərindəki ən böyük üçüncü piramida “Tüklü İlan” məbədgahında torpaq qatının 12 metr dərinliyində tapılıb. Arxeoloqlar hesab edir ki, bu cür çiçək buketlərindən o dönəmlərdə keçirilən ayinlər zamanı istifadə edilirmiş. Tapıntını Meksika Beynəlxalq Antropoloji və Tarix İnstitutunun arxeoloqları üzə çıxarıb. Arxeoloqlar bu qədər yaxşı qorunmuş bir bitki növünə ilk dəfə rast gəlindiyini deyir: “Çox yaxşı mühafizə olunmuş 4 buket var. Əlavə olaraq bir neçə kiloqram kömür qalıntısı da tapılıb. Bu da çiçəklərin atəş yandırıldığı, tonqal qalandığı bir ayin zamanı istifadə edildiyini təsdiq edir. Çiçək buketləri 2 min ildir iplə bağlı halda qalmaqdadır”.