“Bilmədən həmin insanı torpağa basdırırlar, bu, ona daha da zərər verir”
İldırım təkcə telefonla danışanları vurmur
Şimşək çaxan zaman boş sahədəsinizsə, yerə uzanın
“Bilmədən həmin insanı torpağa basdırırlar, bu, ona daha da zərər verir”
“Bilmədən həmin insanı torpağa basdırırlar, bu, ona daha da zərər verir”
Cəlilabad sakinini ildırım vurub. Rayonun Cəfərxanlı kənd sakini, 33 yaşlı Zahid Əhmədov əkin sahəsindəki işini yekunlaşdırmaq üçün axşam saatlarında ora gedib. Bu zaman onun mobil telefonuna zəngin gəlməsi ilə şimşək çaxmasının üst-üstə düşməsi Zahidin həyatı bahasına başa gəlib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qeyd edək ki, son zamanlar havaların soyuqlaşması və göy gurultusu, ildırım çaxması ilə müşayiət olunması fonunda Cəlilabad sakininin ölümü əhalinin ildırım vurmadan qorunma məsələsini gündəmə gətirib. Mütəxəssislər isə əhalinin bu istiqamətdəki bilgilərinin kifayət qədər aşağı olduğunu düşünür.
Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamil Qurbanov "Şərq”ə açıqlamasında ildırımların müxtəlif olduğunu deyib: "Bəzi ildırımlar buludların arasında çaxır və bu o qədər də təhlükəli deyil. Müxtəlif elektrik yükünə sahib iki bulud arasında və ya buludla yer arasında baş verən ildırım çaxması daha təhlükəlidir. İldırım çaxması təbiət hadisəsidir. Atmosferdə səslə müşahidə olunan, insan həyatına və əmlakına ciddi ziyan vuran yüksəktezlikli elektrik boşalması hadisəsidir. İldırım qoruyucu olmadan birbaşa obyektlərin, evlərin və ağacların üzərinə düşdükdə yanğınlar törədir. Bir çox yerlərdə təbii fəlakətlərə səbəb olan yağışlı havalar ildırımları da özü ilə gətirir. Meşə sahələrinə düşdükdə isə yanğınlara səbəb olur. Şəhərlərdə ildırım vurma kənd yerlərinə nisbətən az olur. Bu, şəhərlərdə uca binaların olması ilə əlaqədardır. Hündür binaların üstündə sivri ötürücülər quraşdırılaraq ildırımın gücü yerə çatana qədər paylanır. Onu da deyim ki, dağ rayonlarında buludlu havalar çox olduğu üçün bu ərazilərə ildırım düşməsi ehtimalı da daha çox olur”.
İnsanların ildırım vurmasından qorunma yollarına gəldikdə isə alim deyib ki, bəzən insanlar yanlış olaraq ildırım çaxanda ağacın, çox zaman ən hündür çinar ağaclarının altında gizlənirlər: "Lakin bilməlidirlər ki, bu ən təhlükəli variantdır. Çünki ildırım şiş olan yerlərə, uca ağacların, hündür tikililərin üzərinə düşür. İldırım çaxanda açıq sahədə olanların mühafizə üçün heç bir imkanı yoxdursa, şaquli vəziyyətdən horizontal vəziyyətə keçməli, yəni yerə uzanmalıdır. Şəhərdə olanlar isə yaxınlıqdakı binanın zirzəmisinə girməlidirlər. İldırım binanın üzərinə düşsə də, o, yuxarı mərtəbəyə zərər vuracaq”.
İldırım çaxanda telefonla danışmağın həqiqətən təhlükəli olub- olmadığı sualına cavabında isə mütəxəssis həmin anda bütün elektrik cihazlarının təhlükəli olduğunu deyib: "Çünki ildırım bir çox hallarda elektrik dirəklərinin üzərinə düşür. Ona görə də bu cür dirəklər mühafizə qurğuları vasitəsilə qoruyurlar. Mobil telefonlarına gələn siqnallar kifayət qədər güclü olduğu üçün ildırımı çəkə bilər. Bayaq da dediyim kimi, ildırım ancaq şiş yerləri, hündür binaları vurur. Telefonla danışmaq o qədər də təhlükəli deyil. Lakin ildırım çaxanda evlərdə cihazlar elektrikdən ayrılmalıdır. Çünki elektrik xətlərinin ətrafında elektrik sahəsi olur, ildırım həmin sahəyə düşə bilər. Bu zaman da həm istehsalçı və istehlakçı tərəfdən xətalar olur. Cihazlar sıradan çıxsa da, həmin evlərdə yaşayan insanlar üçün təhlükəsi yoxdur. Əlbəttə, elektrik transformatoru ilə işləyənlər üçün təhlükəlidir”.
İldırım vuran şəxsə ilkin tibbi yardımın göstərilməsinə gəlincə, K.Qurbanov bildirib ki, bununla bağlı insanların məlumatlılığı çox aşağıdır: "İldırım vuran insanın bədənindən böyük cərəyan keçir. Nəticədə insan bədənində qan donur və o, dünyasını dəyişir. Bilmədən həmin insanı torpağa basdırırlar, bu, ona daha da zərər verir.
İldırım vurma zamanı insanın ürək və tənəffüs fəaliyyəti pozulduğu üçün ilk növbədə zərərçəkmişə həkim gələnə qədər ürəyi masaj edib, süni tənəffüs vermək lazımdır. Düzdür, insanın sağ qalması həm də ildırımın gücündən asılıdır. İldırım şaxələnmiş haldadırsa, cərəyan azdırsa, həmin insan sağ qala bilir. İldırım birbaşa dəyibsə, onu həyata qaytarmaq çətindir. İlkin yardımda süni nəfəs vermək lazımdır, daha sonra xəstəxanaya çatdırmalı, müvafiq reanimasiya tədbirləri görülməlidir, yanıqlar müalicə edilməlidir”.
Qeyd edək ki, FHN Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsi yağışlı-şimşəkli havada ildırımdan qorunmağın yollarını açıqlayıb. FHN-in saytında yer alan məlumatlara görə, həmin vaxt qapı və pəncərələr bağlanmalı, elektrik cihaz və avadanlıqları cərəyan mənbəyindən ayrılmalıdır: "Təhlükə vaxtı onlara toxunmayın, telefonla danışmayın, radiator və digər qızdırıcı sistemlərin borularına əl vurmayın, bu müddət ərzində duş qəbul etməyin, qab-qacaq və paltar yumayın, çünki su yaxşı elektrik keçiricisidir, təhlükə vaxtı mənzilləri tərk etməyin, çünki belə hallarda ən təhlükəsiz yer qapalı yerlərdir”.
Mütəxəssislərin hesabına görə, açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilirsə, bu, ildırım düşmə riskinin olması (ildırımın baş verəcəyindən xəbər verir) deməkdir. Belə hallarda ayaqlar birləşmiş vəziyyətdə dərhal diz üstə yerə çöküb, əlləri dizlərin üstünə qoyub və önə doğru əyilmək tövsiyə olunur: "Bu, "embrion vəziyyəti” adlanır, yağışlı və göy gurultulu havada küçədə olarkən ildırımdan qorunmaq üçün bayraq, telefon, işıq və buna bənzər digər metal dirəklərdən uzaqda dayanın, çünki bu cür dirəklərə ildırımın düşmə riski daha çoxdur. Güclü yağışlı-şimşəkli havada açıq sahələrdə qalanlar üçün isə ən təhlükəsiz yer avtomobilin içi və ya digər bağlı metal konstruksiyalardır. Təhlükə zamanı avtomobili saxlayın, şüşələri qaldırın, radio-antenanı endirin və avtomobildə oturarkən onun metal hissələrinə toxunmayın. Təhlükə vaxtı avtomobili ağac altında saxlamayın. Mağara, vadi və alçaq ağaclar ən yaxşı təhlükəsiz yerlər hesab olunur. Meşədə açıq sahədə çadır qurmayın. İslanmış bədən və paltarlar ildırım vurma təhlükəsini artırır. Şimşəkli-ildırımlı havada yaş paltar və yaş ayaqqabı ilə gəzməyin. Təhlükə vaxtı üstü açıq nəqliyyat vasitələrini tərk edin. Açıq ərazilərdə çətir açmayın, çünki çətirin üst hissəsindəki metal çubuq ildırım zamanı çox təhlükəlidir. Yağışlı ildırımlı havada bayırda və evdə telefonla danışmayın. Təhlükə vaxtı dəmir yolunun yaxınlığında dayanmayın. Dənizdə çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sudan sahilə çıxmağa çalışın. Traktor, otbiçən maşın, motosiklet, velosiped və sair bu kimi vasitələrdən 30 metr aralı dayanın. Qrup halındasınızsa, toplu halda qalmayın, bir-birinizdən ən azı 1,5 metr məsafədə dayanın”.
Şəymən