Ad və soyadlar tələblərə uyğun olmalıdır

“Bir də gördün, birisi israr etdi ki, uşağımın adını Hitler qoymaq istəyirəm”
“Uşağa ad qoyanda gərək uşağın gələcəyini də düşünəsən ki, gələcəkdə uşaq öz adından xəcalət çəkməsin”


Azərbaycanda şəxs adlarının tələffüz forması ilə yazılmasına icazə verilməyəcək. Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, Azərbaycanda eyni adların müxtəlif formalarda yazılması hallarının aradan qaldırılması üçün bütün adların düzgün yazılışının göstərildiyi kitab hazırlanıb. Kitaba 6300-ə yaxın ad daxil edilib: "Biz bu lüğətdə adların sayını azaltmışıq, mövcud 8200 addan təqribən 6300-nü saxlamışıq. Onların çoxunu, 2000-ə yaxını - "Kolxoz”, "Sovxoz” kimi adları çoxdan siyahıdan çıxarmışdıq. İndi isə tələffüz forması ilə yazılan adları siyahıdan çıxarmışıq.

Məsələn, "Əlihəsən”də, "Əlhəsən”, yaxud "Əlihəsə” də yazılır. Biz bu adlardan ancaq "Əlihəsən”i götürmüşük.

"Tapdıq” adı "Tapdığ”, "Tapdıx” kimi, yəni tələffüz formasında yazılır. Biz bu adlardan yalnız "Tapdıq”ı saxlamışıq. Rayonlarda qeydiyyat şöbələrində oturan məsul şəxslər həm çox savadlı olmalıdırlar, həm də adların düzgün yazılış forması onların əlinin altında olmalıdır. Bunlar olmadığına görə adların yazılışında müxtəliflik əmələ gəlirdi”.

S.Sadıqova bildirib ki, həmin vəsait nəşr edilərək yerli şöbələrə paylanıldıqdan sonra bütün adlar vahid formada yazılacaq və eyni adların müxtəlif formalarda yazılmasına icazə verilməyəcək.

Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən apardığı araşdırmalar nəticəsində məlum olub ki, təkcə bir hərfin belə səhv, eyni zamanda tələffüz formasında yazılması nəticəsində bir adın 2-3 deyil, hətta 4-5 yazılış forması yaranıb.

Araşdırmalar nəticəsində bəlli olub ki, incə, zərif qız (qadın) mənasını verən Ruqiyyə adının düzgün yazılış forması son 5 ildə 1 nəfərə verilsə də, bu adın yanlış formaları daha çox uşağa qoyulub.

Belə ki, son 5 ildə yanlış formada yazılan Ruqəyyə adı 342 nəfərə, Rüqayyə adı 637 nəfərə, Rüqəyyə adı 732 nəfərə, Rüqəyyəm adı 1 nəfərə verilib.

Mənası "Ən böyük, ən ulu”, əsl yazılış forması isə Kübra olan bu adın da 4 yazılış forması yaranıb. Son 5 ildə adın düzgün yazılış forması - Kübra 103 nəfərə verilib. Adın səhv yazılış forması olan Kubra 99, Kubrə 8, Kübrə 8 nəfərə verilib.

5 formada yazılan Nərgiz adının yanlış yazılış forması - Nərgis son 5 ildə 4 nəfərə, Nərgıs 3 nəfərə, Nərgız 3 nəfərə, Nərçis 1 nəfərə verilib.

Son 5 ildə Fuad adının səhv variantı olan Fuat adı 2 nəfərə, Səməd adının düzgün yazılış forması olmayan Samed adı 4 nəfərə, düzgün yazılış forması Həmzə olan Hamza adı son 23 nəfərə, Həsən adının səhv yazılmış Hasan adı 15 nəfərə, Hüsniyyə adının yanlış yazılış forması olan Hüsniyə 13, Humay adının yanlış forması olan Hümay 12, Aliyə adının yanlış forması olan Aliye 3 nəfərə verilib.

Son 5 ildə Kerim (əsl yazılış forması Kərim) 7, Yağub (əsl yazılış forması Yaqub) 3, Yahya (əsl yazılış forması Yəhya) 39, Gulnara (əsl yazılış forması Gülnarə) 10, Gürşad (əsl yazılış forması Gülşad) 11, Qəhraman (əsl yazılış forması Qəhrəman) 8 nəfərə, Natavan (əsl yazılış forması Natəvan) 33 nəfərə, Hafis (əsl yazılış forması Hafiz) 35 nəfərə, Qəfər (düzgün yazılış forması Qafar) 16, Kenan (əsl yazılış forması Kənan) 11 nəfərə, Qızbəst (düzgün yazılış forması Qızbəs) Kəmran (əsl yazılış forması Kamran) 3 nəfərə verilib.

Mütəxəssislər isə bu fikirdədir ki, adların düzgün şəkildə qeydə alınması, birinci növbədə VVAQ şöbələrində çalışanların üzərinə düşür. VVAQ şöbələri əməkdaşları adların düzgün yazılış formasını, orfoqrafiya qaydalarını bilməlidirlər və vətəndaşları da düzgün yönləndirməli, başa salmalıdırlar.

Bəzi adların tələffüz edildiyi kimi qeydə alınmasında ikinci səbəb bəzən vətəndaşların israrıdır. Vətəndaş israr edir ki, ad məhz belə yazılmalıdır. Uşağın babasının, ulu babasının, nənəsinin və s. adıdır. Tutalım, babanın adı Hasandır, hamı onu Hasan kişi çağırırmış, övlad da israr edir ki, nəvənin adı Hasan yazılmalıdır. Daha bu insana başa salmaq olmur ki, Hasan elə Həsəndir. Sadəcə, bəzi regionlarda ləhcə fərqinə görə, Həsən Hasana çevrilib. "Koroğlu” dastanında Hasan Paşa adı keçir. İnsanlar nəzərə almır ki, "Koroğlu” eposunun yarandığı, yayıldığı dövrdə Həsən adı Hasan kimi işlənə bilərdi. Dildə, tələffüzdə dövrə görə dəyişmələrin olması tamamilə mümkündür. Adicə bir misal. Köhnə Azərbaycan filmlərində Lalə adı "Lala” kimi tələffüz edilir. Bir sıra aşıq şeirlərində, qoşmalarda da lalə çiçəyi "lala” kimi işlənib. İndi bizim körpəyə bu adı Lala formasında deyil, Lalə şəklində verməyimiz daha düzgün olmazmı?

Digər bir səbəb bəzi adların ərəb dilindən, bəzilərinin də Türkiyə türkcəsindən dilimizə, məişətimizə daxil olmasıdır. Məsələn, dindar kəsim körpəyə peyğəmbərimiz Muhəmməd əleyhissəlamın adını vermək istəyir və israr edir ki, ad ərəbcədə olduğu kimi yazılsın. Yaxud Hüseyn, Mehdi adları. Ərəb qrafikasında "ü”, "e” hərfləri və səsi olmadığı üçün bu adlar Huseyn və Məhdi kimi yazılır. Amma bizim məişətimizdə bu adlar Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun olaraq Hüseyn və Mehdi kimi qəbul edilir. Bəzi vətəndaşlarımız da Türkiyə türkcəsi ilə adlar seçirlər. Mətin adını Metin kimi yazdırırlar. Daha anlamırlar ki, Metin, elə Mətindir. Adların yazılışında dilimizin ahəng qanununa tabeliyi də önəmli rol oynayır. Məsələn, biz Süsən adını Susən formasında deyil, məhz Süsən kimi qəbul edirik, çünki dilimizin ahəng qanununa görə, incə sait incə ilə, qalın sait qalınla qoşalaşmalıdır.

Məsələyə münasibət bildirən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, professor Nizami Cəfərov "Şərq”ə açıqlamasında şəxs adlarının düzgün yazılış formasını göstərən lüğətin nəşr edilməsini müsbət addım adlandırdı:

- Bu lüğət sayəsində dilimizin orfoqrafik qaydalarına, türk dillərinin dəmir qanunu hesab edilən ahəng qanununa riayət ediləcək. Bu, çox yaxşıdır. Bu işdə VVAQ şöbələrinin üzərinə böyük məsuliyyət düşür. Məhz VVAQ şöbəsi əməkdaşları vətəndaşlara düzgün məsləhətlər verməli, nəyin səhv, nəyin doğru olduğunu anlatmalıdırlar. Düzdür, sərt qadağalar bəzən lazımi effekti

vermir. Mən də razıyam ki, qadağalardan daha çox tövsiyələrə, maarifləndirmə işlərinə üstünlük verilməlidir. Amma bəzən tövsiyələr, məsləhətlər fayda vermir, o zaman qadağalar işə düşməli olur. Məsələn, bir də gördün, birisi israr etdi ki, uşağımın adını Hitler qoymaq istəyirəm. İndi neyləməliyik? Bir adam ki, beyninə yeridib bu adı, deməli, anormaldır. Anormal adamla nə maarifləndirici tərzdə, nə də tövsiyə xarakterli söhbət apara bilərsən. Belədə gərək qanunun tələblərinə söykənəsən. Ona görə də qanun da olmalıdır, maarifləndirici işlər də aparılmalıdır, tövsiyələr də verilməlidir. Amma tövsiyənin də içində gərək tələbə oxşar bir forma olsun.

N.Cəfərov qeyd etdi ki, ad və soyad məsələsində əsas prinsip millilik, bədii-estetik tələblərə uyğunluq olmalıdır:

- Uşağa ad qoyanda gərək milliliyi də düşünəsən, uşağın gələcəyini də düşünəsən ki, gələcəkdə uşaq öz adından xəcalət çəkməsin. Valideyn deyir, uşaq mənimdi, özüm bilərəm nə ad qoyuram. Xeyr, belə deyil. Uşaq valideynin olduğu qədər də cəmiyyətindir. Sabah o uşaq bizim cəmiyyətin bir üzvü olacaq. İnsan hüquqları baxımından da qanun uşağın gələcək hüququnu qorumuş olur. Çünki kiçik yaşında onun əvəzinə ata-anası qərar verir. Bu qərar elə olmalıdır ki, gələcəkdə uşaq ona görə əziyyət çəkməsin. Yenə də biz təbliğatı genişləndirməliyik və vətəndaşlarımızı gözəl adlar seçməyə yönləndirməliyik.

Məlahət Rzayeva