Səfər Əbiyevin müavini şikayətçidir





Sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olan Mehman Səlimov birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Lent.az-a bu barədə onun oğlu məlumat verib. Bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib. İş yaxın günlərdə icraata veriləcək.
Qeyd edək ki, Mehman Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləyib. O, 2014-cü ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.