Jurnalistin özünə qəsd etməsinə münasibət birmənalı deyil
Son zamanlar intihar Azərbaycanda geniş yayılıb. Artıq insanlar adi bir uğursuzluqda son çarə olaraq ölümü görürlər. Və intiharlarla bağlı münasibət bildirən ekspertlər hər dəfəsində intiharı bir növ cahillik kimi dəyərləndirirlər. Medianın intiharlardan bu qədər yazdığı bir dönəmdə elə
xanım həmkarımız da özünə qəsd edib. Özünü öldürmək istəyən jurnalist Səbinə Haşımova çoxlu həb içib.
Ailə üzvlərinin sayıqlığı nəticəsində qızın həyatını xilas etmək mümkün olub. Təcili Tibbi Yardım maşını ilə Respublika Kliniki Xəstəxanasına çatdırıblar. Həkimlər jurnalistin mədəsini yuyaraq zəhərlənmənin qana keçməsinin qarşısını alıblar. Özünü öldürmək istəyən jurnalist dünən sosial şəbəkədə KİV-lərə müraciət paylaşıb. Onun yazdığına görə, müstəqil işini qurmaq üçün faizlə 1000 manat pul götürüb. Daha sonra xalası qızının həyat yoldaşı Məmmədov Əli Xəlil oğlu tərəfindən həmin faiz borcu bağlanıb: "Mənə bu hal müəmmalı qaldığı üçün heç vaxt üzünü görmədiyim xalam qızının yoldaşı Əli ilə əlaqə saxladım. O, bu köməyi rəhmətlik atamın vaxtilə onlara çox köməklik etməsi ilə əlaqələndirdi. Daha sonralar işləmədiyimi bildiyi üçün ayrı-ayrı vaxtlarda qohumumuz taksi sürücüsü ilə mənə üç min, oğlu vasitəsi ilə isə min manat göndərib. Beləcə, mənə köməyini artırmağa çalışıb. Axır məqamlarda yardımlarını qəbul etmədiyimi görüb əxlaqsız təkliflər etməyə başladı”. Ancaq qarşı tərəf onun 18 min manat borclu olduğunu bildirərək polisə müraciət edib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, Haşımova Səbinə İsmayıl qızı 2003-cü ildən Trend Life.az İnformasiya agentliyində, ATV, Lider, Xəzər telekanallarında jurnalist olaraq çalışıb.
Vəziyyətlə tanış olanda çox təsirləndiyini vurğulayan jurnalist Təranə Xudabaxşıyeva bu hadisə ilə bağlı münasibət bildirməyin çox çətin olduğunu deyib: "Ümumiyyətlə mən pul məsələlərinə çox diqqət yetirən biriyəm. Belə şərlənmənin olmaması üçün hər şeyi şahid və ya sənədləşdirmə ilə etmək lazımdır. O ki qaldı intihara cəhd, düzü, bu məsələdə susacam, çünki çıxılmaz vəziyyətdə qalan insan hər şey edə bilər. Allah kömək olsun. Sadəcə həyat günü-gündən daha da çətinləşir və daha çox belə halların olmaması üçün hər addımımızda diqqətli olmalıyıq. Onu da deyim ki, özümü ağıllı kimi göstərmirəm, amma bu məsələdə mənə qaranlıq qalan detallar xeyli çoxdur. İndiki dövrdə kim kimə 2-3 min pul verər? Qardaş bacıya 1000 manat vermir, o ki qaldı tanımadığı uzaq qohum. Əlbəttə ki, bunun bir məqsədi olacaq. Məqsədim kimisə ittiham etmək və kiminsə şəxsi həyatına müdaxilə də deyil, sadəcə olaraq üzünü görmədiyi qohum söhbətinə inanmadım. Ortada nə isə iş var ... Həm də ki, kişi polisə gedibsə, deməli, hardasa haqlıdır ki, bunu edə bilir! 18 min az pul deyil ki, kiməsə şər atılsın”.
Digər xanım jurnalist Sevinc Telmanqızı isə intiharın heç bir halda problemdən çıxış yolu olmadığını deyib: "İntihar insan çarəsizliyinin son həddi və ən uğursuz "həll yolu” vasitəsidir. Sadə vətəndaşların da zaman-zaman borc, sosial problemlərdən çıxış yolu kimi intihara əl atdığını görürük. Təbii ki, jurnalist də insandır, hissləri, zəiflikləri ola bilər. Amma jurnalistləri digər peşə sahiblərindən həm də ayıq-sayıq olmaları, nisbətən soyuqqanlılıqları fərqləndirməlidir. Biz özümüz intiharın əleyhinə kampaniya aparmalı, insanları buna təşviq etməməliyik. Konkret olaraq, faktla bağlı isə heç nə deyə bilmərəm. Çünki bu hadisədə adı hallanan xanımın jurnalist fəaliyyətindən xəbərim yoxdur. Nə şəxsən tanışlığım var, nə də qiyabi. İmzasına da bələd deyiləm”.
Şəymən