Suriyada döyüşən azərbaycanlı: “Suriyada yaşayıb ticarətlə məşğul olmaq niyyətindəydim”
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə ittiham olunan 10 nəfərlik dəstə üzvünün - Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Vüqar Dursunəliyev, Elvin Dursunəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən İlkin Babazadəyə sərbəst ifadə vermək təklif olunsa da, o, ifadə verməkdən imtina edib. İ. Babazadə hakimin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırmaq istəməyib.
İttiham olunanlardan Malik Musayev isə ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını, 2009-cu ildən ibadətlə məşğul olduğunu, Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kursunda təhsil aldığını, Suriyaya döyüşmək məqsədilə getmədiyini deyib: "Suriyaya getməkdə məqsədim dini rahat şəkildə yaşamaq idi. "Muaz” adlı bir nəfərlə internetdə tanış oldum. O, kömək edəcəyini dedi. Türkiyədə Hasan adlı şəxsin vasitəsilə sərhədi keçdim. Aqil Hacıyevin camaatına qoşuldum. Mənim silahım olmayıb. Heç kimdə silah da görmədim. Mənə Bəşər Əsədə qarşı birlikdə vuruşmağımızı təklif etdilər. Razı olmadıq deyə bizi əsir götürdülər. On gün əsirlikdə olmuşam. Tabe olmadıq deyə bizi oradan Türkiyə sərhədinə gətirdilər. Türkiyədən deportasiya olunduq. Hava limanında bizi MTN qarşıladı.18 yaşım vardı, gənc idim. Valideynlərimdən xəbərsiz getmişdim. Suriyada yaşayıb ticarətlə məşğul olmaq niyyətindəydim”.
Bundan sonra təqsirləndirilənlərədən Vüsal Bayramov, Samir Həşimov, Vüqar Dursunəliyev də məhkəmədə sərbəst ifadə verməkdən imtina edib. V. Dursunəliyev qısa çıxış edib: "Allah səbr edənlərlə bərabərdir. Kim Allahın hökmlərinə üz çevirərsə, onlara əzab verər. Mən müsəlmanam və Allahın buyurduğu qaydalara əməl etməyi seçmişəm. Biz Amerikanın demokratiyasını qəbul etmirik. Allahın buyurduğu qaydada yaşamaq istəyirik”.
Məhkəmə prosesi aprelin 23-ə kimi təxirə salındı.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddə, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər saxlanıb.