“Manat öz real qiymətini almalıdır”

Vahid Əhmədov: “Proses ilin axırına kimi davam edəcək”
“Çünki manatın məzənnəsinin qorunub saxlanması əlavə xərcdir, hansı ki, onu real sektora yönəldə bilərik”


Dollar hər gün bir az daha bahalaşır. Azərbaycan Mərkəzi Bankı iyunun 30-na olan rəsmi məzənnəni açıqlayıb. AMB-dən verilən məlumata görə, ABŞ dollarının iyunun 30-na olan rəsmi məzənnəsi 1,5394 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, manatın qəpik-qəpik ucuzlaşması bir çoxları üçün ciddi əhəmiyyət kəsb etməsə də, əhalinin banklara kredit borcu olan təbəqəsini təşvişə salıb. Xüsusən də dollarla kredit borcu olanlar bundan öncəki devalvasiyalarda olduğu kimi çətin vəziyyətdə qalacaqlarını düşünürlər. Bir yandan da marketlərdə ərzağın kəskin şəkildə bahalaşması, yayın ortası olmasına rəğmən kənd təsərrüfatı məhsullarının qiymətinin "ceyran belində” olması insanların səbr kasasını daşdırıb. Mövcud problemlər sadəcə bununla bitmir. İqtisadi problemlərdən daha böyük bir məsələ də onun yaratdığı fəsadlardır. Böhran dərinləşdikcə, ölkədə oğurluq, intihar, qətl hallarının da sayında artım müşahidə olunur. Bir tərəfdən də işsizlər yaranır. Bəs bu işlərin axırı necə olacaq? Kredit borcu olanlara dövlət hansısa formada yardım edəcəkmi?

Əhalinin borc yükünün özündən asılı olmayan səbəblərdən artdığını vurğulayan ekspertlər hesab edir ki, əhalinin müəyyən bir təbəqəsinə həm dövlət, həm də banklar tərəfindən güzəştlər edilməsə, proseslər qarşısıalınmaz məcraya yönələ bilər. Hökumət və Mərkəzi Bank tərəfindən belə bir addım atılmasa, problemli kreditlərin həcmi daha da artacaq və bir müddət sonra hökumət də, Mərkəzi Bank da daha böyük xərclər hesabına bu problemi həll etməyə məcbur olacaqlar.

Problemin həlli ilə bağlı həmkarı Əli Məsimli ilə birlikdə təkliflər paketi hazırlayıb ölkə başçısı və aidiyyəti qurumlara təqdim etdiklərini vurğulayan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov da hesab edir ki, ortaya ciddi iradə qoyulmazsa, mövcud gərginlik daha da dərinləşə bilər: 

"Bank sistemində islahatlarla bağlı ciddi problemlər var. Bankların sağlamlaşdırılması ilə əlaqədar müəyyən addımlar atılmalıdır. Mövcud problemlərin həlli ilə bağlı cənab Prezidentin Maliyyə Bazarlarına Nəzarət Palatası və digər orqanlara göstərişi var. Hazırda Palata bu işlə məşğuldur. Onlar bir aydan çox müddətində bütün bankların diaqnostikasını aparıb və banklarda olan vəziyyət aşkarlayıblar. Yəni real mənzərə ortadadır. Yerdə qalır onların müzakirəsi və müvafiq qərarların qəbul olunması.
Ümumiyyətlə iki devalvasiya fonunda ölkə iqtisadiyyatında çox ciddi problemlər yaranıb. Ona görə də, məsələnin həlli istiqamətində nə qədər tez addım atılsa, itkilərimiz bir o qədər az olar.
Bilirsiniz ki, həmkarım Əli Məsimli ilə birlikdə 14 səhifəlik xüsusi təklif paketi hazırlayaraq Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirova, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlıya və Milli Məclisin sədri Oqtay Əsədova göndərmişik. Müraciətin üstündən 2 aya yaxın vaxt keçsə də, hələ cavab gözləyirik. Amma biz yenə də öz işimizi davam etdiririk. Hesab edirik ki, ciddi danışıqlar olmalıdır.

- Müzakirələrdən söz düşmüşkən, parlamentdəki çıxışlarınızın birində bank sistemində yaranmış ağır vəziyyətlə əlaqədar bank rəhbərlərini Milli Məclisə dəvət edərək müzakirələr aparılmasını təklif etmişdiniz...

- Düzdür, bir müddət əvvəl belə bir təklif irəli sürüb, problemin ciddiliyinə diqqət çəkmişdim. Amma hələlik belə bir görüş baş tutmayıb. Hansı ki, günümüz üçün bu cür danışıqlar son dərəcə ciddi əhəmiyyət kəsb edir. Faktiki olaraq Azərbaycanda bank sistemi dayanıb və çox təəssüf ki, vəziyyət günü-gündən qarşısıalınmaz hal alır. Biz bu sistemi sağlamlaşdırmasaq, kredit portfeli məsələsini indidən həll etməsək, sonradan daha da ciddi problemlərlə üzləşəcəyik. Ona görə də, danışıqların başlanğıc üçün atılması zəruri olan addımlardan biri olduğunu düşünürəm.

- İndiki situasiyada vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün hansı addımlar atılmalıdır?

- Bunun bütün yolları aidiyyəti şəxslərə ünvanladığımız təkliflər paketində öz əksini tapıb. Onların nəzərə alınıb-alınmayacağını isə deyə bilmərəm. Yuxarıda da qeyd etdiyim kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası bu problemlərin həlli üçün əlindən gələni edir.

- Yeri gəlmişkən, bu günlərdə Palatanın department direktoru Azərbaycanda sığorta ombudsmanının yaradılma ehtimalından söz açıb. Sizcə, sığorta ombudsmanının yaradılmasına ehtiyac varmı?

- Bir müddət əvvəl də maliyyə ombudsmanının yaradılması ilə bağlı təkliflər irəli sürülmüşdü. Zənnimcə, yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası kifayət qədər böyük və ciddi bir təşkilatdır. Eyni zamanda da birbaşa ölkə başçısına tabedir. Hesab edirəm ki, bu təşkilat tam formalaşandan sonra nə sığorta, nə də maliyyə ombudsmanına ehtiyac olacaq. Palata qarşıya qoyulan bütün işlərin öhdəsindən gələ bilər. Düzdür, bir sıra dövlətlərdə Palata ilə yanaşı, Ombudsman da fəaliyyət göstərir. Amma Azərbaycan elə də böyük dövlət olmadığı üçün əlavə strukturların yaradılmasına ehtiyac görmürəm.

- Vahid müəllim, kredit problemlərindən əlavə bazardakı kəskin bahalaşma da bir yandan insanların həyat şəraitini ağırlaşdırıb. Bu məsələ necə tənzimlənməlidir?

- Ümumiyyətlə, ölkədə problemlər çoxdur. Hansı sahəyə toxunsan, mütləq şəkildə bir çatışmazlıq ortaya çıxır. Əslində bu problem tək Azərbaycanla məhdudlaşmır. Qonşu dövlətlərdə də analoji hal yaşanır. Bütün bunlara səbəb isə dolların bahalaşması fonunda milli valyutaların dəyərdən düşməsidir. Amma biz bu problemlərin öz yanından həll olunmasını gözləməməliyik. Təcili və təxirəsalınmaz addımlar atmalıyıq. Azərbaycan hökuməti çevik olmalı və bu prosesin öhdəsindən gəlmək iqtidarına sahiblənməlidir.

- Təxminən 10 gün bundan əvvəl Amerika Federal Ehtiyatlar Mərkəzinin uçot dərəcəsini dəyişməz saxlamasına rəğmən manatın ucuzlaşması davam edir. Milli valyutamızın zəifləməsini şərtləndirən amillər hansılardır?

- Amerika FED-i uçot dərəcəsini dəyişməz saxlasa da, manatın məzənnəsinə təsir edən başqa amillər var. Bu proses daha çox neftin qiyməti, idxal-ixrac əməliyyatlarındakı geriləmələrlə əlaqədardır. Bilirsiniz ki, ixracın miqdarı və bu sahədən gələn gəlirlər o qədər yüksək deyil. Doğrudur, kənd təsərrüfatı məhsullarının ixracında müəyyən artımlar müşahidə olunur. Digər valyuta gətirən məhsullların istehsalı isə ixracda öz əksini tapmır. Azərbaycan iqtisadiyyatı hələ də neftdən əldə olunan gəlirlər hesabına idarə olunur. Bütün bu proseslər də manatın məzənnəsinə öz təsirlərini göstərir, təzyiqlərini davam etdirir.

- Rəsmi məzənnə 1.54-ə yaxın olsa da, dollar artıq banklarda 1.60-a satılır. Bu proses nə qədər davam edəcək?

- Zənnimcə, mövcud problemlər aradan qalxmadıqca, manat ucuzlaşmağa davam edəcək. Əslində son günlər Mərkəzi Bankın seçdiyi yolu düzgün hesab edirəm. Yumşaq devalvasiya etməklə manatı real qiymətinə çatdırmaq lazımdır.
Hesab edirəm ki, proses ilin axırına kimi davam edəcək. Mənim subyektiv fikrimdir ki, bu belə də olmalı, manat öz real qiymətini almalıdır. Əks halda, manatı qoruyub saxlamaqla heç nəyə nail ola bilmərik. Çünki manatın məzənnəsinin qorunub saxlanması əlavə xərcdir, hansı ki, onu real sektora yönəldə bilərik. Bu mənada deyə bilərəm ki, indiki reallıqda manatın ucuzlaşması labüddür və qarşısının alınması da mümkün deyil.

Şəymən