“Fədayəyə görə ləhcəmi dəyişib, şəhərli ola bilmərəm”

Telli Borçalı: “Mənim dədəm, nənəm bu ləhcədə danışır. Mən gözümü açandan belə danışmışam”
“Axı Fədayə Laçın kimdi ki, mənim sənətim barədə fikir bildirsin. Sən get öz dərdini çək”


Sənət aləmində növbəti bir qalmaqalın əsası qoyuldu. Müğənni Fədayə Laçın Telli Borçalını tənqid atəşinə tutub. Fədayə Laçın Telli Borçalını danışığına görə suçlayıb. Müğənninin dili ilə desək, Telli Borçalı efirdə kitab dilində danışmalıdı, amma o, ləhcə ilə danışır. Bunu efir üçün böyük qüsur hesab edən müğənni, efirdə "gələjəm” demək düzgün deyil, deyərək "Bunu Telliyə təkcə mən yox, bir çoxları qüsur kimi görüb deyir” bildirdi. Müğənni aşığı ədəbi dildə danışa bilmədiyi üçün qınadı.

Bəs görən, aşıq Tellinin Fədayə Laçına cavabı necədir? Telli Borçalı onun ünvanına səslənən irada cavabını gecikdirmədən "Şərq”də ünvanladı: "Bakıda olmadığım üçün Fədayənin o müsahibəsini izləməmişəm, amma belə bir müsahibəsindən xəbərim oldu. Mən onun özü ilə telefonda danışdım. Bildirdi ki, verilişdə sözlərim montaj olub. Mənə əvvəl başqa sual verdilər. Mən o suala cavab vermişəm. Ancaq mən təkcə Fədayəyə deyil, elə çoxlarına üzümü tutub deyirəm ki, mən bəziləri kimi artistlik etməyi sevmirəm. Mən necə varamsa, kamera qarşısında da, efirdə də, tamaşaçımla ünsiyyətimdə də belə qalmağa üstünlük verirəm. Fədayə yaxşı olar ki, getsin aşıq Hüseyn Saraclıya bir dəfə də olsa, heç olmasa qulaq asıb, o lent yazılarından nə isə öyrənsin. O boyda Xalq artisti, böyük sənətkar Alim Qasımov deyir "sənin qadau alım”. Həqiqətən baxmadım onun açıqlamasına. Amma Fədayəyə dedim sözünü mənə de, görüm nəyə narahatsan? Ustad aşıqlarımızın bir lent yazılarını izləyin, görün onlar necə danışırlar, nə qədər şirin ləhcə ilə dastanlar deyirlər, hərənin bir ləhcəsi var. Mən Fədayəyə görə ləhcəmi dəyişib, şəhərli ola bilmərəm. Mənim dədəm, nənəm bu ləhcədə danışır. Mən gözümü açandan belə danışmışam. İndi Bakıya gəlib, şəhərli olum? Bəziləri dünəni unudub, qaloşda gəzdiyini yadından çıxarırsa, mən bunu bacarmıram. Mən kənd qızıyam. Kənddə qoyun-quzu da otarmışam, həyətdə əlimə bel də alıb işləmişəm. Bu eyibdi? Nə deyim, efirə çıxanda ağzımı əzib-büzüm ki, mən şəhər ləhcəsində danışım? Mənə belə xoşdu. Məni elə belə olduğum üçün sevirlər. Adamdan soruşarlar ki, sənə nə? Sən kimsən axı mənim danışığımı müzakirə edəsən? Folklorşünassan? Dilçisən? Sənin aşıq sənətindən danışmağa heç ixtiyarın da yoxdu. Əgər bu sənətdən anlayışın olsaydı, belə cılız açıqlama verməzdin. Bu mövzu artıq çürüyüb. Sən bu iradı bildirib guya özünü reklam edəndə mən dilimi dəyişməyəcəm ki? Mən yenə deyirəm, bu, aşıq sənətində qəbul olunan bir üslub, bir tərzdi. Aşıq sənətinin elə şirinliyi də bu ləhcələrdə bayatı, şeir söyləməkdi. Əsas odu ki, mən özümü kiməsə oxşatmıram ki? Kiməsə bənzəmək üçün meymunluq edənlər var. Məni onlarla bir tutmasın. Axı, Fədayə Laçın sən kimsən ki, mənim danışığıma, ifama, sənətimə qüsur tutasan. Sənin özün başdan-ayağa qüsursan. Heç olmasa sən sus! Danışma. Məni bu ləhcəmlə, bu tərzimlə qəbul edib seviblər. Mən şəhər ləhcəsində danışa bilmirəm. Başa düşürsüz? Artistlik etməyi bacarmıram. Adam var kameraya işləyə bilir. Mən bunu bacarmıram. Birdəki, aşıq sənətinin ustadlarının görüntülərini izləyib, nəsə öyrənsinlər. Görsünlər aşıqların danışığı, söylədikləri dastanlar, şeirlər hansı şəkildə deyilir. Yenə deyirəm ki, axı Fədayə Laçın kimdi ki, mənim sənətim barədə fikir bildirsin. Sən get öz dərdini çək. Sən get bir əvvəl özünü gör, bax sənin barədə nə deyilir, sənin sənətin, özün barədə nə danışırlar, sonra mənim bostanıma daş at. Mənim bostanıma daş atmağa sənin gücün çatmaz. Səninlə telefonda danışanda dediklərini dandın. Əgər dediyin kimi, çəkinmədən sözünü deyə bilirsənsə, mənə niyə deyə bilmədin ki, demişəm, danmıram. Sən Fədayə mənə dedin ki, elə deməmişəm, montaj olub.

Sən qaloşdan çıxdığın vaxtı nə tez yadından çıxarırsan? Mən danışsam, inan, peşman olarsan, susmalı olarsan. Əvvəl insan özünə baxsın, hərəkətinə, danışığına, sözünə, sonra mənim dərdimi çək. Hər kəs öz işi ilə məşğul olsun. Nə vaxtdan Fədayə Laçın sənətşünas olub, kiminsə ifası, danışığı haqqında fikir söyləyə bilsin. Məni belə qəbul edən edir, etməyən də getsin öz işinə-gücünə. Mənim dərdimi çəkmək Fədayəyə qalmayıb”.

Tahirə